• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Azərbaycanda hələ də İŞİD tərəfdarları qalır” - Ekspertdən şok açıqlama

  • Nida.az
  • 23 Sentyabr 2014 17:15
  • 1 019 Baxış
“Azərbaycanda hələ də İŞİD tərəfdarları qalır” - Ekspertdən şok açıqlama

“26 nəfər saxlanılsa da, Azərbaycan da hələ də İŞİD-i dəstəkləyənlər qalır. Onların sayı yüzlərlədir”.

Bu barədə İzvestiya.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov Milli Təhlükəsizlik Nazirliyinin radikal dindarlara qarşı keçirdiyi əməliyyatı şərh edərkən deyib.

Ekspert hesab edir ki, ölkədə İŞİD-i gizli dəstəkləyənlər kifayət qədər var: “Suriyaya, İraqa gedənlərin sayını nəzərə alsaq, deyə bilərik ki, bu, üzdə olan informasiyalardır. Amma sosial şəbəkələrə nəzər yetirin, orda belə insanları açıq şəkildə görmək mümkündür. Müxtəlif gizli profillər altında İŞİD-in təbliğatını aparırlar. Ola bilsin ki, əksəriyyəti aktiv şəkildə qoşulmaqdan, təbliğ etməkdən çəkinir”.

E. Əsgərov bildirib ki, qanun sərtləşdirildikdən sonra Suriyaya gedənlərin sayı azaldığı kimi, bu cür əməliyyatlar da ümumi mənzərəyə təsir edəcək: “Bunun nəticəsidir ki, son zamanlar radikal meylli insanlar azalıb. Buna səbəb qanunların sərtləşdirilməsi və əməliyyatların keçirilməsi ilə yanaşı, İŞİD-ə, Suriya cihadına qarşı fikirlərin dəyişməsidir. Çünki vaxtilə ərəb mediası siyasi məqsədlər üçün İŞİD və digər terror qruplarının insanlara islami qüvvələr kimi təqdim edirdi. Amma sonradan, onlar da bu cür rəy formalaşdırmaqdan çəkindilər. Buna paralel olaraq İŞİD-ə maliyyə və digər formada dəstək verən bir çox ölkələr, qüvvələr bunu dayandırdı”.

Ekspert əlavə edib ki, son 6 ay ərzində İŞİD-ə meyil azalıb. Onun sözlərinə görə, bu, Azərbaycanda da belədir.

“Dövlət tərəfindən atılan addımlar, eləcə də radikal meyillərə qarşı aparılan maariflənmə siyasəti vəziyyəti bir qədər dəyişdirə bildi. Amma bu, hər şeyin başa çatması demək deyil. Unutmaq lazım deyil ki, İŞİD-i dəstəkləyənlər passiv olaraq hələ də qalır. Onlar hər an aktivləşə bilərlər”, - deyə E. Əsgərov bildirib.

Xatırladaq ki, MTN-nin bu gün yaydığı məlumata görə, radikal meyilli dindarlara qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 26 nəfər saxlanılıb. Azərbaycan qanunvericiliyinə görə, həbs olunanları 20 il, yaxud ömürlük həbs cəzası gözləyir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR