Qurban Qurbanova qarşı cinayət işi açıldı – Şok Detallar – Özəl
Bizi izləyin

Nida.az

Qurban Qurbanova qarşı cinayət işi açıldı – Şok Detallar – Özəl

Dərbənd Rayon İcra Hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı sentyabrın 16-da cinayət işi qaldırılıb.

Publika.az-a Dağıstandakı mənbələrdən daxil olan məlumata görə, respublika prokurorluğu tərəfindən qaldırılan cinayət işi vəzifə səlahiyyətlərini aşmaqla bağlıdır.

İddia olunur ki, Q. Qurbanov 2009-2013-cü illər ərzində dövlətin balansında olan 58 hektar torpaq sahəsini qeyri-qanuni olaraq vətəndaşlara icarəyə verib.

Hazırda istintaq davam edir, lakin Q. Qurbanov vəzifə səlahiyyətini davam etdirir.


Qeyd edək ki, Q. Qurbanova qarşı cinayətin qaldırılacağı gözlənilən idi.


Belə ki, bu ilin iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov dövlət televiziyası ilə çıxış edərək Qurban Qurbanovu istefaya çağırıb. Buna etiraz olaraq 1000-ə yaxın azərbaycanlı icra hakimiyyəti binasının qarşısına toplaşaraq etiraz aksiyası keçirib. Q. Qurbanov “mənə 47 min insan səs verib, mənim istefa vermək fikrim yoxdur” açıqlaması ilə çıxış edib.


Ardınca avqustun 8-də Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maskalı əməkdaşları Dərbənd Rayon İcra Hakimiyyətinin binasına basqın edib. Əməliyyat zamanı son 7 ilin bütün sənədləri müsadirə edilib.


Avqustun 11-də isə Dağıstan Hesablama Palatası icra hakimiyyətinə gələrək Qurban Qurbanovun fəaliyyətini araşdırmağa başlayıb.


Qurbanovlara qarşı kampaniyada məqsəd nədir?


Q. Qurbanov isə bununla bağlı keçirdiyi mətbuat konfransında ona qarşı təzyiqlərin olduğunu deyərək keçirilən əməliyyatları qanunsuz adlandırır.
“Dağıstan rəhbərliyi mənə qarşı mütəmadi şəkildə təzyiqlər edir. Məcbur edirlər ki, istefa ərizəmi yazım. Mənə qarşı təzyiqlərin olması ilə qardaşımın vəzifədən çıxarılması arasında uyğunluq var”,- deyə Dərbəndin azərbaycanlı rəhbəri bildirib.


Məlumat üçün bildirək ki, Q. Qurbanovun qardaşı Maqomed Qurbanov Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri olub. Ötən il Dağıstan rəhbəri Ramazan Abdulatipov tərəfindən vəzifəsindən çıxarılıb. Yayılan məlumatlara görə, Qurbanovlar ailəsinə qarşı təzyiqlər Dağıstanın avar klanı tərəfindən həyata keçirilir. Əsas səbəb kimi isə onların rəsmi Bakı ilə yaxın münasibətlərə malik olmasıdır.

M. Qurbanovdan sonra Dağıstan nümayəndəliyində rəhbər postu bir ilə yaxın boş qalıb. Yalnız ötən ay Abdulatipovun sərəncamı ilə kumık əsilli Marat İsgəndərov nümayəndəliyə rəhbər təyin edilib.

Qurbanovun istefa verməkdən imtina etməsindən sonra avqustun 16-sı
Dərbənd rayonunun Birici qəsəbəsində ona qarşı aksiya təşkil olunub. Aksiyada Qurbanovun istefası tələb olunub. Onu qanunsuz əməllər törətməkdə ittiham ediblər.


Putinin xüsusi nümayəndəsi nə istəyir?


Məlumatlara görə, Qurbanovun istefa tələbi Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi, milliyətcə ləzgi olan general-leytenant Sergey Melikov tərəfindən irəli sürülüb. Ona qarşı kampaniyanı Dərbənd şəhər icra hakimiyyətinin başçısı İmam Yaraliyev və keçmiş kəşfiyyatçı kimi tanınan Mübariz Musralov aparır.

Mənbə bildirir ki, Qurbanovun qarşısına tələb qoyulub ki, keçmiş ədliyyə naziri milliyətcə tabarasanlı olan Azadi Rəhimovu özünə müavin təyin etsin. Ardınca özü istefa versin və onun vəzifəsini Rəhimov icra etsin.
“Bu vəzifə seçkili olduğu üçün prezident tərəfindən sərəncamla çıxarmaq mümkün deyil. Növbəti seçkilərsə 2015-ci ildədir”, - deyə mənbə qeyd edib.

Prosesdə erməni izi


Əldə etdiyimiz daha bir məlumata görə, Qurbanova qarşı aparılan kampaniyanın arxasında erməni əli də var.

Belə ki, Dərbənd şəhər icra hakimiyyəti başçısının icra aparatının rəhbəri, erməni əsilli Avanesov Aleksandr Ambarçumoviç Qurbanovlar ailəsinə qarşı təxribatlar törədir, onlar haqda gözdənsalma məlumatlar yayır.
Şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyevin bütün işləri A. Avanesovla razılaşdırlmış formada apardığı deyilir. Buna səbəbsə, onun Moskvada güclü arxasının olması, həm də İrəvanla sıx təmaslara malik olmasıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm