Bakı erməni gəmilərinin Xəzərə çıxışı üçün Tehrana nota verə bilər - Analiz
Bizi izləyin

Nida.az

Bakı erməni gəmilərinin Xəzərə çıxışı üçün Tehrana nota verə bilər - Analiz

Tehranın Yerevana dəstək verməsi həmişə Bakını narahat edən məsələ olub. Qarabağın işğalına görə Bakının Yerevana qarşı apardığı haqlı təcridetmə siyasəti fonunda haqsız da deyil. Lakin Tehran öz əməlindən əl çəkmək niyyətində olmayıb. Ümumi anlamda Tehranın bu işğal faktında maraqlı olması ehtimalı yüksəkdir.

Rusiyanın “Nezavisimaya qazeta” nəşrində bu gün dərc olunan məqalədə olduqca maraqlı məqam ortaya çıxır. Belə ki, nəşr yazır ki, İran və Ermənistan iqtisadi əlaqələri yaxınlaşdırmaq üçün dəfələrlə cəhdlər edib. Tərəflər əvvəllər də bir sıra böyük layihələrin həyata keçirilməsi barədə niyyət protokollarını imzalayıb. Belə ki, Ermənistandan İrana yeni yüksəkgərginlikli elektrikötürmə xətti çəkilməli idi. Əks istiqamətdə neft kəmərinin çəkilməsi, həmçinin İran-Ermənistan sərhədində neft emal edən zavodu tikmək planlaşdırılırdı. İki ölkənin dəmiryol şəbəkələrinin birləşdirilməsindən söhbət gedirdi. Və nəhayət, İran Ermənistana özünün avtomobil yollarından, həmçinin Xəzər dənizindəki Ənzəli və Fars körfəzindəki Benderabbas limanından sıfır tranzit haqqı ilə istifadə barədə təklif verib (http://publika.az/p/43925).

Bu iki variant Ermənistan üçün olduqca vacib yoldur. Azərbaycan torpaqlarının işğal etdiyi üçün bölgədəki enerji layihələrindən kənarda qalan Yerevanın üzünə Türkiyə qapıları da bağlıdır. Buna rəğmən, Rusiyaya da birbaşa çıxış yoxdur.

Moskva ilə yeganə quru əlaqə Gürcüstan ərazisindəndir. Lakin 2008-ci il müharibəsindən sonra Tiflis öz yollarından istifadəni məhdudlaşdırdı. Son Avrasiya İttifaqı-Avropa Birliyi sərhədləri isə bunu ümumiyyətlə mümkünsüz edəcək. Belə ki, Gürcüstan Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladı, beləliklə, Tiflis öz torpaqlarını yalnız bu birliyə üzv, yaxud sazişi imzalayan ölkələrə açacaq.

Avrasiya İttifaqının sərhədlərinə daxil olmaq istəyən Ermənistan üçün də asılı olduğu Rusiyaya çıxış bağlanır və yeganə yol İran qalır, bu da quru deyil, yalnız Xəzərlə.


İran üzrə ekspert Sədrəddin Soltan Publika.az-a açıqlamasında bildirib ki, Tehranın Yerevana təklifi də məhz bu çıxışı yaratmaqdır: “Fars körfəzi Ermənistan üçün sərfəli deyil. Bura həm uzaqdır, həm də Ermənistan bu körfəzlə Orta Şərqə və Çinə gedə bilər. Amma Ermənistanın əsas əməkdaşlığı Rusiya ilədir. Deməli, hər şey Yerevanın Moskvaya maneəsiz çıxışını təmin etməkdir. İran Azərbaycanla münasibətlərdə Ermənistan faktorunu kənara qoymaq istəmir. Son vaxtlar Azərbaycan-İran arasında münasibətlər yaxşılaşmağa doğru gedir. Azərbaycan prezidenti Tehrana səfər etdi, Həsən Ruhaninin də Bakıya səfəri gözlənilir. Amma Tehran buna paralel olaraq Yerevandan dəstək əlini çəkmək istəmir. Bunun da bir çox səbəbləri var. Son proseslər fonunda əsas səbəb İranın Avrasiya İttifaqına daxil olmaq niyyətində olması və tərəfdaş olduğu Rusiyanın Ermənistan siyasətini dəstəkləməsidir”.

Qeyd edək ki, hələ də həll olunmayan Xəzərin statusu fonunda İranın Ermənistana Ənzəli limanına çıxış təklifi sual altında düşə bilər. Çünki hazırkı vəziyyətdə Xəzər suları 5 ölkəyə aiddir və su hövzəsində baş verən hər bir hadisəyə görə 5 ölkənin bir-birinin qarşısında öhdəliyi var. Xəzərin statusu həll olunmadan İranın Ermənistana Ənzəli limanından çıxış verməsi diplomatik qalmaqala səbəb ola bilər.

S. Soltan Bakının buna görə Tehrana nota verməsini istisna etmir. Onun fikrincə, bu məsələ ən azı etiraza səbəb ola bilər.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm