Mixail Zabelin: “Rusiya tərəfi bu məsələnin həllini üç ildir yubadır” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Mixail Zabelin: “Rusiya tərəfi bu məsələnin həllini üç ildir yubadır” - MÜSAHİBƏ

“Azərbaycanın Rus İcması” təşkilatının rəhbəri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun üzvü Mixail Zabelinin Publika.az-a müsahibəsi:

– Hazırda Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

– Son vaxtlar Azərbaycan və Rusiya arasında çox isti münasibətlər yaranıb. Rusiya və Azərbaycan bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi və mədəni sahələrdə özlərini bərabərhüquqlu və xoşməramlı müttəfiqlər kimi göstəriblər. Biz iki qonşu ölkələrik. Şübhəsiz ki, birimiz digərimizin uğurlarına və uğursuzluqlarına şərik oluruq.

Son vaxtlar Rusiya çətin vəziyyətlə üzləşib. ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar irəli sürüb. Təbii ki, bu, Rusiyanın həm texniki potensialına, həm də iqtisadi inkişafına mənfi təsir edir. Azərbaycan da qonşu dövlət kimi bunu çox gözəl başa düşür. Biz Rusiya-Ukrayna probleminə anlayışla yanaşdıq.

Azərbaycan Prezidenti və dövləti də Ukrayna hadisələri ilə bağlı çox düzgün siyasət yürüdür. Bununla yanaşı, biz mövcud vəziyyəti anlayırıq və Rusiya ilə xeyirxah dostluq və qonşuluq, tərəfdaşlıq münasibətlərini qoruyub saxlayırıq.

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya son səfəri və onun ötən gün Rusiya və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasında çıxışı bir daha göstərdi ki, iki ölkə arasında yaxşı münasibətlər uğurla davam edir. Bu komissiyanın iclasında səsləndirilən ticarət dövriyyəsinin həcmi ilə bağlı rəqəmlər gələcək iqtisadi münasibətlər üçün yaxşı zəmin yaradır.

İndi Rusiyanın Azərbaycandan ixrac olunan kənd təsərrüfatı və sair məhsullara ehtiyacı var. Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır. Bizim təkcə kənd təsərrüfatı məhsulları deyil, digər məhsulları da Rusiyaya ixrac etmək imkanlarımız var.

Komissiyanın iclasında həmçinin, çoxdan bəri gündəlikdə dayanan bir sıra məsələlər müzakirə olunub. Amma məni narahat edən əsas məsələ bizim Rusiyadakı diasporumuzun vəziyyəti ilə bağlı idi. Artıq biz neçənci dəfədir ki, əmək miqrasiyası ilə bağlı razılaşma sənədinin imzalanması məsələsini qaldırırıq. Amma təəssüf ki, Rusiya tərəfi bu məsələni yubadır. Onlar belə əsas gətirir ki, guya bu məsələnin müzakirəsi gedir və sairə. Amma artıq 3 ildir ki, bu razılaşma müzakirə olunur.

Komissiyanın mənim də iştirak etdiyim son iclasında bu məsələ çox sərt şəkildə qaldırılıb. Çünki bu məsələ ilə bağlı ən çox əziyyət çəkən adamlar Rusiyada çalışan azərbaycanlılardır. Əslində, bu adamlar Azərbaycandan Rusiyaya işləməyə gedirlər və orada dövlətə xeyr verirlər. Amma indi bu adamlar çətin vəziyyətlə üzləşiblər. Düşünürəm ki, əmək miqrantları ilə bağlı məsələ tezliklə həll olunmalıdır. Amma çox təəssüf ki, bu sənəd gələn ilədək təxirə salınıb.

Son iclas həm də onu göstərdi ki, Rusiya və Azərbaycan əməkdaşlığı hər iki tərəf üçün çox sərfəlidir. İndiyədək Azərbaycan özünü Rusiya üçün etibarlı tərəfdaş kimi göstərə bilib. Tam əminəm ki, gələcəkdə də normal münasibətlər davam edəcək. Bütün bunlar iki ölkə arasında mövcud olan münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu, hər iki xalq üçün də vacibdir. Ona görə də mən Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya səfərini, onun iştirakı ilə keçirilən Rusiya və Azərbaycan Hökümətlərarası Komissiyanın iclasını yüksək qiymətləndirirəm.

Həmin iclasda Azərbaycan tərəfindən çıxış edən baş nazirin birinci müavini Yaqub Eyyubov da bir daha Azərbaycanın mövqeyini bəyan edib və bildirib ki, Rusiya-Azərbaycan dostluğu etibarlıdır.

– Bəzi siyasi ekspertlər Ukrayna hadisələrinin Azərbaycanda da təkrarlana biləcəyi barədə proqnozlar verirlər. Necə düşünürsünüz, Rusiyadan Azərbaycana hər hansı təhlükə ola bilərmi?

– Siz ağıllı adamsınız və siyasəti gözəl bilirsiniz. Mətbuatda bəzi adamların bu barədə verdiyi açıqlamaların heç bir əsası yoxdur. Bizim çox xoş münasibətlərimiz var. Hər iki ölkənin başçıları ayıq düşünən yaxşı siyasətçilərdir. Hesab edirəm ki, iki ölkə prezidentləri Vladimir Putin ilə İlham Əliyev həm də dostdurlar.

Şübhəsiz ki, Ukrayna da Rusiya üçün yaxın qonşudur. Biz onlar üçün də çox narahatıq. Müharibəni nümayiş etdirən videokadrlara isə soyuqqanlı baxa bilmirik. Mən hər zaman bunu deyirəm ki, əgər Ukraynada Heydər Əliyev kimi dahi lider olsaydı, vətəndaş qarşıdurması yaranmazdı. Çünki 90-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycanı ərazi parçalanmasından xilas etdi, Gəncəyə səfər edərək ölkədə vətəndaş müharibəsinin qarşısını aldı.

Onun davamçısı olan prezident İlham Əliyev də bu gün çox uğurlu xarici və daxili siyasət yürüdür. Artıq Azərbaycan özünü heç bir siyasi bloka daxil olmayan, suverenliyini qoruyub saxlayan etibarlı tərəfdaş dövlət kimi sübut edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm