“Köhnə Qitənin” “binoklu”: Bakıya tuşlanmış “qətnamə silahı”nın məqsədi nədir?
Bizi izləyin

Nida.az

“Köhnə Qitənin” “binoklu”: Bakıya tuşlanmış “qətnamə silahı”nın məqsədi nədir?

Avropa Parlamentinin Azərbaycanla bağlı sentyabrın 18-də müzakirələri bəlli oldu. Hansı ki, bu müzakirələrin anonsu Avropa İttifaqının rəsmi saytında veriləndə Bakıda bundan heç kimin, nə AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin, nə də Avropa Birliyi ilə əməkdaşlıq komissiyasının xəbəri var idi.


Milli Məclisdə Avropa Parlamenti ilə İşçi Qrupunun üzvü Asim Mollazadə bildirdi ki, onlarda elə bir məlumat yoxdur.

Azərbaycan XİN də eyni sözləri açıqladı. AVRONEST PA-da nümayəndə heyətimizin üzvü Fuad Muradov da qeyd etdi ki, onlara məlumat verilməyib.

“AP-nin hansısa ölkə ilə bağlı adətən hesabatı olmur: Hesabat olaraq orda təmsil olunan hansısa siyasi qrup yaya bilər. Bu da həmin siyasi qrupun mövqeyidir. Bizə sentyabrın 18-də keçiriləcək müzakirələrlə bağlı hər-hansı dəvət gəlməyib. Bilirik ki, oktyabrda “Avronest”in büro iclası olacaq. Amma belə bir tədbir haqda məlumatımız yoxdur”, - deyə o bildirmişdi.


Müəmma dolu müzakirə anonsu bəlli oldu, bundan başqa nəsə gözləmək də bir qədər sadəlövhlük olardı. Çünki söhbət Qərb institutundan gedirsə, deməli, burda mütləq Bakıya ağıl vermək cəhdləri olacaqdı.

Konkret olaraq, Avropa Parlamentinə gəldikdə bu qurumun Azərbaycana qarşı tutduğu mövqe bəllidir. Misal üçün, 2011-ci il mayın 12-də, bundan iki il sonra, 2013-cü il iyunun 15-də Avropa Parlamentində 754 üzvdən cəmi 40-50 deputatın iştirakı ilə tələm-tələsik Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılaraq təsdiq edildi. Üzərindən bir il də keçdi və 18 sentyabrda “Azərbaycan seriyasından” daha bir qətnamə gəldi.

Bu, artıq təsdiq olunmuş faktdır ki, Avropa institutlarında erməni lobbisinin təsiri güclüdür və dəfələrlə məhz bu kontekstdə Azərbaycanla bağlı qərəzli hesabatlar, qətnamələr irəli sürülür. Bu, artıq rəsmi Bakının və Azərbaycan cəmiyyətinin vərdiş etdiyi bir haldır.

Burda digər və heç də əhəmiyyətsiz olmayan daha bir məqam da var ki, müstəqil siyasi kursu davam etdirən rəsmi Bakını yolundan döndərməyə istiqamətlənib. Lakin əvvəlcə sentyabrın 18-də qəbul edilmiş qətnamənin “antologiyasına” nəzər salaq.

Qətnamə yenə də avroparlamentarilərin tam əksəriyyətinin iştirak etmədiyi iclasda qəbul olunub. Bu tanış məqamdır.

AP Azərbaycana demokratiya, insan haqları, söz azadlığı dərsi keçir. Son həbsləri vətəndaş cəmiyyətinə qarşı hücum hesab edir, Leyla və Arif Yunusların, İntiqam Əliyevin, eləcə də digərlərinin adını çəkir, həmçinin “Beynəlxalq Olimpiya Komitəsi və komitəyə üzv ölkələr bunları nəzərə almalıdır” deməklə Bakıya 2015-ci ildə Azərbaycanda keçiriləcək I Yay Olimpiya oyunlarının ləğv edilməsi şəkilində dolayısı ilə təhdid göndərir.

Əslində, qətnamədə qeyd olunan hər bir bənd haqqında geniş şərh verib, ölkədəki əsl vəziyyəti göstərmək olar. Amma rəsmi Bakının elan etdiyi kimi, bütün görülən işlər kiminsə görməsi üçün yox, Azərbaycan vətəndaşının daha yaxşı yaşaması üçün həyata keçirilir. Ona görə də Azərbaycan vətəndaşının hüquqlarını heç yuxuda da düşünməyən, bir milyon qaçqın və köçkünü nəzərə almayan, təkcə öz maraqlarına işləyən kimlərinsə cinayət xarakterli əməllərinə görə həbsini siyasiləşdirən belə avroparlamentarilərə nəyisə deməyin də mənası yoxdur.
Sadəcə burda diqqət çəkən məqam Azərbaycanı insan haqlarına görə tənqid edən bu qurumun öz pəncərəsindən bayırı görə bilməməsidir. Belə ki, Avropa İttifaqı ölkələrində vətəndaşların toplaşmaq, öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ həm qanunvericilik, həm də praktiki cəhətdən məhdudlaşdırılır, bunu biz yox, həmin ölkələrin KİV-ində yayılan xəbərlər deyir. Misal üçün, 2011-ci ildə Britaniyada iğtişaşlar polis zoru ilə dağıdıldı, ABŞ-da “Uol striti zəbt et” kampaniyası susduruldu, “Ferqyuson” hadisələri batırıldı, Almaniyada mitinqlər də eyni taleyi yaşadı. “Köhnə Qitədən” Azərbaycana doğru “binokl” tuşlayan avropalı centlmenlər nə üçün toplaşıb antiazərbaycan qətnaməsini qəbul etdikləri binanın pəncərələrindən bayıra baxmırlar? Bu da cavabsız sual olaraq qalır.

Təbii ki, onlar bunu cavabsız qoysalar da, bu “görməməzlik” səbəbsiz deyil.

Birincisi, qeyri-obyektivlik və qərəz əsasdırsa, ikincisi siyasi təzyiq elementləri ortaya çıxır. Hansı ki, Azərbaycana qarşı təzyiq alətləri Qərbin əlindən heç düşmək bilmir. İndiki məqamda, azərbaycanlı həmkarlarına heç bir xəbər vermədən, müəmmalı şəkildə toplaşıb antiazərbaycan qətnaməsini çıxaran Avropa Parlamentinin bu addımının arxasında qərəzlə yanaşı, təbii olaraq siyasi məqsəd də dayanır.

Cənubi Qafqaz regionu uğrunda gedən mübarizədə qalib gəlmək üçün Bakının dəstəyi şəksizdir. Xüsusilə, Ukrayna böhranı fonunda bu mübarizə kifayət qədər sərt hal alıb. Bu kontekstdə Azərbaycanın müstəqil siyasətini yönləndirmək, həmçinin, bu siyasətin əsaslandığı iqtisadi inkişafı dayandırmaq istiqamətində təzyiqlər davam edir.

Bunun üçünsə Azərbaycanı öz içindən, “5-ci kolon” olaraq istifadə etdikləri qüvvələrin əli ilə vurmaq istəyirlər. hazırlanan bu qətnamədəki “detallar” də həmin “kolon” tərəfindən ötürülən informasiyalardır. Heç kimə sirr deyil ki, bu qüvvələr, AXCP, Milli Şura və onlara yaxın media, QHT-lərdir. Sözügedən qətnamənin ilk olaraq AXCP-yə yaxın media qurumlarında yayımlanması da bunu təsdiq edir.

Avropa Parlamenti Ermənistanı işğalcı siyasətinə son qoymaq tələbi ilə çıxış etmək əvəzinə, “xalq diplomatiyası” adı altında düşmənlə sıx əməkdaşlıq edən Leyla Yunus və Arif Yunus kimi ünsürlərin azad olunmasını, onların cinayətkar fəaliyyətinə maneçilik törədilməməsini “tələb edir” və bu tipli fəaliyyəti dəstəkləyir.

Əks təqdirdə, AP deputatları həqiqətən də ümumbəşəri insani və demokratiya təəssübünü çəksəydilər, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi və adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və s. bu kimi faktları da məlum qətnaməyə daxil
edərdilər, Ermənistana təzyiq göstərməyə çalışardılar.

“Bu cür qərəzli mövqelər Azərbaycan üçün heç nəyi dəyişdirmir”


AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Fuad Muradov Publika.az-a açıqlamasında bildirib ki, AP Azərbaycana qarşı bundan əvvəl də belə qərəzli mövqe nümayiş etdirib: “Orda hansısa şəxsi maraqları olan siyasi qruplar var ki, onların da əksəriyyəti erməni lobbisinə bağlıdır. Məhz onların sifarişi ilə mütəmadi olaraq antiazərbaycan qətnamələr meydana çıxır. Lakin dünya bilir ki, Azərbaycan 20 il öncəki Azərbaycan deyil, hər şey yüksək səviyyədə inkişaf edib. Ölkəmiz artıq bir çox ölkələrə nümunə göstərilən səviyyədədir. Belə olduğu halda, bu cür qətnamələr qərəzdən başqa heç nəyi ifadə etmir və bunu Avropada da anlayırlar. Ona görə də bu cür qərəzli, qeyri-obyektiv mövqelər Azərbaycan üçün heç nəyi dəyişdirmir”.

“İstəyirlər, Azərbaycan buyruq qulu olsun”


Yeni Azərbaycan partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müstəqil daxili-xarici siyasət yeritməsi bəzi xarici dairələri, konkret olaraq Avropa Parlamentinin bəzi üzvlərini çox ciddi şəkildə narahat edir.
Onun sözlərinə görə, Azərbaycanın inkişafı bir çox dairələrin, qüvvələrin maraqlarına uyğun gəlmir: “Onların arzusuna görə, Azərbaycanın öz iqtisadiyyatı, öz siyasəti olmamalıdır. Azərbaycan buyruq qulu olmalıdır. Amma bu belə deyil. Məhz buna görə müxtəlif adlar altında bizə qarşı təzyiqlər, piar kampaniyaları aparılır. AP-nin qətnaməsi də bu ssenarinin bir parçasıdır. Maraqlıdır ki, Azərbaycanın əleyhinə olan avroparlamentarilər nədənsə, Ermənistan xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda suçlu bilinərək həbs olunan Leyla Yunusun, Rauf Mirqədirovun və digərlərinin əməllərinə göz yumurlar. Onların əsl məqsədi əslində bu şəxslərin müdafiəsinə qalxmaqdır. Bu, bizdə çox böyük təəssüf doğurur”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm