Fəzail Ağamalı: “Dövlətin əlinə baxmaqdan qürur duyuram”
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Dövlətin əlinə baxmaqdan qürur duyuram”

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlunun müxalifət partiyalarını “ələbaxan müxalifət” adlandırması barədə “Azadlıq” qəzetində yazdığı məqaləyə cavab verib.

Deputat F.Ağamalı Publika.az-a açıqlamasında bildirib ki, Kamil Vəli özünü hər zaman mərhum Əbülfəz Elçibəyə sədaqəti, rəğbəti və hörməti ilə fərqlənən insanlardan biri olub:

“Özünün də dediyi kimi, Kamil Vəli hər zaman Əbülfəz Elçibəyə müsbət münasibətini gizlətməyib. Bu da təqdir olunmalıdır. Mən yaxşı xatırlayıram, Kamil Vəli ilə Əbülfəz Elçibəy arasında möhkəm dostluq var idi. Əgər bu dostluğun mahiyyətindən doğan münasibətlər bu gün də varsa, o zaman Kamil Vəli Əbülfəz Elçibəyin xəstə olduğu və rəhmətə getdiyi anları xatırlasın, həmin dövrdə Əli Kərimlinin Əbülfəz Elçibəyə etdiyi xəyanəti göz önünə gətirsin. O zaman Kamil Vəli biləcək ki, Əli Kərimli Azərbaycan dövlətinin taleyüklü məsələlərinin həllinə söykənən əqidəyə necə xilaf çıxıb və vaxtilə tələbə ola-ola onu yetişdirib siyasətə gətirən və hakimiyyətdə yüksək vəzifələrə qaldıran Əbülfəz Elçibəyə hansı anti-insani münasibət bəsləyib”.

F.Ağamalı qeyd edib ki, Kamil Vəlinin müdafiə etdiyi həmin Xalq Cəbhəsi Partiyası Azərbaycan dövlətinin və xalqının milli maraqlarına xidmət edən siyasi partiya deyil:

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yalnız özlərinin, xüsusilə də rəhbərliyin maraqlarını təmin etmək üçün ermənilərlə belə əməkdaşlığa getməyə hazırdır. Bunu onların fəaliyyətini izləməklə hər kəs görə bilər və görür də.

"Bu gün Azərbaycanda dövlət və milli maraqlara xidmət edən siyasi partiyalar var. Mən də müxalifət partiyası sədri olaraq fəxr edirəm və qürur duyuram ki, Azərbaycan dövlətinin əlinə baxıram. Bu dövlətə xidmət etməkdən şərəf və qürur duyuram. Ancaq AXCP Azərbaycan dövlətinə deyil, öz maraqları naminə Azərbaycana düşmən olan qüvvələrə xidmət etməkdə davam edir. Əgər Kamil Vəli AXCP-nin bu xidmətini əsl müxalifət mövqeyi kimi qiymətləndirirsə və bu nəticəyə gəlirsə, o zaman məntiqi baxımdan o da AXCP-nin və Əli Kərimlinin yanındadır. Yəni, mahiyyət etibarı ilə Kamil Vəli də Azərbaycan dövlətinə deyil, kənar qüvvələrə xidmət etməyi üstü tutur. Bu məntiqdir. Ancaq mən arzu etməzdim ki, vaxtilə Azərbaycanın milli mənafeyi uğrunda mübarizə aparmış Kamil Vəli kimi bir şəxs, alim özünü Əli Kərimli ilə eyni sıraya qoysun. Bu, Kamil Vəlinin keçmişinə kölgə salır, gələcəyini isə böyük şübhələr altına qoyur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm