Putinin ideoloqundan Sərkisyana HƏDƏ: “Bir dövlət kimi mövcud olmaya bilərsiniz”
Bizi izləyin

Nida.az

Putinin ideoloqundan Sərkisyana HƏDƏ: “Bir dövlət kimi mövcud olmaya bilərsiniz”

“Avrasiya İttifaqı haqqındakı situasiya aydın deyil. Bütün Avrasiya ərazisinin birləşməsi zəruridir, lakin Rusiya bu halda separatizm prinsipi üzrə hərəkət edir. Qazaxıstan, Belarus, Ermənistanda heç də hamı Avrasiya İttifaqına inteqrasiyanın tərəfdarı deyil”.

Modern.az saytının məlumatına görə bu sözləri 1in.am saytına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin şovinist və imperiyapərəst ideoloqu, politoloq Aleksandr Dugin deyib. Ekspert Kremlin “yeni SSRİ” layihəsi hesab olunan Avrasiya İttifaqına postsovet məkanındakı ölkələrin cəlb olunması prosesinin perspektivini şərh edərkən bildirib ki, bu təşkilata qoşulan ölkələrin cəmiyyətlərində belə millətçi əhval-ruhiyyə hökm sürür.

Onun sözlərinə görə Belarus, Qazaxıstan, Ermənistandakı millətçiliyi Rusiya Avrasiya layihələri üçün təhdid kimi dəyərləndirir.

Kremlin siyasi texnoloqu Rusiyanın postsovet ölkələrində vətəndaş cəmiyyətləri ilə işləməməsini də Avrasiya İttifaqının reallaşmasında maneə kimi dəyərləndirib.

“Postsovet məkanında Qərb dairələri Avrasiyaya inteqrasiyaya mane olmaq üçün bütün imkanlarından istifadə edir. Bu, çox ciddi mübarizə olduğuna görə qələbə haqqında birmənalı danışmaq çətindir. Qərb vətəndaş cəmiyyətləri ilə işləyir, bizdə isə bu tendensiya yoxdur. Məsələn, Rusiyanın Ermənistanla yaxınlaşması üçün belə format yoxdur. Bu, bizim inteqrasiyamızın strateji səhvidir. Avrasiya İttifaqı ilə bağlı proseslərə ziyalılar klubu qoşulmalıdır”.

Aleksandr Dugin hesab edir ki, Avrasiyaya inteqrasiya ilə bağlı vahid şəbəkənin mövcud olmaması təhlükəlidir və əhəmiyyətli proseslərin qarşısını alır.

Kreml mütəxəssisi Ermənistanın Avrasiya İttifaqına girişi perspektivinə də aydınlıq gətirib. Dugin Ermənistanın bu layihədə iştirakının vacibliyini vurğulayıb. O qeyd edib ki, əks təqdirdə Ermənistan ümumiyyətlə mövcud olmaz. “Ermənistan Avrasiya sivilizasiyana aiddir.

Ermənistanın yeri Avrasiyadır, ona başqa yerdə sadəcə olaraq yer yoxdur. Ermənistan ya Avrasiya İttifaqında olacaq, ya da ümumiyyətlə olmayacaq”,-deyə A. Dugin Ermənistanı hədələyib.

Qeyd edək ki, bu ilin may ayının 29-da Astanada Rusiya, Belarus, Qazaxıstan prezidentləri Avrasiya İqtisadi Birliyinin təsis edilməsi ilə bağlı sənəd imzalayıblar. Ermənistanın isə quruma üzvlüyünün oktaybrda reallaşması gözlənilir.

Avrasiya Birliyinin 2015-ci ilin ilk aylarından fəaliyyətə başlaması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm