Elçibəyə görə dava: sözçü və sabiq prokuror bir-birinə od püskürdü
Bizi izləyin

Nida.az

Elçibəyə görə dava: sözçü və sabiq prokuror bir-birinə od püskürdü

Sabiq baş prokuror İxtiyar Şirinin eks-prezident Əbülfəz Elçibəy haqqında fikirlərinə Elçibəyin özəl mətbuat katibi işləmiş Ədalət Tahirzadə sərt reaksiya verib.

Publika.az xəbər verir ki, Elçibəyin sözçüsü cavab olaraq bildirib ki, İxtiyar Şirin, siz bu qeydlərlə Elçibəy qarşısında günahınızı yuduğunuzu düşünürsünüzsə, ciddi yanılırsınız: “Siz yalnız Gəncə hadisələrinin obyektiv təsvirini və təhlilini verməklə və bu zaman qorxaqlıq göstərdiyinizi səmimi etiraf etməklə günahınızı yuya bilərsiniz. Yoxsa öz prezidentinə həbs sanksiyası vermək, onu necə adlandırırsınız adlandırın, ləkəsi üstünüzdə əbədi qalacaq və tarix boyu bununla xatırlanacaqsınız”.

İ. Şirinin Ə. Tahirzadəyə cavabında Elçibəyin qarşısında günahının olmadığını bildirib. “Siz kimsiniz, mən bilmirəm. Əli Ömərovu bu sözlərə görə verdim məhkəməyə. Məhkəmə mənim Əbülfəz Elçibəyin həbsinə sanksiya vermədiyimi müəyyən edib, Əli Ömərovu böhtançı elan etdi. İndi sizin kimi böhtançılara cavab verməyə həvəsim və vaxtım yoxdur. Mənim Elçibəyin qarşısında da heç bir günahım yoxdur. Ləkə varsa, sizin üzərinizdə var. Tarix boyu isə mənim xatırlanacaq çox işlərim var. Sizin kimi böhtançılar tarix boyu elə böhtançı olaraq da xatırlanacaqsınız. Mən bu statusu Əbülfəz bəyin tarixi xidmətlərini yada salmaq üçün yazdım. Əgər düz adamsınızsa, siz niyə onun fəaliyyəti haqqında bir kəlmə də yazmırsınız. Yazanları da ləkələməyə çalışırsınız. Əgər Əbülfəz bəy haqqında yazmaq sizin inhisarınızdadırsa, deyin, mən bu statusu silərəm. Təki siz yazıb yada salın Elçibəyi”.

Ə. Elçibəyin sabiq mətbuat katibi bildirib ki, onu tanıyıb-tanımamaq İ. Şirinin öz işinizdir: “Yazırsınız ki, “Əgər düz adamsınızsa, siz niyə onun fəaliyyəti haqqında bir kəlmə də yazmırsınız”. Mən onun həyatı və fəaliyyəti haqqında 7 kitab yazmışam. Görünür ki, siz yalnız öz yazdıqlarınızı oxuyursunuz. Məni də görməz-bilməzə “böhtançı” adlandırmaq və Əli Ömərovla bir cərgəyə qoymaq artıq sizin əxlaq məsələnizdir. Ancaq unutmayın: dediyimi etməsəniz tarix boyunca ittiham olunacaqsınız”.

Ardınca İxtiyar Şirinin od püskürən bu ittihamnaməsi gəlib: “Sizin profilinizə baxdım. Orada niyə Əbülfəz bəy haqqında bircə kəlmə belə yazmamısınız? Bir yerdə ikinizin şəkili var. Orada da özünüz barədə yazmısınız. Ona görə ki, Əbülfəz bəy barədə yazmaq indi qorxuludur, yaxud heç bir gələcək vəd etmir? Öz profilinizdə bütün tarixi şəxsiyyətlər barədə yazmısınız, şəkillərini vermisiniz, Əbülfəz bəy barədə bir kəlmə də yazmamısınız. Azərbaycan tarixində belə şəxs olmayıb bəyəm? Yazdığınız 7 kitabı da sandığa qoymusunuz, yəqin ki. Sizin kimiləri mən yaxşı tanıyıram. Konyuktirşiklər. Hanı 7 kitabınız. Niyə profilinizdə Əbülfəz bəyin fəaliyyəti barədə bircə kəlmə də yazmamısınız? Onun fəaliyyətini işıqlandırmamısınız? Sizin kimi adamlardan onun hakimiyyəti zamanı da var idi ətrafında. İndi hakimiyyətin verdiyi payları alıb oturublar yerlərində. Xahiş edirəm profilinizdə Əbülfəz bəy barədə yaxşı bir status yazın, onun mənim kimi yaxşı bir şəkilini verin. Mənə indi dedilər ki, siz Əbülfəz bəyin AXCP-də köməkçisi olmusunuz. Çox eyibdir sizə. Sizin profilinizin yarısı Əbülfəz bəy barədə olmalı idi. Siz isə bir kəlmə də yazmamısınız. Əli Ömərov indiyə kimi bütün çıxışlarında rəhmətlik Heydər Əliyev barədə gözəl sözlər deyir, onu xatırlayır. Siz isə rəhmətlik Əbülfəz bəy barədə bircə kəlmə də yazmırsınız. Hamı haqqında, hətta Nəriman Nərimanov barədə də yazılarınız var, onun şəkillərini vermisiniz. Buna görə də Əli Ömərovun etibarlılıq əmsalı sizinkindən üstün olduğuna görə mən sizin adınızı Əli Ömərovun adının yanında çəkdiyimə görə Əli bəydən üzr istəyirəm. Sizi kimi etibarsız adamlardan Azərbaycan siyasi tarixi çox görüb. Sizin adınız etibarsız adamların siyahısında tarix boyu yaşayacaq. Əxlaqsızın kim olduğu isə aydındır. Əbülfəz bəyin adını çəkməkdən çəkindiyiniz üçün qorxağın da kim olduğu hamıya aydın oldu. Buna görə də sizin nə mənə, nə də başqasına qorxaq deməyə mənəvi haqqınız yoxdur. Sizə bir də deyirəm. Tez bəy haqqında profilinizdə yaxşı bir yazı yazın, yaxşı bir şəkilini verin orada. Baxacam, yazmasanız, müzakirəni genişləndirəcəyik”.

“Mən təəccüb etdim - insanı tanımaya-tanımaya, fəaliyyətinə bələd olmaya-olmaya (yəni əlində heç bir maddi dəlil-sübut olmadan) onun haqqında “böhtançı”, “konyukturşik”, “etibarsız”, “hakimiyyətdən pay alan” və b. ittihamları irəli sürən adama bu boyda ölkənin baş prokurorluğunu necə tapşırıblar?! İxtiyar Şirin, xəbəriniz olsun: mən Elçibəyin “AXCP-də köməkçisi” deyil, onun özəl mətbuat katibi olmuşam və sizdən fərqli olaraq ona sonadək sədaqətli qalmışam, bu gün də sədaqətliyəm. Elçibəylə bağlı bütün iftira və böhtanlara cavab verirəm. Sizin düşündüyünüz kimi, mən Elçibəydən yazdığım kitabları sandığa qoymamışam və onları minlərlə nüsxə nəşr etdirərək oxuculara çatdırmışam. Onları siz oxumamısınızsa, bu mənim günahım deyil. Sizi də qınamıram - belə kitabları oxumağa vaxt tapa bilməzsiniz. Sizin təsəvvürünüzdə insanı sevmək o deməkdir ki, “feysbuk” profilinin yarısını ona həsr etmək və səhifəni onun şəkilləri ilə daim bəzəmək lazımdır. Elçibəyin müqəddəs xatirəsi mənim ürəyimdə, sizin tələb etdiyiniz fotosu isə mənim evimdə başımın üstündədir. Elçibəy mənim mürşidimdir və bunu sizdən başqa, Elçibəyi və məni tanıyan hər kəs bilir. Sizdən fərqli olaraq mən adımı siyasətçi qoymamışam və heç vaxt da özümə “siyasətçi” deməmişəm, bu gün də siyasətlə məşğul olmuram, xalqımızın təhsil tarixini və azadlıq uğrunda mübarizə tarixini öyrənirəm. İstər iqtidardan, istərsə də müxalifətdən indiyədək bir qəpik də almamışam, yalnız öz müəllim və elmi işçi maaşımla, bir də qələmimin mürəkkəbi ilə dolanmışam, heç kəsin qarşısında gözükölgəli deyiləm, ona görə də məni iqtidardan pay almaqda suçlamağınız yenə sizin əxlaq məsələnizdir” - deyə, Ə. Tahirzadə sonda qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm