Bağırovun nəvəsi Elçibəyin sözçüsünü məhkəməyə verir - Özəl
Bizi izləyin

Nida.az

Bağırovun nəvəsi Elçibəyin sözçüsünü məhkəməyə verir - Özəl

Mircəfər Bağırovun nəvəsi Tağı Bağırov tarixçi-yazar, vaxtilə Əbülfəz Elçibəyin özəl sözçüsü olan Ədalət Tahirzadəni məhkəməyə verir.

Bu barədə T. Bağırovun özü Publika.az-a məlumat verib. Buna səbəbsə, Ə. Tahirzadənin sosial şəbəkələrdə paylaşdığı Bağırovun həbsxana fotosudur.


Qeyd edək ki, Ə. Tahirzadə bir neçə gün öncə “facebook” səhifəsində Bağırovun həbsxanada pis vəziyyətdə olan fotosunu paylaşaraq yazıb ki, “bu gün Azərbaycan cəlladı Mircəfər Bağırovun ad günüdür”.

“Özünü tanıyandan əlində silah insan öldürməklə məşğul olub. Öncə Əli bəy Zizikskinin müavini kimi Qubada erməniləri və bolşevikləri qırıb, sonra Azərbaycan “ÇK”-sının sədri və daxili işlər komissarı - naziri kimi bolşeviklərin əmri ilə müsavatçıları və başqa azadlıqsevərləri kütləvi şəkildə məhv edib. 1930-da Azərbaycanda baş qaldırmış Şəki üsyanı kimi onlarca xalq etirazını ən amansız şəkildə qan içində boğub. Daha sonra Azərbaycan KP-nin 1-ci katibi işləyərkən 1937-38 və 1947-49-cu illər repressiyalarında Azərbaycan xalqının milli ziyalı elitasını və cəmiyyət içərisində nüfuzu olan bütün şəxslərini Moskvanın göstərişinə uyğun olaraq sistemli şəkildə məhv edib və bunların həlledici qismini ermənilərin əli ilə edib (Yuvelian Sumbatov-Topuridze onun ən sevimli dostu olub). Bütün karyerası boyunca Kremlin ən sədaqətli nökəri vəzifəsini yerinə yetirib. Sonu isə aşağıda gördüyünüz kimidir - on minlərcə yurddaşımızı məhv etdirdiyi zindana özü düşdükdən sonra sındırılmış gözlüyünün yerinə yeni gözlük də vermədilər. Bu, onun zindanda çəkilmiş və indiyədək heç kəsin görmədiyi son şəklidir”, - deyə Ə. Tahirzxadə vurğulayıb.

Bağırovun nəvəsi Tağı Bağırov isə fotonun həqiqiliyini təkzib edir.


“Bu foto saxtadır. Çünki Bağırovu sağlığında heç kim sındıra bilməyib. Mən həmin fotonu ekspertizaya göndərmişəm və saxta olduğu nəticəsi gəlib. Bunu hardan tapıblar bilmirəm, amma bildirim ki, bu şər-böhtandır. Şənbə günü Bakıya gəlirəm, həmin sənədlə birgə məhkəməyə müraciət edəcəm. Qoy, Ədalət Tahirzadə məhkəmədə cavab versin”, - deyə o bildirib.


Mircəfər Bağırovun həyatını tədqiq edən Adıgözəl Məmmədov da Publika.az-a bildirib ki, bu fotonun həqiqiliyi şübhəlidir: “Yazıblar ki, ilk dəfə bu foto üzə çıxıb. Amma mən bilirəm ki, bu foto 10 ildən çoxdur ki, internet resurslarında var idi. Kimi aldatmağa çalışırlar?”


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm