Partiya sədrləri AŞPA prezidentinə nələri deyəcək?- SORĞU
Bizi izləyin

Nida.az

Partiya sədrləri AŞPA prezidentinə nələri deyəcək?- SORĞU

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur sentyabrın 23-də parlamentdə təmsil olunan siyasi partiya rəhbərləri ilə görüşəcək.

Görüş daha çox tanışlıq xarakteri daşısa da, siyasi partiya rəhbərlərinin AŞPA prezidentinin diqqətinə hansı məsələləri çatdıracağı maraqlıdır.


Publika.az bununla bağlı partiya sədrlərinin fikirlərini öyrənib.


Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə bildirib ki, o, qonağın diqqətinə Azərbaycan-NATO münasibətlərini çatdıracaq: “Bundan başqa, Avropa Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin icra olunmaması məsələsini qaldıracaq. Bildiyimiz kimi, qurum münaqişə ilə bağlı qətnamə qəbul edilsə də, onlar icra olunmur. Hesab edirəm ki, Ukrayna hadisələri fonunda Avropa Şurası Qarabağ münaqişəsinin həllinə çalışmalıdır”.


Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da Qarabağ problemini qaldıracağını bildirib.


“Görüşün gündəliyi dəqiq bilinmir. Amma biz həmişə olduğu kimi, bu dəfə də Qarabağ məsələsini avropalı qonağın diqqətinə çatdıracağıq. Azərbaycan torpaqlarının zəbt etmiş Ermənistan AŞPA-nın tamhüquqlu üzvü olaraq fəaliyyət göstərir, hansı ki, bu beynəlxalq hüquqa ziddir”, - deyə partiya sədri bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Sabir Rüstəmxanlı isə görüşdə iştirak etməyəcək. O, hazırda xarici səfərdə olduğunu deyib.


Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib əsas məsələ AŞPA-Azərbaycan münasibətləri olacaq: “Həmçinin partiyaların cəmiyyətdə yeri və rolu məsələsi gündəmdə olacaq. Lakin görüşün gündəliyi əlimizdə yoxdur. Yəqin ki, görüş tanışlıq xarakter daşıyacaq və qurumla ölkəmizin münasibətləri müzakirə predmeti olacaq”.

Qeyd edək ki, AŞPA prezidenti bu gün Bakıda bir qrup hüquq müdafiəçiləri, siyasətçilər və jurnalistlərlə görüş keçirib. Görüşdə demokratiya ilə bağlı ölkədəki son vəziyyət, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının Azərbaycanda necə yerinə yetirilməsi və QHT-lərlə bağlı qanuna edilməsi gözlənilən dəyişikliklər müzakirə edilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm