Müsavatın qiymət davası: qurultay təxirə salına bilər
Bizi izləyin

Nida.az

Müsavatın qiymət davası: qurultay təxirə salına bilər

Müsavat qurultayını keçirmək üçün təklif olunan məkanla müqaviləni dəqiqləşdirməyi qərara alıb.

Partiyadan Publika.az-a daxil olan məlumata görə, sentyabrın 22-də VIII Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

İclasda partiyanın VIII qurultayına ayrılan yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna uyğun olaraq Suraxanı rayonu, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət evinin rəhbərliyi ilə müqavilə şərtlərinin dəqiqləşdirilməsi ilə bağlı qərar qəbul edilib.


Qeyd edək ki, Müsavat təklif olunan məkanın bahalığından şikayət edir.

Müsavat Divanının üzvü, başqanlığa namizəd Tural Abbaslı Publika.az-a bildirib ki, təklif olunan Mədəniyyət evinin bir saatlıq icarəsi 220 manatdır: “Bizdə araşdırma qrupu var. Onlar ən bahalı hotellərin qiymətlərini araşdırdılar, məlum oldu ki, ən bahalı hotelin bir saatlıq icarəsi 270 manatdır. Saatın sayı çoxaldıqca da qiymətlər aşağı düşür. Buna görə də tərəddüdlər var”.

Lakin T. Abbaslı hesab edir ki, qurultay keçiriləcək.


“Çünki vaxt məlum olub, hər şey hazırlanıb. Seçki kampaniyası başa çatıb”, - deyə o bildirib.


Müsavat başqanının müavini Gülağa Aslanlı da qiymətin bahalığından şikayətlənib.


“Mədəniyyət evinin icarəsi üçün bir saata 220 manat istənilir. Burda saatın sayı artanda qiymət düşmür. Sonuncu məlumata görə, hətta Kempinsk Hotelinin bir saatı 270 manatdır. Sonrakı saatların sayı artanda qiymət azalır. Burda isə deyirlər ki, saatların sayı 220-yə vurulacaq”, - deyə başqan müavini bildirib.


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə Publika.az-a Müsavatın qiymət davasını belə şərh edib: “Onlar qurultay keçirməkdə maraqlı deyillər. Birincisi, qurultayda hansısa namizəd məğlub olsa, qurultaydan sonra onunla birgə komandası partiyanı tərk edəcək. Yəni istefalar qaçılmazdır. İkincisi də, İsa Qəmbərin hələ də həvəsi var ki, başqan özü olsun. Ona görə də belə bəhanələrlə qurultayı uzadırlar. İşləri-gücləri də ancaq bəyanat verməkdir. Qurultay iki, yaxud da dörd saat ola bilər. Bu da 220 manatdan 1000 manata qədər pul edir. Min nəfərlik zal istəyirlər, amma 1000 manatlarından keçmirlər”.


Qeyd edək ki, qurultayın keçirilməsi məsələsi dünənki iclasda həll olunacağı gözlənilirdi. Lakin sentyabrın 27-nə təyin edilən qurultaya 4 gün vaxt qalsa da, yer məsələsi hələ də açıq olaraq qalır. 4 il gecikən qurultayın bu dəfə də təxirə düşəcəyi gözləniləndir. Digər variant kimi qurultayın partiyanın qərargahında keçirilməsi təklif olunur. Bu isə fikirləri parçalayıb, bir qrup “hə”, digər qrupsa “yox” deyir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm