• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Əhməd Orucun başı inəklərinə o qədər qarışıb ki...”

  • Nida.az
  • 24 Sentyabr 2014 13:27
  • 609 Baxış
“Əhməd Orucun başı inəklərinə o qədər qarışıb ki...”

“Əhməd Orucun başı inəklərinə o qədər qarışıb ki, dünyadan xəbəri yoxdur”.

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Publika.az-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Orucun AMİP-i QHT səviyyəsində partiya adlandırmasına münasibət bildirərkən deyib.


AMİP funksionerinin fikrincə, Əhməd Orucun bu açıqlaması özünüifşa deməkdir: “Çünki açıqlamasından da göründüyü kimi bu adamın nə siyasətdən anlayışı var, nə də gedən siyasi proseslərdən. Onun kimi qeyri-ciddi birisinin dediklərinə reaksiya verməmək də olardı. Çünki AMİP haqqında nəsə demək Əhməd Orucun nə səviyyəsinə, nə də zəkasına uyğun deyil. Əhməd Oruc kimi dar düşünən, qazanda nəyin qaynadıldığından xəbəri olmadan qaşığını götürüb növbədə dava-dalaş salan kəslərə bir daha xatırlatmaq istərdim ki, AMİP Azərbaycanda ilk rəsmi qeydiyyatdan keçən, çoxpartiyalı sistemin əsasını qoyan sağ mərkəzçi partiyadır. Bu partiya dünyanın 69 ölkəsının sağ-mərkəzçi aparıcı 85 siyasi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının 1997-ci ildən üzvüdür. Burda İngiltərənin Hakim Konservatorlar, ABŞ-in Respublikaçılar, İsveçin Moderat, Fransanın, Avtraliyanın, İtaliyanın, Macarıstan və s kimi dövlətlərin çox nüfuzlu partiyaları AMİP-in BDİ-dəki müttəfiqləridir. AMİP eyni zamanda Avropa Parlamentində ən çox deputat yeri olan, aparıcı fraksiya Avropa Xalq Partiyası ilə əməkdaşlıq edir. Azərbaycanda AMİP qədər geniş əlaqələri olan ikinci bir partiya yoxdur. AMİP lideri Etibar Məmmədov isə 2005-dən BDİ-nin sədr müavinidir”.

Ə. Orucov qeyd edib ki, son parlament seçkilərinə AMİP-in qatılmamasının, eləcədə hansısa prezidentliyə namizədi dəstəkləməməsinin, həmçinin Milli Şurada təmsil olunmamasının izahı və seçkilərə münasibət AMİP tərəfindən dəfələrlə əsaslandırılmış şəkildə verilib.

“İndi bizim günahımız deyil ki, Əhməd Oruc bunları dərk edəcək halda deyil. Ölkənin aparıcı siyasi təşkilatlarından biri və birincisi olan AMİP bu gün də siyasi mübarizənin önündədir. Bunları görmək və dərk etmək üçün dərrakə, görən göz lazımdır. Məncə, Əhməd Oruc xırda təsərrüfatı ilə məşğul olsun, heç olmasa, ailəsinə bir xeyri dəyər”, - deyə AMİP funksioneri vurğulayıb.

Qeyd edək ki, Ə. Oruc moderator.az-a açıqlamasında bildirib ki, AMİP artıq bir siyasi partiya çərçivəsindən çıxaraq QHT çərşivəsinə enib.

“Artıq bu partiyanın adı qalıb. Özü isə siyasi səhnədən uzaqlaşaraq, QHT və kooperativ bir təşkilat kimi fəaliyyət göstərir. Onlar bir neçə xarici təşkilatla əməkdaşlıq müqaviləsi imzalayıb və onlarla əməkdaşlıq edərək pul qazanmaqla məşğuldurlar. Bu necə siyasi təşkilatdır ki, nə prezident seçkilərində iştirak etdi, nə namizəd irəli sürdü, nə heç kimi müdafiə etmədi, nə də ki, seçkinin yekunu ilə bağlı mövqe ortaya qoymadı. Belə də siyasi partiya olar? Ona görə də bir daha təkrar edirəm ki, bu artıq siyasi partiya deyil, kooperativ bir təşkilatdır”, - deyə partiya sədri AMİP-i ittiham edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR