• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Erməni rəqibim mənimlə əl sıxıb görüşdü” – Rusiyada deputat seçilən soydaşımız DANIŞDI

  • Nida.az
  • 23 Sentyabr 2014 13:25
  • 526 Baxış
“Erməni rəqibim mənimlə əl sıxıb görüşdü” – Rusiyada deputat seçilən soydaşımız DANIŞDI

Sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, “Vahid Rusiya” partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq şəhər dumasına deputat seçilməsindən danışıb.

E.Həmzəyev Publika.az-a açıqlamasında deyib ki, o, seçkilərdə namizədliyini müstəqil formada irəli sürüb:

“Seçkilərdə mənə qarşı heç bir təsir və ya təzyiq olmadı. Şəxsən mən özüm seçildim. Hətta Diasporla İş üzrə Dövlət Komitəsinə də namizədliyimi irəli sürməyim barədə əvvəlcədən xəbər verməmişəm. Deputat seçiləndən sonra xəbər verdim ki, artıq mən seçilmişəm. Təbii ki, hamı istəyir ki, seçkilərdə o qalib gəlsin. Mən də çalışıb qalib gəldim. Mənim seçilməyim burada olan soydaşlarımız üçün də yaxşı oldu. Gələn həftədən fəaliyyətə başlayacam. Bizim işlərimiz Rusiya ilə bağlı olduğu üçün, burada qanun və deputat səlahiyyətlərim nəyə imkan verirsə, ona uyğun da fəaliyyət göstərəcəm”.

E.Həmzəyev Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə də sıx əməkdaşlıq etdiyini söyləyib:

“Diaspora Komitəsi ilə normal münasibətlərim var. Sağ olsunlar, zəng edib məni təbrik də etdilər. Komitə sədri Nazim İbrahimovla da yüksək səviyyədə münasibətlərimiz davam edir”.

E.Həmzəyev həmçinin qeyd edib ki, seçkilər zamanı rəqibi erməni olsa da, ancaq onlar tərəfindən heç bir təxribatla üzləşməyib:

“Ermənilərdən mənə qarşı heç bir təxribat olmadı. Əslində, burada elə hadisələr olmur. Çünki Sankt-Peterburq Rusiyanın həm mədəniyyət mərkəzidir, həm də şimal paytaxtıdır. Rəqibim erməni olsa belə, onlar mənim işimə qarışmadı. Sadəcə olaraq, erməni rəqibim olan Sergey Minasyan özü mübarizə aparırdı, mən də özüm. Bu mübarizədə mən qalib gəldim. Hətta Sergey Minasyan seçki günü gecə saat 2-də gəlib mənimlə əl sıxıb görüşdü və məni təbrik etdi”.

Xatırladaq ki, sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, “Vahid Rusiya” partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq şəhər dumasına deputat seçilib.

550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan E.Həmzəyev erməni rəqibi Sergey Minasyana asanlıqla qalib gəlib.

1972-ci ildə Astarada doğulan E.Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib.

O, əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutunu bitirib, daha sonra ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.

25 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir.

E.Həmzəyev həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionu üzrə səlahiyyətli nümayəndəsidir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR