Serj Sarkisyan faktları və sülh prosesini saxtalaşdırır
Bizi izləyin

Nida.az

Serj Sarkisyan faktları və sülh prosesini saxtalaşdırır

Azərbaycan XİN rəhbəri Ermənistan rəhbərliyini faktların və sülh prosesinin saxtakarlığında ittiham edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov şənbə günü BMT-nin Baş Assambleyasının 69-cu Sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.

"İki gün bundan öncə Ermənistanın prezidenti ümumi müzakirələrdə çıxış edərək, faktları və sülh prosesini saxtalaşdıraraq və beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul edilmiş sənədləri təhrif edərək, BMT Baş Assambleyasını aldatmağa çalışıb",- Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov şənbə günü deyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti ali prinsip olan xalqların öz müqəddəratını təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini zor tətbiq etməklə ilhaq edilməsi cəhdlərini ört-basdır etməyə çalışır.

"Onun Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışdığı vəziyyətin BMT nizamnaməsi və Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratını təyin etmə ilə heç bir əlaqəsi yoxdur", - Məmmədyarov bildirib.

Əslində öz müqəddəratını təyin etmə prinsipi didərgin düşmüş azərbaycanlıların Dağlıq-Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycan daxilində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur",- nazir əlavə edib.

Biz bu məqsədə sülh yolu ilə nail olacağımıza inanırıq.

"Azərbaycan BMT nizamnaməsində, xüsusilə 51-ci maddədə təsbit olunmuş hüquqlarına xələl gətirmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ermənistan hökuməti dərk etməlidir ki, digər dövlətin ərazisinin işğal edilməsi həll yolu deyil və onun status-kvoya güvənməsi böyük yanlışlıqdır. Azərbaycan heç vaxt ərazi bütövlüyünü və işğal nəticəsində pozulmuş vətəndaşlarının hüquq və azadlıqlarını güzəştə getməyəcəkdir", - nazir deyib.

Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı və davamlı dəstəyi ciddi amildir. Bu Ermənistana onu aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul edilməyəcəkdir.

Dünya ikili standartları qəbul etməməlidir, əks təqdirdə, bu yanaşma bizi yenidən keçən əsrin qaranlıq dövrlərinə apara bilər. Bu xüsusda, Ermənistanda Azərbaycana qarşı təcavüz və insanlığa qarşı cinayət törətmiş şəxslərin ədalət qarşısına çıxarılmasını və onlara qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı yetişib,nazir əlavə edib.

Nazirin bildirdiyinə görə, zorakılıq və kövrək durum inkişafa qarşı ən böyük maneə olaraq qalmaqdadır. Dünya birliyi hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ciddi şəkildə pozulması halları ilə üzləşir. Xalqlar dünya boyunca dağıdıcı müharibələr, təcavüz, hərbi işğal və etnik təmizləmədən hələ də əziyyət çəkməkdə davam edirlər.

İyirmi ildən artıq bir müddətdə qonşu Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi güc tətbiq edir. Ermənistan 20 faizə yaxın Azərbaycan ərazisini işğal etmiş, bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirmiş və bunun nəticəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. İşğal edilmiş ərazilərdə və Ermənistanda Azərbaycanın bütün tarixi və mədəni abidələri dağıdılmaya məruz qalmışdır, Elmar Məmmədyarov qeyd edib.

Nazirin sözlərinə görə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü və zor tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini təsbit edən dörd qətnamə qəbul etmişdir. Qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan əlavə, BMT-nin Baş məclisi, Qoşulmama hərəkatı, İslam əməkdaşlıq təşkilatı və çoxsaylı digər regional təşkilatlar Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyən və münaqişənin bu prinsiplər əsasında həllini tələb edən müxtəlif qərarlar qəbul etmişlər.

Təəssüf ki, Ermənistan tərəfindən yuxarıda qeyd olunan bu qətnamələrə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə məhəl qoyulmur və Ermənistan Azərbaycan torpaqlarının hərbi işğalını davam etdirir, XİN rəhbəri bildirib.

Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəs rejiminin pozulması və Azərbaycanın dinc sakinlərinin məqsədyönlü şəkildə hücumlara məruz qoyulması nəticəsində cəbhə xətti yaxınlığında yaşanan sakinlərin ölümü və yaralanması halları baş verir. Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qoyulmuş, onların bəziləri hətta öldürülmüşdür.

"Məhz bu səbəbdən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığın sona çatdırılmasında beynəlxalq birliyin daha aktiv mövqe nümayiş etdirməsi zəruridir. Cəzasızlığın qarşısının alınması davamlı sülhün və barışığın təmin edilməsi baxımından əhəmiyyətlidir", - nazir qeyd edib.

Ermənistan prezidenti BMT Baş Assambleyasında Azərbaycanın ünvanına yenidən tənqidlə çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm