“Şimal-Cənub” nəqliyyatı təhlükədə: Azərbaycanı qorumaq lazımdır
Bizi izləyin

Nida.az

“Şimal-Cənub” nəqliyyatı təhlükədə: Azərbaycanı qorumaq lazımdır

Yaxın gələcəkdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin açılışı gözlənilir. Bir tərəfdən, İran-Türkmənistan-Qazaxıstan arasında bağlantı yaradacaq dəhliz, digər tərəfdən, İran-Azərbaycan-Rusiya dəhlizini də yaradacaq.


Publika.az xəbər verir ki, İranın “İras” nəşrinin yazdığına görə, bu nəqliyyat dəhlizinin reallaşması region üzrə bütün ölkələr üçün önəmlidir. Lakin nəşr hazırda Azərbaycanın xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, Qərblə Rusiyanın Cənubi Qafqaz üzərindəki mübarizəsinə diqqət çəkir.


Hansı ki, Ukraynadan sonra potensial münaqişə ocağı ola biləcək bu region hər iki tərəf üçün əhəmiyyətlidir. Rusiya Kiyevi itirdikdən sonra Qərbin sərhədlərinə daha da yaxınlaşmaması üçün bütün vasitələrdən istifadə edəcək. Regionun əsas ürəyi olan Azərbaycanın balans siyasəti hələ ki vəziyyəti stabil saxlayır. Lakin bu, həmişə davam edə biləcəkmi? Aqressiv geopolitika hər gün bir daha artır. Beləliklə, növbəti münaqişələrin tarixi yaxındadır. Belə olacağı təqdirdə uzun müddət üzərində iş aparılan nəqliyyat dəhlizinin Azərbaycan variantı təhlükəyə düşür.


Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb.


Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətləri beynəlxalq bazarına girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir.


Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil yolları, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistan istisna təşkil edir, onun yalnız dəniz marşrutları ilə iştirakı nəzərdə tutulur.


Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixində qüvvəyə minib. Həmin tarixdə Sankt-Peterburq şəhərində keçirilən Razılaşmaya üzv-ölkələrin nəqliyyat nazirlərinin görüşündə Koordinasiya Şurasının yaradılması barədə Protokol imzalanıbdır. Bu dəhlizin Katibliyi Tehran şəhərində yerləşir.


“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bir çox ölkələrin marağına səbəb oldu. 2001-ci il 21 dekabr tarixində Azərbaycan həmin Razılaşmaya qoşulması üçün vermiş rəsmi notaya 2005-ci ildə müsbət cavab alıbdır.


Bu layihədə Rusiya Federasiyasının Voronej şəhəri ilə İran İslam Respublikasının Tehran şəhəri və daha sonra Bəndər-Abbas limanı arasında dəmir yolu əlaqəsinin iki variantı təklif olunur:

1. Xəzər dənizinin qərb sahili və daha sonra Azərbaycan ərazisi üzərindən;

2. Rusiya Federasiyası ərazisi ilə dəmir yolu, Rusiyanın Xəzər limanları, xüsusən Həştərxan yaxınlığında inşa edilən Olya limanından İranın Bəndər-Ənzəli və hazırda genişləndirilən Əmirabad, Nouşəhər, Bəndər-Abbas limanlarına, oradan isə marşrut üzrə.


“Şimal-Cənub” dəhlizi ilə daşımaların Azərbaycan ərazisindən keçməsi variantına digər alternativ marşrut mövcuddur: Mərkəzi Asiya ölkələrindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan) keçməklə Türkmənistanın Seraxs şəhərinə, daha sonra İran ərazisi və sonra marşrut üzrə.


Dəhlizə aid edilən bu marşrutlarda daşımaların həcmi son nəticədə ən sərfəli texniki, istismar, tarif və digər şərtlərdən asılı olacaqdır.

İstənilən halda, “Şimal-Cənub” dəhlizinin Azərbaycan ərazisindən keçməsi variantı daha cəlbedici görünür. Burada məsafənin qısalığı, daşımalara daha az vaxt sərf olunması, mövcud nəqliyyat infrastrukturu və bir tranzit ölkə faktoru əsas rol oynayır.

Dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 km-dir. Bakı-Yalama sahəsində dəmir yolu ikixətlidir, elektrikləşdirilib və avtomatik rabitə və işarəvermə sistemi ilə tam təchiz olunubdur.


Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi birinci üç il ərzində 2 milyon tona qədər, ikinci mərhələdə 5-6 milyon ton, üçüncü mərhələdə isə, yəni birbaşa dəmir yolu əlaqəsi yaradıldıqdan sonra 15 milyon tona qədər artacağı gözlənilir ki, bunun da tam həcmdə təmin olunması və təhlükəsizlik normalarının qorunması üçün bir sıra texniki tədbirlərin görülməsi zəruridir. Bu istiqamətdə 2001-ci ildən başlayaraq, müəyyən işlər görülüb və hazırda da davam etdirilir.


Lakin bölgədə yaranmış geosiyasi vəziyyət ürəkaçan görünmür. Ekspertlər yaranmış vəziyyətdən çıxış yolu kimi dəhlizin tezliklə istifadəyə verilməsini görürlər. Lakin iqtisadi amillərə görə, bu o qədər də asan görünmür.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm