Azərbaycan İŞİD əleyhinə döyüşməlidirmi?
Bizi izləyin

Nida.az

Azərbaycan İŞİD əleyhinə döyüşməlidirmi?

“Azərbaycan İŞİD-ə qarşı koalisiyaya qoşulmağa tələsməməlidir. Bu məsələ parlamentdə, yaxud dövlətin yüksək təpəsində müzakirə olunmalıdır”.


Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Publika.az-a açıqlamasında Amerika nəşri “The Hill”in Vaşinqtonu İŞİD-ə qarşı mübarizədə Azərbaycanın potensialından istifadə etməyə çağırmasına münasibət bildirərkən deyib.


“Azərbaycanın İŞİD əleyhinə koalisiyanın önündə getməsini istəyənlər...”

Millət vəkili qeyd edib ki, İŞİD-ə qarşı koalisiya yaratmaq təqdirəlayiqdir: “İraq üzərində yaşanan hadisələr bəşəriyyət və insanlıq əleyhinə cinayətdir. Terror qrupunun genişlənməsi, bayraq olaraq İslamı qabartması və bu fonda bütün müsəlman dünyanın əleyhinə ictimai rəyləri formalaşdırması, tüğyan edən qəddarlıq, hər gün ekranlardan evlərdə göstərilən qan və cəlladlıq özlüyündə ona qarşı kəskin hərəkətləri tələb edir. Amma biz çox istəyirik ki, bu koalisiyanı formalaşdıranlar buna qədər baş vermiş böyük səhvləri və cinayətləri unutmasınlar və onları da aradan qaldırmaq üçün hərəkətə keçsinlər.

Bunsuz, Azərbaycanın İŞİD əleyhinə koalisiyanın önündə getməsini istəyənlər haqsız olacaqlar. Çünki Səddam Hüseyni diktator kimi edam kürsüsünə itələyənlər ondan sonra həmin cəmiyyət üçün böyük demokratiya, hüququn aliliyi, normal cəmiyyət vədlərini gerçəkləşdirmədilər”.


“İŞİD əleyhinə koalisiyaya qoşulmaq məsələsi parlamentdə müzakirə olunmalıdır”

Z. Oruc qeyd edib ki, qeyri-rəsmi məlumatlara görə sayı 30 minə çatan İŞİD-çilərin hər biri ayrılıqda qılıncdan keçirsələr, hamısını qətlə yetirsələr də, bütövlükdə xilafət düşüncəsini, islami birlik adı altında, ayrı-ayrı qüvvələrin təşkilatlandırılmasını beyinlərdən silmək mümkün olmayacaq. Onun sözlərinə görə, bütün bunlara görə, Azərbaycan atdığı bütün addımların risklərini, maliyyə və hərbi cəhətdən itkilərini göz önünə almalıdır.


“Doğrudanmı bu mübarizə uğurla nəticələnəcək? İraqda bu prosesi tənzimləsələr də, onun geniş yayılmasının, şaxələnməməsinin qarşısını ala biləcəklərmi? Gələcəkdə həmin qüvvələrlə işbirliyində olan terrorçu dairələrin müxtəlif ölkələrə əks-zərbələrinin qarşısını bu koalisiya alacaqmı? Azərbaycan sonrakı dövrdə həmin koalisiyadan dəstək görəcəkmi? Texniki, təşkilati, informativ mübadilələr bundan sonra da davam edəcəkmi? Bütün bu suallara cavab vemədən İŞİD əleyhinə Azərbaycandan da cəbhə açmaq tezdir, baxmayaraq ki, İŞİD-i birmənalı şəkildə pisləyirik. Parlament üzvü kimi mən də İŞİD-in fəaliyyətinin məhz islam əleyhinə olduğunu düşünürəm və peyğəmbərin vasitəsilə Allahın göndərdiyi müqəddəs dinin bu cür əməlləri pislədiyini, bu inancın sahibi kimi bizim də bunun əleyhinə olduğumuzu hər kəs bilməlidir. Amma siyasi mövqedən bir az daha irəliyə gedib, hərbi addımlar atmaq, Kosova və Əfqanıstandakı kimi 100-200 hərbçini ordakı əməliyyatlara göndərmək, yaxud hava məkanından hücum üçün yer verməklə buna qoşulmaq əvvəlcə qanunverici orqanda müzakirə edilməli, dövlətin yüksək postlarından gözdən keçirilməlidir. Hesab edirəm ki, biz beynəlxalq təhlükəsizliyin qorunması adı altında istənilən məsələdə son dərəcədə qərarlı addımlar atmalıyıq. Elə məsələlər var ki, burda əsas qüvvələrin atdığı addımların nəticəsini gözləməliyik. Bəzən elə ictimai rəy formalaşdırılır ki, Azərbaycan və bizim kimi ölkələri mübarizənin önünə çıxarmaq mümkün olsun”, - deyə komitə üzvü vurğulayıb.

“Sabah bir Azərbaycan vətəndaşını dövlətin atdığı addıma görə edam edə bilərlər”


Lakin Z. Oruc hesab edir ki, Azərbaycanın özünü ilk hədəf kimi təqdim etməsi doğru deyil. Onun fikrincə, İŞİD-çilər 2003-cü ildən bu yana Əl-Qaidənin qolu kimi şişirdiləndə, onlara silah veriləndə, 2011-ci ildən başlayaraq Bəşər Əsəd əleyhinə tətikdə saxlamaq üçün mötədillər, yaxud radikallar adı altında maliyyələşdiriləndə Qərb anlamalı idi ki, vaxtilə Üsama Bin Laden kimi bir gün İŞİD də silahları onlara qarşı çevirəcək: “Axı kim zəmanət verə bilər ki, İŞİD məhv ediləndən sonra daha üstqurumda mövcud olan ekstremist dini təşkilatlar onlara qarşı koalisiyaya qoşulmuş ölkələri özlərinə hədəf seçməyəcəklər? Vaxtilə İraqdan Qərb qoşunlarının çıxarılması üçün müxtəlif qoşunların hərbçilərini ekran önündə edam edərək ultimatum göndərirdilər. Sabah bir Azərbaycan insanını, yaxud əsgərini dövlətin atdığı addıma görə edam edə bilərlər. Bu təcrübə dediyim kimi yaşanıb. Bu gün İŞİD-in Qafqazda da xilafət arzusunda olduğu xəbərləri yayılır. Hesab edirəm ki, bunlar kimlərinsə təşkilata qoşulmasını aktivləşdirmək üçün yayılan xəbərlərdir. İndi də əks-koalisiyaya qoşmaq üçün addımlar atılır. Kifayət qədər riskli addımlardır, ehtiyatlı olmalıyıq”.


Qeyd edək ki, ABŞ-ın “The Hill” nəşri Vaşinqtonun İŞİD-ə qarşı mübarizədə Azərbaycan və Gürcüstanın potensialından yararlanmağının vacibliyindən yazıb.

“Ağ Ev bu prosesin tərkib hissəsi kimi ABŞ-ın etibarlı regional müttəfiqləri ilə güclü koalisiyanın yaradılmasına başlamalıdır. Bu kontekstdə Vaşinqton ABŞ-ın ənənəvi dəstəkçiləri, xüsusilə Cənubi Qafqazda Gürcüstan və Azərbaycanla hərbi əlaqələri genişləndirməlidir. Onların əhəmiyyətini daha yüksək ölçmək olar. İraq və Suriyadan fərqli olaraq burda sabit iqtisadiyyat var və hər iki ölkə Qərb meylini gizlətmir. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili keçmiş prezident Buşun yaxın dostu idi, o, ölkəsində bir çox inkişafa nail oldu.
Azərbaycan beynəlxalq enerji təhlükəsizliyində mühüm rola malikdir, baxmayaraq ki ərazisinin 20 faizini 1990-cı ilin müharibəsində itirib.

ABŞ regional təhlükəsizlik infrastrukturun inkişafı və İŞİD-ə qarşı əməliyyatlarda Azərbaycan və Gürcüstanın yardımına nail olmalıdır.

Gürcüstan əməliyyatlara hərbi, Azərbaycansa maliyyə vəsaiti ilə kömək edə bilər. Beləliklə, müharibədən bezmiş ABŞ ictimaiyyətini sakitləşdirmək də mümkün olacaq”, - deyə nəşr yazıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm