• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İŞİD-ə qarşı koalisiyada yer almaq Azərbaycana nə vəd edir? - TƏHLİL

  • Nida.az
  • 26 Sentyabr 2014 16:43
  • 650 Baxış
İŞİD-ə qarşı koalisiyada yer almaq Azərbaycana nə vəd edir? - TƏHLİL

ABŞ prezidenti Barak Obamanın 11 sentyabrda İŞİD-ə qarşı koalisiya açıqlamasından sonra Azərbaycanın da bu birlikdə yer alması gündəmə gəldi.

Amerik nəşri “The Hill” Ağ Evə çağırış edərək bildirdi ki, Vaşinqton Azərbaycan və Gürcüstanı bu koalisiyaya qoşmalıdır. Nəşrə görə, NATO-ya inteqrasiya edən Gürcüstan koalisiyaya hərbi, Azərbaycan isə maliyyə yardımı, eləcə də hava məkanı və digər formada dəstək verə bilər.


“Ağ Ev bu prosesin tərkib hissəsi kimi ABŞ-ın etibarlı regional müttəfiqləri ilə güclü koalisiyanın yaradılmasına başlamalıdır. Bu kontekstdə Vaşinqton ABŞ-ın ənənəvi dəstəkçiləri, xüsusilə Cənubi Qafqazda Gürcüstan və Azərbaycanla hərbi əlaqələri genişləndirməlidir. Onların əhəmiyyətini daha yüksək ölçmək olar. İraq və Suriyadan fərqli olaraq, burda sabit iqtisadiyyat var və hər iki ölkə Qərb meylini gizlətmir. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili keçmiş prezident Buşun yaxın dostu idi, o, ölkəsində bir çox inkişafa nail oldu.

Azərbaycan ərazisinin 20 faizini 1990-cı ilin müharibəsində itirməsinə baxmayaraq, beynəlxalq enerji təhlükəsizliyində mühüm rola malikdir.

ABŞ regional təhlükəsizlik infrastrukturunun inkişafı və İŞİD-ə qarşı əməliyyatlarda Azərbaycan və Gürcüstanın yardımına nail olmalıdır.
Gürcüstan əməliyyatlara hərbi, Azərbaycansa maliyyə vəsaiti ilə kömək edə bilər. Beləliklə, müharibədən bezmiş ABŞ ictimaiyyətini sakitləşdirmək də mümkün olacaq”, - deyə nəşr bildirmişdi.


İŞİD-ə qarşı koalisiya öz fərqli elementləri ilə seçilsə də, bu, İraq, Əfqanıstan və Kosovaya sülhməramlıların çıxarılması prosesinə bənzəyir. Hansı ki, Azərbaycan bu üç məkanda beynəlxalq sülhməramlıların tərkibində antiterror əməliyyatlarına dəstək verib.


1999-cu ilin sentyabr ayından başlayaraq, Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar.


Kosova


2008-ci ilin 17 fevralında da Kosovo parlamenti müstəqillik elan etdikdən sonra 26 fevral 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart, 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi.


Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər. 15 aprel, 2008-ci ildə bölmə Azərbaycana qayıtdı. Ümumilikdə Kosovada 400 azərbaycanlı sülhməramlısı xidmət edib.


İraq


Azərbaycan hərbçiləri İraqda BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət edirdilər. Azərbaycan hərbçiləri 14 zabit, 16 çavuş və 120-si əsgərdən ibarət idilər. Hərbçilər İraqın Əl-Xədifə şəhərində yerləşən SES-i mühafizə edirdi.

Milli Məclisin 11 noyabr 2008-ci il qərarı ilə 150 nəfərdən ibarət azərbaycanlı sülhməramlı hərbçilər İraqda öz vəzifələrini yerinə yetirərək vətənə döndülər.

İraqdakı sülhməramlı əməliyyatlarda 1 azərbaycanlı əsgər həlak oldu.

Əfqanıstan


Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edib. Bu hərbçilər şəhərdə post-patrul xidmətini yerinə yetiriblər. İlk vaxtlar Əfqanıstandakı azərbaycanlı sülhməramlılarının sayı 22 nəfər idi. 4 yanvar, 2008-ci ildə daha 23 nəfər sülhməramlısı göndərildi. Sentyabr ayında daha 45 azərbaycanlı əsgərı Əfqanıstana göndərilibdir.

Hazırda sülhməramlılarımızın Əfqanıstan missiyası davam edir.


İŞİD-ə qarşı davam edən hücumların sonunda, güman ki, eyni missiyalı antiterror koalisiyası formalaşdırılacaq.


Politoloq Natiq Miri Publika.az-a açıqlamasında deyib ki, hazırda İŞİD-ə qarşı hücum koalisiyasına Azərbaycanın da qoşulması ABŞ üçün sərfəli olar: “Amerika təyyarələri Bakıdan yanacaq doldurub qalxa bilər ki, bu, onlar üçün asandır. Lakin bu, bir qədər qarışıq məsələdir. Güman ki, Vaşinqton bununla bağlı Bakıya müraciət edib, amma, hələ cavab yoxdur”.


Politoloq qeyd edib ki, İŞİD-in məğlubiyyətindən sonra Suriya və İraqda sülhməramlı qüvvələrin yerləşdirilməsi istisna olunmayan məsələdir. Onun sözlərinə görə, Azərbaycan bu işdə çətinlik çəkməz: “Çünki artıq bizim bu istiqamətdə təcrübəmiz var. İraqın özündə də Azərbaycan sülhməramlıları iştirak edib. Amma bu gələcəyin məsələsidir”.


Politoloq Qabil Hüseynli isə Bakını bu koalisiyaya qoşulmaqda ehtiyatlı olmağa çağırıb. Publika.az-a açıqlamasında politoloq bildirib ki, bu yüksək səviyyəli məkanlarda ciddi müzakirəsi tələb olunan məsələdir: “Biz ən azından Türkiyənin nə edəcəyini gözləməliyik. Əsir diplomatlara görə, Ankara bu koalisiyaya daxil olmaq istəmirdi. İndi bundan sonra güman etmək olar ki, qərar dəyişəcək. Digər tərəfdən, Azərbaycanın elə bir öhdəliyi yoxdur. Ən azından NATO üzvü olsaydıq, bu haqda düşünərdik”.


Ən maraqlı məqam isə bu koalisiyaya qoşulmaqla nə qazanacağımızdır. Belə ki, Azərbaycan hələ 2001-ci il 11 sentyabr hadisələrindən sonra dünyada antiterror əməliyyatlarını dəstəkləyib. Bu günə qədər 3 ölkədə sülhməramlı qüvvələrlə təmsil olunub, birində hələ də bu missiya davam edir. Sülhməramlı missiyada itirdiyimiz bir əsgər olub. Qazandığımız isə dünya birliyində etibardır. Həmçinin, hərbi təcrübə baxımından da çox şey qazanmışıq. Amma bu koalisiyaya qoşulmağımız bizi İŞİD-in hədəfinə çevirməyəcəkmi?

Bir çox ekspertlər hesab edir ki, İŞİD koalisiya ölkələrindən öz qisasını ala bilər.


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc da düşünür ki, ehtiyatlı olmaq lazımdır.

“Azərbaycanın özünü ilk hədəf kimi təqdim etməsi doğru deyil. İŞİD-çilər 2003-cü ildən bu yana Əl-Qaidənin qolu kimi şişirdiləndə, onlara silah veriləndə, 2011-öci ildən başlayaraq Bəşər Əsəd əleyhinə formada saxlamaq üçün mötədillər, yaxud radikallar adı altında maliyyələşdiriləndə Qərb anlamalı idi ki, vaxtilə Üsama Bin Laden kimi bir gün İŞİD də silahları onlara qarşı çevirəcək. Axı kim zəmanət verə bilər ki, İŞİD məhv ediləndən sonra daha üst qurumda mövcud olan ekstremist dini təşkilatlar onlara qarşı koalisiyaya qoşulmuş ölkələri özlərinə hədəf seçməyəcəklər? Vaxtilə İraqdan Qərb qoşunlarının çıxarılması üçün müxtəlif qoşunların hərbçilərini ekran önündə edam edərək ultimatum göndərirdilər. Sabah bir Azərbaycan vətəndaşını, yaxud əsgərini dövlətin atdığı addıma görə edam edə bilərlər. Bu təcrübə dediyim kimi yaşanıb. Bu gün İŞİD-in Qafqazda da xilafət arzusunda olduğu xəbərləri yayılır. Hesab edirəm ki, bunlar kimlərinsə təşkilata qoşulmasını aktivləşdirmək üçün yayılan xəbərlərdir. İndi də əks koalisiyaya qoşulmaq üçün addımlar atılır. Kifayət qədər riskli addımlardır, ehtiyatlı olmalıyıq”, - deyə o bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR