“...Deməli, sən saxtakarsan” - Fazil Mustafa Kamil Vəlini “topa tutdu”
Bizi izləyin

Nida.az

“...Deməli, sən saxtakarsan” - Fazil Mustafa Kamil Vəlini “topa tutdu”

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlunun müxalifət partiyalarını “ələbaxan müxalifət” adlandırması barədə “Azadlıq” qəzetində yazdığı məqaləyə cavab verib.

Deputat F.Mustafa Publika.az-a açıqlamasında deyib ki, o, bu yaxınlarda həmin yazıya cavab olaraq məqalə ilə çıxış edəcək:

“Həmin yazıda mən ümumi problem olaraq qeyd edəcəm ki, nə üçün Azərbaycanda bir qisim insanlar ziyalı ola bilmədilər? Mən həmin yazı ilə fikir, düşüncə, hadisələrə baxış və digər bu kimi məsələlərin kökündə dayanan ayrı-ayrı insanların uğursuzluğundan sonra kin daşıyıcısına çevrilməsi mühitini təsvir etmək fikrindəyəm”.

F.Qəzənfəroğlu bildirib ki, Kamil Vəlinin yazmış olduğu bu yazı əslində savadlı yazı deyil:

“Açığı, həmin yazıda olduqca nadanlıq hiss olunur. Yəni, bu yazıda hər hansı bir dilçi alim, filosof və ziyalı üslubu mövcud deyil. Hətta Kamil Vəli həmin yazısında ərəbcəni də lazımı qədər bilməyə-bilməyə, artikl formasında bir nəfərə bəraət qazandırmaq üslubu seçir. Bu üslub isə söyüşlə dolu bir üslubdur. Bunun adı nadanlıqdır. Normalda, kimisə haqlı çıxarmaq, təbliğ və ya tərif etmək olar. Ancaq bunu başqasını söyməklə etmək olmaz. O, öz yazısında bir ifadə də işlədir ki, ölkədə namuslu adam görəndə sevinirəm. Bəlkə, Kamil Vəli dönüb özünə baxsın? Namuslu adamlar sənin yanında olmursa, bu o demək deyil ki, təkcə sən namuslusan. Yəni, bu ölkədə kifayət qədər tanınan və hörmət edən adamlar niyə ancaq səninlə rastlaşmalıdır? Səni yaxından tanıyan adam, səninlə salamlaşmağı özünə rəva bilərmi? Sənə hörmət edə bilərmi? Əgər sən Azərbaycanda normal və dürüst adamları görmək istəmirsənsə, bu o demək deyil ki, ölkədə bu cür adamlar yoxdur. Ona görə də bu cür özündən müştəbeh və başından böyük missiya üzərinə götürmüş şəxslərlə ayı-ayrılıqda mübarizə aparmağa ehtiyac yoxdur. Ümumi problemlə mübarizə aparmaq lazımdır ki, Azərbaycanda müəyyən titul alan şəxslər, istər professor, istər də akademik olsun, niyə özünü bir cinaha sırıyır? Niyə bu cür insanlar iqtidar və ya müxalifət cinahından özünə bir sığınacaq taparaq, kiminsə himayəsi altında olmağı özünə rəva bilir? Əgər sən ziyalısansa, o zaman əksinə, sən cəmiyyətin cinahında dayanmalısan, cəmiyyətin problemlərini daha çox gündəmə gətirməlisən. İstər iqtidar, istərsə də müxalifətdə ədalətli və obyektiv görünməlisən. Əgər belə görünmürsənsə, deməli, sən saxtakarsan, xalq və cəmiyyət qarşısındakı borcunu layiqincə yerinə yetirə bilmirsən. Sən kimisə hesab edirsənsə ki, bu doğru, o biri yanlış müxalifətdir və sairə, bu, sənin öz problemindir. Amma sənə heç kəs ixtiyar vermir ki, özünü namuslu adam yerinə qoyub, başqalarını ittiham edəsən. Axı hər kəs hamını tanıyır. İstər universitet illərindən, istərsə də Azərbaycanın ictimai mühitindən bəhs edən bir dənə belə sanballı kitabın, sözün və ya fikrin yoxdur. Yalandan titulları dalına salmısan, amma cəmiyyət həyatını təhlil edən bir dənə belə kitabın, məqalən yoxdur. Yalandan oradan-buradan köçürə-köçürə Azərbaycan cəmiyyətinə fikir sırımaq istəyirsən. Bu gün gəldiyimiz nöqtənin günahkarından biri də sənsən və sənin kimilərdir. Məhz sənin kimilərdir ki, Azərbaycanda cəmiyyətin bu qədər qütbləşməsinə səbəb olublar. Yəni, əgər sən indiyədək ağıllı söz desəydin, yadda qalardın. İndiyədək elə bir adam tanıyırsınızmı ki, Kamil Vəlinin hər hansı bir sözünü, cümləsini və ya fikrini aforizm kimi işlətsin? Bax, sən bunu yarada bilməmisən. Ancaq Azərbaycanda dəyərli ziyalılarımız olub. Misal üçün, Xudu Məmmədov kimi böyük ziyalımız olub. Ancaq Xudu Məmmədovun indiyədək bir nəfəri təhqir etdiyini və ya söydüyünü görmüsünüzmü? Çünki Xudu Məmmədov ədalətin, cəmiyyətin və xalqın yanında idi, iqtidarın və ya müxalifətin yanında deyil idi. İqtidarda və müxalifətdə ədalətli insanlar hər zaman olur. İqtidarda da saxtakarlar olur, müxalifətdə də. İndi sən hansı mənəvi kamilliyə yüksəldin ki, bu bölgünü müəyyənləşdirirsən? Bu baxımdan da mən bütün bu problemləri təhlil edib yazı ilə çıxış edəcəm. Digər tərəfdən isə düşünürəm ki, bu cür adamlara tez-tez cavab verib onları gündəmdə saxlamaq doğru deyil”.

Xatırladaq ki, bu günlərdə "Azadlıq" qəzetində "Əl-müxalifət və əl müxalifəti" adlı yazı yazan Kamil Vəli Azərbaycanın müxalifət partiyaları arasından yalnız yazısı dərc olunan qəzetin faktiki sahibi Əli Kərimlini ayıraraq, digər partiya və qurumları təhqir edib.

O, müxalifət təmsilçiləri barədə aşağılayıcı və etikadan kənar ifadələr işlədib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm