Prezidentin adından Davudoğlunun şərəfinə nahar verilib (YENİLƏNİB - 2)
Bizi izləyin

Nida.az

Prezidentin adından Davudoğlunun şərəfinə nahar verilib (YENİLƏNİB - 2)

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun şərəfinə nahar verilib.

12:57

"Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və bu gün müstəqil dövlət kimi öz gələcəyimizi birgə qururuq. Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir. Bu ayın əvvəlində hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə idi. İndi hörmətli Baş nazir rəsmi səfərdədir. Mən də seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə etmişəm. Bu, əslində əlaqərimizin səviyyəsini əyani şəkildə göstərir". Trend-in "TRT-Haber"ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuata bəyanatlarla çıxışında deyib.


Azərbaycan Prezidenti qeyd edib ki, Türkiyə və Azərbaycan bu gün eyni zamanda, iqtisadi sahədə uğurla əməkdaşlıq edir, iki ölkə qarşılıqlı sərmayə qoymaqla həm öz maraqlarını təmin edir, eyni zamanda, bir-birini daha da gücləndirir: "Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin həcmi haradasa 20 milyard dollara yaxındır. Eyni zamanda, Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz çox böyük məmnuniyyət hissi ilə Türkiyənin "Şahdəniz"dəki və TANAP-dakı payının artırılmasını qəbul edirik. Çünki burada artıq türk şirkətləri daha da artıq paya malik olacaqlar. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. İki il bundan əvvəl bu layihəyə start verildi və bu gün artıq bu proje reallaşır".


İlham Əliyev bildirib ki, enerji sahəsində əlaqələrimiz nəinki iki ölkə üçün, bölgə, dünya üçün də böyük önəm daşıyır: "Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək. Sabah "Cənub Qaz Dəhlizi"nin tikintisi başlayır. 20 sentyabr bizim üçün tarixi gündür, çünki 20 il bundan öncə məhz sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmışdı. 20 ildən sonra biz artıq XXI əsrin layihəsinə start veririk. Əlbəttə, bu layihənin uğurla həyata keçirilməsində Türkiyə-Azərbaycan tərəfinin rolu xüsusi əhəmiyyət daşıyır".


Dövlət başçısı qeyd edib ki, enerji sahəsində digər layihələr də icra edilir: "Əminəm ki, Trans Anadolu, Trans Adriatik və "Şahdəniz-2" layihələrinin uğurla icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni bir şərait yaranacaq. Bu layihələr həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək və burada iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcək".

12:52

"Şübhəsiz ki, bu gün biz hörmətli Baş nazir Əhməd Davudoğlu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən hörmətli Baş naziri son vəziyyətlə tanış etdim. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktivliyinə görə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır". Trend-in "TRT-Haber"ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuata bəyanatlarla çıxışında deyib.


Dövlət başçısı bildirib ki, bu münaqişənin postsovet məkanında digər münaqişələrdən fərqi ondadır ki, burada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur. Bu qurum 4 qətnamə qəbul etmişdir. Ermənistan tərəfi sadəcə olaraq ona məhəl qoymur və onları icra etmir. 20 faiz torpaqlarımız işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Əfsuslar ki, vasitəçilərin fəaliyyəti heç bir nəticə gətirmir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına pozulur".


İlham Əliyev qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri vardır: "Bu qərar və qətnamələr əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişə öz həllini tapmalıdır və əminəm ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm