• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xəzər sammiti Azərbaycana nə vəd edir? – Təhlil

  • Nida.az
  • 23 Sentyabr 2014 10:54
  • 765 Baxış
Xəzər sammiti Azərbaycana nə vəd edir? – Təhlil

Sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək.

Publika.az xəbər verir ki, sammitdə Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.

Liderlər Xəzər dənizinin sahilboyu ölkələrini narahat edən məsələləri qarşılıqlı müzakirə edəcək. Həmçinin 2010-cu ildə Bakı sammitində qəbul olunmuş qərarların reallaşması, region dövlətlərinin əməkdaşlıq perspektivlərinin masaya səriləcəyi görüşdə çoxtərəfli sənədlərin imzalanması gözlənilir. “Xəzər beşliyi” liderləri həm də Vladimir Putinlə ikitərəfli görüşlər keçirəcək.

MDB ölkələri ilə Rusiya sərhədlərinin delimitasiyası üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri İqor Bratçikov bildirib ki, 2001-ci ildə Aşqabadda keçirilən I Xəzər sammitində bəlli idi ki, bu görüşlər müntəzəm keçiriləcək: “II sammit 2007-ci ildə Tehranda baş tutdu və orda bəyannamə qəbul olundu. Bakıda keçirilən sammit III idi. Azərbaycanın paytaxtında bir çox önəmli qərarlar qəbul edildi. Orda təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalanmışdı”.


Putinin xüsusi nümayəndəsi bildirib ki, Həştərxanda Xəzər hövzəsinin müasir hüquqi sisteminin formalaşdırılması məsələləri, təhlükəsizlik və dənizdə təhdidlərə qarşı əks-təsir məsələləri müzakirə olunacaq.


“Həmçinin, unikal təbii mühitin qorunması, Xəzərin bioloji müxtəlifliyi, iqtisadi və humanitar əməkdaşlıq aktual məsələlərdir. Mən deyərdim ki, bu sammit gələcəyə hesablanıb. Bundan başqa, 18 ildir üzərində işlədiyimiz Xəzərin hüquqi statusu məsələsinə baxılacaq. Hesab edirik ki, bu məsələnin həlli sürətləndiriləcək və tərəflərin hər birinin maraqlarına uyğun həll olunacaq. Buna qədər Tehran konvensiyası imzalanıb. Bu istiqamətdə böyük irəliləmə var. Son illər ərzində dörd protokoldan üçü imzalanıb. Bunların regional əməkdaşlığın protokollarıdır. Hansı ki, neftin çirklənməməsi, dənizin müdafiəsi, bioloji müxtəlifliyin saxlanılması haqqındadır. Biz gözləyirik ki, 2015-ci ildə transsərhəd kontekstdə ətraf mühitə təsirlər haqqında protokol imzalanacaq”,- İ. Bratçikov bildirib.


Ən böyük problem: Xəzərin statusu necə olacaq?


Qeyd edək ki, Azərbaycanın da yüksək səviyyədə iştirak edəcəyi bu sammit Xəzərin bir sıra problemlərinin həlli üçün önəmlidir. Bu günə qədər həll olunmayan hüquqi statusun müəyyənləşməsi isə ən vacib məsələdir. Belə ki, Rusiya Xəzərdə qonşusu olduğu Qazaxıstan və Azərbaycan ilə razılaşaraq problemi həll etmək istəyir. Çünki Rusiya problemin davam etməsinin bölgədəki ehtiyatların istifadəsinin gecikməsinə səbəb olduğunu düşünür, eyni zamanda, Azərbaycanın ABŞ və Avropa Birliyinə yaxınlaşmasından narahatlıq keçirir. Azərbaycan Xəzəri bir “göl” olaraq qəbul edir və bu gölün sahil ölkələri arasında “milli sektorlara” uyğun olaraq bölünməsinin tərəfdarıdır. Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq, iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi “orta xəttin çəkilməsi” mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta xəttin çəkilməsi zamanı Abşeron yarımadasının nəzərə alınmamasın lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə “Kəpəz” və “Azəri-çıraq” yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində bu yataqlar Türkmənistanın iddiaları qəbul olunacağı halda Türkmənistana aid milli sektora daxil olacaq. Qazaxıstan Xəzərin şimalında Rusiya ilə yaşaya biləcəyi anlaşılmazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlamış, iki ölkə dəniz sərhədlərinin müəyyən olunmasında “orta xətt” prinsipinə söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsində razılaşmışdır. Qazaxıstan bənzər bir razılaşmanı Azərbaycan ilə də əldə edib. Yəni, Xəzərin şimalındakı bölgü istiqamətində bir konsensusun olduğu deyilə bilər. Amma Rusiya enerji şirkəti “Lukoyl”un Rusiya-Qazaxıstan sərhədini keçdiyi üçün Qazaxıstanın Rusiyaya dəfələrlə nota verdiyini də bilirik.


İranın hədəfi Azərbaycandır


İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması etirazla qarşılanır. İranın Xəzərdəki paylaşma mübarizəsi çərçivəsindəki hədəfinin Azərbaycana zərər vermək, bu ölkənin iqtisadi inkişafının arxasındakı ən əhəmiyyətli silah olan enerji ehtiyatlarının rolunu zəiflətmək olduğu da ortadadır. Bu baxımdan İranın Xəzərdə Azərbaycanla problem yaşayan Türkmənistana dəstək verdiyini də görürük. İran Azərbaycanın Xəzərdəki enerji ehtiyatları çərçivəsində Türkiyə, Avropa Birliyi və ABŞ ilə əməkdaşlıq etdiyini görür və bunun Rusiyada da narahatlıq doğurduğunu bildiyi üçün Rusiya ilə də Xəzər oxunda uyğunlaşmağa çalışır. İran Azərbaycan ilə Xəzərdəki sərhədin qeyri-müəyyən olmasından faydalanaraq müəyyən vaxtlarda Azərbaycan ilə əldə etdiyi razılaşmalar çərçivəsində fəaliyyət göstərən “Exxon” və BP kimi Qərb şirkətlərin gözünü qorxutmaq üçün hərbi təlimlər keçirib. Rusiya və İran xüsusilə ABŞ-ın Xəzər ətrafında artan fəaliyyətindən narahatdır. ABŞ-ın Azərbaycan ilə inkişaf etdirdiyi müttəfiqlik əlaqələri və Əfqanıstandan çəkilmə mərhələsində Özbəkistan-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan marşrutundan istifadə edəcəyini bildirməsi Xəzərdəki nüfuzunun azalmasından qorxan Rusiya və İranın təlaşına səbəb olub. ABŞ-ın Xəzərdə hərbi dəniz bazası yaratmaq istiqamətində işlər görməsi və Vaşinqtonun Qazaxıstan və Azərbaycana yaxınlaşa biləcəyi fikri Moskva və Tehranı yaxınlıqda olan təhlükənin qarşısını almaq üçün birləşməyə vadar edir.


“Rusiya öz ağalığını Qərbə göstərəcək”


Ümumi mənzərə təxminən belədir. Lakin rəsmilərin söz verməyinə baxmayaraq, bu problemin həlli bir qədər uzun görünür.
Ekspertlər arasında IV Xəzər sammitini son geosiyasi proseslər fonunda Rusiyanın yeni əzələ nümayişi də hesab edənlər də var. Doğrudur, bu sammitin Həştərxanda keçiriləcəyi hələ 4 il öncə Bakıda müəyyən olunmuşdu. Lakin 4 il öncə geosiyasi proseslər də bir qədər fərqli idi. Suriya, İraq kimi uzaq bölgələrin münaqişəsi fonunda post-sovet məkana daha yaxın olan Ukrayna böhranı var.


Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, bu sammit Xəzərin statusunun müəyyənləşməsində irəliyə doğru addım ola bilər: “Bu, bizim arzumuzdur. Lakin məsələnin həll olunacağını gözləmək çətindir. İndiki məqamda Həşrətxan sammiti Rusiyanın həm Xəzəryanı ölkələr üzərində təsir imkanlarını artıra bilər, həm də Moskva Qərbə bölgədəki ağalığını nümayiş etdirə bilər”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR