Mirmahmud Mirəlioğlu Milli Şuradan istefa verib?- AÇIQLAMA
Bizi izləyin

Nida.az

Mirmahmud Mirəlioğlu Milli Şuradan istefa verib?- AÇIQLAMA

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxması ilə bağlı ADP sədri Sərdar Cəlaloğlunun dediklərinə münasibət bildirmək istəməyib.

M. Mirəlioğlu Publika.az-a açıqlamasında bu məsələdən danışmaq istəmədiyini deyib.

“Mənim başım qarışıqdır, daha vacib işlərlə məşğulam. Sərdar bəy belə deyibsə, bunu ondan soruşun. Amma mən bu məsələyə münasibət bildirmək istəmirəm”, - deyə o bildirib.


KXCP sədrinin müavini Xəzər Teyyublu da Publika.az-a açıqlamasında məsələ ilə bağlı danışmaq istəmədiyini deyib.

“Sərdar bəyin dediklərindən xəbərim yoxdur. Bizim başımız Ali Məclisin sessiyasına qarışıb, daha vacib məsələlərlə məşğul oluruq. Ümumiyyətlə bu məsələdən danışmaq istəmirəm”, - deyə o qeyd edib.


Qeyd edək ki, ADP sədri S. Cəlaloğlu mediaya açıqlamasında M. Mirəlioğlunun Milli Şuradan ayrıldığını, Demokratiya və İnsan Haqları Mərkəzinin təsisçisi olaraq fəaliyyət göstərdiyini açıqlayıb.

Xatırladaq ki, KXCP ilə Milli Şura arasında münasibət soyuqdur. Buna səbəbsə, AXCP-nin qurumu öz üzvləri hesabına genişləndirmək istəyidir. Milli Şuranın sonuncu iclasına KXCP-nin qatılmaması bu partiyanın qurumda fəaliyyətini dondurduğu ehtimalını gücləndirir.


Lakin Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Publika.az-a deyib ki, qurumdan çıxmaqla bağlı KXCP-dən heç bir müraciət almayıblar.


“Ola bilsin ki, münasibətlərdə soyuqluq yaranıb, amma bu keçicidir. KXCP Azərbaycan demokratiyasının inkişafına töhfə verən partiyadır, biz onların getməsini istəmirik. Hazırda da rəsmi olaraq bu partiya Milli Şuranın üzvüdür”, - deyə V. Mirkamal bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm