“Jirinovskinin səfəri üzr istəməyə bərabər bir addımdır”
Bizi izləyin

Nida.az

“Jirinovskinin səfəri üzr istəməyə bərabər bir addımdır”

Deputatlar RLDP liderinin səfərini dəyərləndirdilər

“Jirinovskini ictimai rəydə xalq qəhrəmanına çeviriblər. Halbuki o, Rusiyada bir partiyanın sədri və Dövlət Dumasının deputatıdır. Onu sadəcə olaraq dünyadakı, Rusiyadakı proseslərə fərqli yanaşması, ölkəsinin siyasi həyatındakı tutduğu mövqenin rəngarəngliyi, heç nəyi ölçüb-biçmədən bütün məsələlərə münasibət bildirməsi, istənilən məqamda istənilən sözü danışmağı populyarlaşdırıb”. Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi professor Fəzail İbrahimli deyib.

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin səfərinə münasibət bildirən deputat qeyd edib ki, haqqında danışılan şəxs Azərbaycan haqqında uzun müddət mənfi fikirdə olub: “Həmçinin, Türkiyəyə, türkə qarşı mövqeyində həmişə ziyanlı məqamlar olub, mənfi şeylər danışıb, rəylər söyləyib. İndi isə fikrini tamam dəyişib, Azərbaycanla bağlı reallığı dərk edir. Azərbaycan reallığını görüb və görür, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsini dərk edir. Ölkəmizin regionda güc mərkəzi olduğunu başa düşür və nəhayət, bunun Azərbaycana qarşı bu qədər aqressiv, qeyri-səmimi, bir qədər də təhqiramiz münasibətinə baxmayaraq Azərbaycan tərəfinin ona qarşı münasibətinin laqeyd olduğunu dərk edib və qayıdıb Allah yoluna. “Axırıncı aşırım” filmində belə bir epizod var. Kərbəlayi komsomola deyir ki, “bala, səhv etmisən, götür silahı keç bizim tərəfə”. İndi Jirinovski öz səhvlərini başa düşüb, dərk edib və başlayıb həqiqəti, reallığı əks etdirməyə. Azərbaycana da çox xoş gəlib, yaxşı edib. O, Azərbaycana gəlməmişdən onun ölkəmizlə dedikləri şəhərdə yaşayıb kənd həyatından yazan şair-yazıçıların fikirlərinə oxşayır. İndi gəlib Bakını görəndən sonra hayıl-mayıl olacaq, Bakı haqqında, Azərbaycan haqqında düşüncələrini bir az da dəyişəcək. Azərbaycanın qonaqpərvərliyini görəndə yanlış olduğunu dərk edəcək. Azərbaycanın ona səmimi münasibətini gördükdə başa düşəcək ki, Azərbaycan xalqı böyük xalqdır, qonaqpərvər xalqdır. Mənə elə gəlir ki, o ölkəmizlə bağlı düşüncəsində qəti ədalətli mövqedən çıxış edəcək”.

Qeyd edək ki, bəzi siyasətçilər Jirinovskinin üzr istədikdən ölkəyə gəlişinə icazə verilməsinin vacibliyini vurğulayırlar. F.İbrahimli isə deyib ki, Azərbaycan böyüklük nümayiş etdirib: “Əgər o Azərbaycana gəlibsə, demək üzr istəmiş kimidir. Şair Osman Sarivəlli nə yazırdı? Yazırdı ki, “Məndən təzə şeir xəbər alan dost, bəs yazın gəlməsi şeir deyilmi?” Bəs, Jirinovskinin Azərbaycanla bağlı fikrini dəyişməsi üzr istəmək deyilmi? Jirinovskinin Azərbaycana gəlişi öz-özlüyündə günahlarının üstündən xətt çəkməsi deyilmi? Onun daim nifrətlə danışdığı bir məmləkətə, düşmən saydığı bir ölkəyə qonaq sifətilə gəlməsi elə üzr istəməyin ifadəsidir. Azərbaycan xalqı səbrli, qonaqpərvər xalqdır. Səbr də Allahın adıdır. Görürsünüzmü, hər şey gəlib öz yerini tapır. Ona görə də Jirinovskinin üzr istəməsinə xüsusi ehtiyac yoxdur. Elə onun gəlişi üzr istəməyə bərabər bir addımdır”.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa isə deyib ki, siyasətdə əbədi düşmənlər yoxdur. O əlavə edib ki, biz başqa ölkənin siyasətçisinə özümüzün məqbul saydığımız əxlaq kodeksini qəbul etdirə bilmərik: “Yəni, onların yanaşmaları fərqli ola bilər. Biz Ermənistana dəstək verən iranlı siyasətçiləri də xoş qarşılayırıq, çalışırıq ki, bizə düşmən mövqedən çıxış etməsinlər. Hesab edirəm ki, eyni qaydanı Rusiya siyasətçilərinə qarşı da nümayiş etdirməliyik. Vladimir Jirinovskinin bu səfərini normal qiymətləndirirəm. Bu səfər zamanı çalışmalıyıq ki, Jirinovskinin Azərbaycana yanaşma tərzi ən azı Rusiya miqyasında düşmənçilik səviyyəsində olmasın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm