• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yəhudi əsilli deputatdan Mənsur Həqiqətpura CAVAB

  • Nida.az
  • 22 Sentyabr 2014 12:54
  • 469 Baxış
Yəhudi əsilli deputatdan Mənsur Həqiqətpura CAVAB

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, yəhudi əsilli millət vəkili Yevda Abramov İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpurun növbəti dəfə Azərbaycanı hədələməsinə cavab verib.

Deputat Y.Abramov Publika.az-a açıqlamasında deyib ki, İran parlamentində Azərbaycana qarşı tədbirlər paketinin hazırlanması inandırıcı deyil:

“Çünki İran parlamentində elə qüvvələr var ki, onlar buna qarşı olacaq. Mən buna inanmıram. Bilirsiniz, həmin təyyarənin guya Azərbaycan ərazisindən qalxması iddiası sübut olunmalıdır. İndi əksər dövlətlərin süni peykləri var və bununla həmin məsələləri müəyyən etmək mümkündür. İsrail və Azərbaycan dövlətlərinin də belə imkanları var. Ona görə də bu cür ucuz manevrlər ölkələr arasında olan münasibətləri korlamaq məqsədi daşıyır. Belə xəbərlər adətən dövlət başçılarının planlaşdırılan görüşləri ərəfəsində buna təsir etmək üçün də ortaya atılır. Amma mən qəti inanmıram ki, Azərbaycan öz ərazisindən buna imkan versin. Bu, təxribat xarakterli məlumatlardır. Ümumiyyətlə, Azərbaycan dövləti buna əsla imkan verməz. İran böyük qonşu dövlətdir. Digər tərəfdən isə Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, indiyədək Azərbaycan İsraildə nə üçün səfirlik açmayıb. Biz istəmərik ki, Dağlıq Qarabağ problemi həll edilmədən qonşu dövləti qıcıqlandıra bilən bu cür addım atılsın. Azərbaycanın xarici siyasəti qonşu ölkələrlə bərabər səviyyədə münasibətlərin qorunub saxlanılmasına xidmət edir. Ona görə də indi İran parlamentində Azərbaycanla bağlı hansı qərar hazırlanır və sairə, bu dövlətin işidir. Əgər İran tərəfi bunu edəcəksə, o zaman Azərbaycan hökumətindən adekvat cavabını alacaq. Bu yaxınlarda İsrailin müdafiə nazirinin də Azərbaycana səfəri heç bir təəccüb doğurmamalıdır. Çünki o Azərbaycana sərgiyə gəlmişdi. Onunla bərabər digər dövlətlərin də müdafiə nazirləri Bakıya səfər etmişdi. İndi burada İran nə üçün qıcıqlanmalıdır? İran mənim Azərbaycan parlamentində yer almağımdan da qıcıqlanır. Hətta, İranın “Səhər” televiziyası mənim haqqımda xoşagəlməyən fikirlər də yayımlayıb. Ancaq mən bunlara qəti fikir vermirəm. Azərbaycan dövlətçiliyinə və prezidentinə olan sevgimi min İrana dəyişmərəm. İran mənimlə bağlı nə istəyirsə, desin. Mən onları bir qulağımdan alıb, o biri qulağımdan da buraxıram”.

Xatırladaq ki, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur növbəti dəfə Azərbaycanı hədələyib.

“Modern.az”ın məlumatına görə, Həqiqətpur İran səmasında vurulan Israil pilotsuz təyyarəsinin Azərbaycandan havaya qalxdığını bildirərək, buna görə Azərbaycana qarşı tədbirlər paketinin hazırlandığını söyləyib:

“İran Məclisi İsrail təyyarəsinin öz ərazisindən uçuşuna icazə vermiş ölkəni cəzalandırmaq üçün tədbirlər paketi hazırlayır”.

İsrail müdafiə nazirinin yaxınlarda Azərbaycana səfər etməsindən narahatlığını bildirən iranlı deputat Azərbaycanın Iranla münasibətlərdə “səmimi” olmasının vacibliyini vurğulayıb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR