Azərbaycanda bütün siyasi partiyalar birləşə bilər - Təhlükə
Bizi izləyin

Nida.az

Azərbaycanda bütün siyasi partiyalar birləşə bilər - Təhlükə

Suriyada azərbaycanlıların vuruşması, ölməsi millətimiz və dövlətimiz üçün itkidir. Azərbaycan güc strukturları belə adamların dövlət sərhədini keçməsinin qarşısını almalı, ölkə daxilində onları hazırlayan qüvvələrin izinə düşməlidir. Hansı dini sektaları

Suriyada daha üç azərbaycanlı öldürüldü. Publika.Az-ın araşdırmalarına görə bu ilin yanvar ayı ərzində Dəməşq küçələrində Əsədin yanında və ona qarşı vuruşan 19 azərbaycanlı həlak olub. Fevralın ilk günlərində “3 azərbaycanlı öldü” xəbərini də üstünə gəlsək deməli 2014-cü ildə Azərbaycan Suriya uğrunda-fərqi yoxdur Əsədin tərəfdarı, yoxsa əleyhdarı-23 itki verib. Bunun sosial və siyasi səbəbləri var və kifayət qədər genişdir. Lakin məqsədimiz artıq dəfələrlə şərh edilmiş bu səbəblərə yenidən qayıtmaq deyil, sadəcə gözlənilən təhlükədən bəhs etməkdir.

Təhlükə nədir?

Azərbaycanlıların Suriyaya gedərək döyüşməsi ölkə üçün faktiki olaraq gələcək təhlükəni yetişdirir. Nəzərə alsaq ki, ora üz tutanların əksəriyyəti bunu dini yönlərinə görə edirlər, o zaman heç kim zəmanət verə bilməz ki, Suriya poliqonu bitdikdən sonra növbəti poliqon Azərbaycan olmayacaq. Bu fikrin alternativ mənbəsi kimi Qərb mətbuatını göstərmək olar. Təxminən bir ay öncə Qərb mətbuatında bu cümlələr yayımlandı: “Bölgədə dünyəvi dövlətin əsas istehkamı olan Azərbaycanın dünyəviliyinə təhlükə yarana bilər”. Şərhlər bu istiqamətdə idi ki, Suriyada azərbaycanlılar da daxil olmaqla döyüşən cihadçılar Suriya məsələsi bitdikdən sonra eyni məqsəd uğrunda, yəni dini xilas etmək məqsədilə başqa ölkələrə də üz tutacaq. Növbəti məkan kimi Şimali Qafqaz, daha sonra isə Azərbaycan göstərilirdi. Nə qədər dəqiq informasiya olduğunu deyə bilməsək də, Suriyadakı dindarların bununla bağlı bəyanat verdikləri də deyilir. Amma oradakı azərbaycanlıların “bir gün qayıdacağıq” tipli çağırışları ortadadır.

Dönsələr nə olacaq?

Suriyada din uğrunda döyüşə gedənlər, onları qınayıb səhv yolda olduğunu deyən digər din adamları, sələfilərin daxili çəkişmələri, şiələrlə söz müstəvisində qarşıdurmaların yaranması. Bu mənzərədə kimin haqlı, kimin haqsız olduğu başqa məsələdir və bu bizim vəzifəmiz də deyil.
Lakin təsəvvür edək ki, Suriya münaqişəsi kimin xeyrinə başa çatmasından asılı olmayaraq bitdi və növbəti poliqon Azərbaycan seçildi. O zaman ölkədə lokal müharibələrdən tutmuş məzhəb savaşlarına, dövlət sisteminin dəyişilməsindən başlamış dövlətçiliyin dağılmasına qədər proseslər yaşana bilər. Bəlkə də bu uzaq nəticələrdir, lakin bu perspektiv görünür. O da unudulmamalıdır ki, radikalizm tərəfdarları təkcə Suriyaya döyüşə gedənlər deyil. Halbuki azərbaycanlıların ora getməsi xəbərindən daha əvvəllər ölkə daxilində radikalist davranışlar müşahidə olunurdu və bu gün də davam etməkdədir. Kifayət qədər misal göstərmək mümkündür. Şimal bölgəsində olanlar, dindarlara qarşı ölüm çağırışları və s. danılmazdır.

Təhlükəyə qarşı Azərbaycan hansı barrikadanı quracaq?

Bəhs etdiyimiz təhlükə ölkədə nə hansısa qrupa, nə hansısa dini icmaya qarşı deyil, ümumilikdə Azərbaycana, Azərbaycan cəmiyyətinə və dövlətçiliyinə qaşıdır. Xüsusilə dünyəvi quruluş burda əsas hədəflərdəndir. Dövlət üçün təhlükə varsa, deməli Azərbaycanda cəmiyyət də, dövlət də bütövləşməlidir. Hər-halda Azərbaycanın qura biləcəyi barrikada bundan ibarət ola bilər. Bu zaman ortaya sual çıxır: Təhlükə qarşısında Azərbaycanın heç cür barışmayan müxalifəti ilə iqtidar hansı məsafədə dayanacaq?
Hələ bir neçə il öncə, o zaman nə Suriyada döyüşlər gedirdi, nə də azərbaycanlılar orda döyüşürdü, radikalizmin artması nümayiş olunduğu ilk vaxtlarda ölkədə belə fikirlər var idi ki, dini radikalizm qarşısında Azərbaycanın bütün siyasi partiyaları, qüvvələri birləşə bilər. Yəni istər müxalifət, müxalifət daxilindəki sağlı, sollu partiyalar, istərsə iqtidar təhlükə qarşısında birgə çıxa bilər. Hazırda belə bir təhlükənin bizə doğru daha bir addım atması müşahidə olunur.

Publika.Az iqtidar partiyası və müxalifətin aparıcı partiyalarının bununla bağlı mövqelərini öyrənib.

YAP Azərbaycan üçün təhlükə görmür, amma...

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ümumiyyətlə Suriyaya gedənlərin Azərbaycan üçün təhlükə oduğunu hesab etmir. Onun sözlərinə görə, Suriyaya gedənlərin sayı çox az saydadır: “Cəmiyyət bunu pisləyir. Digər tərəfdən isə Azərbaycan demokratik ölkədir, vətəndaş nə hərəkət edəcəyini və hansı məsuliyyət daşıyacağını özü müəyyənləşdirir. Bu gün Avropa ölkələrində də dini radikal tapılır. Hətta bir müddət əvvəl Keniyanın mərkəzində ticarət mərkəzinə hücum edən qruplaşmanın rəhbəri ingilis əsilli Böyük Britaniya vətəndaşı idi. Lakin bu həmin ölkəyə qarşı hansısa nəticə çıxarmağa əsas vermir. Əslində Avropada müəyyən nəşrlər belə fikirləri ortaya atmaqla Azərbaycanı radikalizm ölkəsi kimi təqdim etməyə çalışırlar. Lakin bu gün Azərbaycan öz müstəqilliyini, tarixini, mədəniyyətini qorumaqla Avropa dəyərlərinə doğru gedir. Bu siyasət kimlərinsə xoşuna gəlməyə bilər. Bu baxımdan Azərbaycanla bağlı azməlumatlı avropalılarda mənfi rəy yaratmaq cəhdləri də var”.

Birləşmək məsələsinə gəlincə A. Mirzəzadə bunu gözləmədiyini deyib.“Ümumiyyətlə bu məsələ dialoq mövzusu deyil. Çünki bu cəmiyyət üçün problemli, yaxud ağır məsələ deyi. Sadəcə olaraq bir neçə azərbaycanlının Suriyaya getməsini 9 milyonluq əhali üçün problemə çevirmək olmaz. Digər tərəfdən nə qədər qəribə olsa da, vətəndaşın seçim etmək hüququ qorunmalıdır. Kimlərsə sivilliyə üstünlük verir, kimlərsə xaricdə məqsədi məlum olmayan döyüşlərdə iştirak edir. Hər kəs öz məqsədini özü seçir”-deyə YAP-çı deputata qeyd edib.

Müxalifət nə düşür: birləşmək, yoxsa...?

Müsavat başqanının müavini Gülağa Aslanlı isə Azərbaycan üçün taleyüklü məsələlərdə iqtidarla bir araya gəlməyə razı olduqlarını deyib. Onun fikrincə, bu gün radikalizmi artması təbliğatın zəif olması ilə yanaşı, iqtidarın da günahıdır: “Düzgün siyasət aparılmır. Həmçinin ölkədə ora gedənləri araşdırın, görəcəksiniz ki, əksəriyyəti heç bir işin sahibi deyil. Bu da işsizlik problemini ortaya çıxarır. Bəziləri dini təriqətlərin təbliği altında, bəziləri də qazanc dalınca Suriyaya gedərək döyüşürlər. Hər kəs, cəmiyyət də, ailələr də diqqətli olmalıdır. Əgər aparılan təbliğat düzgün olsaydı onları Suriya uğrunda deyil, Qarabağ uğrunda vuruşardılar. Biz elə olmalarını daha çox istərdik”.

Müsavat rəsmisi qeyd edib ki, iqtidar Azərbaycanın taleyüklü məsələlərini gündəmə gətirərsə, onları müzakirəyə dəvət edərsə, hər zaman hazırdırlar.

AXCP sədrinin müavini Həsən Kərimov da bildirib ki, Azərbaycan dövlətçiliyinə nə vaxt təhlükə olarsa, radikalizm, separatizm güclənərsə, iqtidarda kimin olmasından asılı olmayaraq dövlət, millət naminə bütün məsələləri birgə həll etməyə hazırdırlar: “Təbii ki, bu gün Suriyada azərbaycanlıların vuruşması, ölməsi millətimiz və dövlətimiz üçün itkidir. Azərbaycan güc strukturları belə adamların dövlət sərhədini keçməsinin qarşısını almalı, ölkə daxilində onları hazırlayan qüvvələrin izinə düşməlidir. Hansı dini sektaların bu işlə məşğul olduqları ortaya çıxarılmalıdır. AXCP də bu kimi məsələlərdə dövlətçiliyi qorumağa hər zaman hazırdır”.

“Baş verənlər həqiqətənmi Azərbaycanın dünyəviliyinə təhlükədir?”

Politoloq Ərəstun Oruclu bildirib ki, belə bir təhlükə qarşısında Azərbaycanda müxalifətlə iqtidarın, yaxud bütün siyasi partiyaların birləşməsi ehtimalına müxtəlif yanaşmalar var: “Müxalifət vahid deyil, müxtəlif qurumlardan, koalisiyalardan, partiyalardan ibarətdir. Birinci dəyərləndirməlidir ki, baş verənlər həqiqətənmi Azərbaycanın dünyəviliyinə təhlükədir? Ümumiyyətlə Azərbaycanın dövlətçiliyinə qarşı ən böyük təhlükə nədir, budurmu? Bu da mübahisəlidir. Bu təhlükə qarşısına müxalifətlə iqtidarın birləşməsi sualına cavab vermək çətindir. Çünki yaxın tarixdə iqtidarla müxalifət arasında heç dialoq da olmayıb. Hansı birlikdən söhbət gedə bilər. Müxalifət hər zaman dialoq istəyir, amma iqtidar bir gün buna razılıq verir, sabah imtina edir. Şəxsən mən müxalif siyasətçi kimi iqtidarla heç vaxt birləşməzdim. Çünki onlara güvənmirəm. Hesab edirəm ki, Azərbaycan iqtidarı ilə dialoq aparmaq olmaz”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm