"Jirnovskinin bizə dost olması daha sərfəlidir" - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

"Jirnovskinin bizə dost olması daha sərfəlidir" - MÜSAHİBƏ

Musa Quliyev: "O, dünya çapında qeyri-standart siyasətçi kimi tanınır"

"Rusiya kimi qonşu ilə dostluq və əməkdaşlıq münasibətləri daima qorunmalıdır. Nəzərə almaq lazımdır ki, Jirinovski bura tək gəlməyib. Ümumilikdə Rusiya parlamenti, hökuməti və Moskva meriyasından geniş bir nümayəndə heyəti gəlib. Bunların hamısı Azərbaycanın Rusiya üçün böyük əhəmiyyətə malik olduğunun göstəricisidir. Həm də Rusiyanın Azərbaycana isti yanaşmasının təzahürüdür. Fikrimcə, əməkdaşlıq yeni mərhələyə keçir. Biz buna ancaq sevinə bilərik".

Bu fikirləri qəzetimizə müsahibəsində millət vəkili Musa Quliyev deyib. Müsahibəni təqdim edirik.

- Musa müəllim, oktyabrın 1-dən Milli Məclisin payız sessiyası başlayacaq. Sessiyada hansı məsələlər müzakirə olunacaq?
- Əslində, payız sessiyası büdcə sessiyası adlanır. Çünki dövlət büdcəsinin, eləcə də, buna uyğun olaraq digər büdcə sənədlərinin qəbulu payız sessiyasının yarısını əhatə edir. Bu mənada, payız sessiyasına çox qanun çıxarılmır. Nəzərə alsaq ki, Azərbaycan Avropaya inteqrasiya olunur, bir çox konvensiya və müqavilələrə qoşulur, o zaman payız sessiyasında da bu məsələlər müzakirə edilə bilər. Mənim təmsil olunduğum Sosial siyasət komitəsi sessiyaya iki qanun layihəsi təklif edəcək. Bunlardan biri "Ailə Məcəlləsnə" əlavə və dəyişikliklərlə bağlıdır. Çoxdan müzakirə edilirdi ki, nikaha girən şəxslərin icbari tibbi müayinəsi olmalıdır. Əlbəttə, tərəflər nikahdan öncə pulsuz tibbi müayinədən keçməlidir. Bu, lazımlıdır. Çünki bəzən xəstəliklər doğulan uşağa, eləcə də, ər və arvadın özünə keçə bilir. Bunların qarşısı alınmalıdır və bu, ciddi məsələdir. Biz həm də optika ilə bağlı qanun layihəsi təklif edəcəyik. Bildiyiniz kimi, dünyanın əksər ölkələrində eynəklərin hazırlanması, keyfiyyəti, standarta uyğun olması, təhlükəsiz olması ciddi problemdir. Yay mövsümündə kütləvi sürətdə buraxılan eynəklərin çoxu keyfiyyətsiz olur. Bu, həm də uşaqların görməsinə sonradan mənfi təsir göstərir. Eləcə də, yaxın və uzaq görmə ilə bağlı eynəklər də standartlara uyğun olmur. Bunun qarşısını almaq üçün qanun hazırlanır və hesab edirəm ki, sessiya zamanı qəbul ediləcək. Əlbəttə, cənab Prezidentin təşəbbüsü ilə qanun layihəsi daxil olsa, buna da baxılacaq.

- Sizin özünüzün hazırladığınız qanun layihəsi varmı?
- Mənim subyektiv fikrimdir ki, payız sessiyasının iş planına qəbiristanlıqların qorunması və dəfn işinin təşkili haqda layihə hazırlanmasını təklif edim. Çünki bu da sosial sifariş halına çatıb. Yəni dəfn işi necə, kimlər tərəfindən həyata keçirilməlidir, dövlət və bələdiyyə məzarlıqları necə olmalıdır, burada insanlara nə qədər yer ayrılmalıdır və qəbir daşlarının hamısının eyni ölçüdə olması vacibdir. Bununla bərabər özəl qəbiristanlıqların yaradılması məsələsinin də hüquqi bazası yaradılmalıdır.

- Qəbiristanlıqların köçürülməsi məsələləri də ola bilərmi?
- Niyə köçürülməlidir? Mən bu haqda bir söz deyə bilmərəm. Özüm də heç vaxt belə bir fikir işlətməmişəm. Sadəcə, hesab edirəm ki, yuxarıda qeyd etdiyim məsələlərlə bağlı hüquqi baza yaradılmalıdır.

- Hazırda qəbiristanlıqlarda vəfat edən şəxslərə yerin ayrılması üçün müəyyən qədər vəsait ödəmək lazım gəlir. Sizin təklif edəcəyiniz layihədə bu məsələ necə tənzimlənəcək?
- Dövlət və bələdiyyə məzarlığında qəbir yerləri pulsuz olmalıdır. Özəl qəbiristanlıqlar da yaradılmalıdır. Kim istəsə, ailəvi məzarlığı olsun, gedib özəl qəbiristanlıqda özünə yer və istədiyi formada qəbir daşı sifariş edə bilər. Amma dövlət və bələdiyyə qəbiristanlıqlarında qəbir yerləri və baş daşları ilə bağlı standartlar olmalıdır. Yaxşı olar ki, dəfn işi də dövlət tərəfindən həyata keçirilsin. Bəzən insanın maliyyə, bəzən isə fiziki imkanı olmur ki, dəfni təşkil etsin, məzarı qazdırsın.

- Bu sahə həm də biznes hesab olunur. Düşünmürsünüz ki, sizin bu təşəbbüsünüzdən sonra müəyyən hücumlara məruz qala bilərsiniz?
- Biz sözümüzü deyirik. Kim istəyir qarşı çıxsın. Neçə illərdir ki, yas və toy mərasimləri haqda danışırıq. Millət vəkilinin vəzifəsi odur ki, milli maraqlara üstünlük versin.

- Azərbaycanda hepatit xəstələri çoxdur, amma hepatit mərkəzi yoxdur. Belə mərkəzə ehtiyac varmı?
- Hepatit mərkəzinin olması vacib deyil. Azərbaycanın 10 milyon əhalisi var. Bizdə bir çox mərkəzlərin tərkibində hepatit şöbələri var. Ayrıca mərkəzin olmasına ehtiyac yoxdur. Mərkəz o zaman yaradılır ki, orada elmi təhqiqat işləri getsin, analizlər aparılsın, dərmanlar sınaqdan çıxarılsın. Bu, bizim üçün aktual deyil. Mən hepatit mərkəzinin yaradılmasını məqsədəuyğun saymıram. Amma hepatitlə mübarizə üçün dövlət proqramı qəbul edilə bilər. Bu, daha real və lazımlıdır, nəinki hepatit mərkəzinin yaradılması.

- Rusiya Dövlət Dumasının sədr müavini, RLDP sədri Jirinovski Azərbaycanda səfərdədir. Bu şəxs dəfələrlə antiAzərbaycan bəyanatları ilə yaddaşımızda qalıb. Onun Bakıya gəlməsini necə qiymətləndirirsiniz?
- Düşmən adamın qapısına gələndə, bizim millət onu qonaqpərvərliklə qarşılayır. Jirinovski birmənalı fiqur deyil. O, dünya çapında qeyri-standart siyasətçi kimi tanınır. Həm də onun bizə düşmən olmasından daha çox dost olması sərfəlidir. Bu mənada, bizim ayağımıza gəlibsə, ictimaiyyətlə görüşlər keçirirsə, onu itələməyə və köhnə inciklikləri üzə vurmağa ehtiyac yoxdur. Həm də Rusiya-Azərbaycan münasibətləri fonunda Jirinovski kimi adamlar gəldi-gedərdi. Buna əhəmiyyət verib qabartmaq da lazım deyil. Əsas odur ki, Rusiya bizim böyük və potensialı olan qonşumuzdur. Rusiya kimi qonşu ilə dostluq və əməkdaşlıq münasibətləri daima qorunmalıdır. Nəzərə almaq lazımdır ki, Jirinovski bura tək gəlməyib. Ümumilikdə Rusiya parlamenti, hökuməti və Moskva meriyasından geniş bir nümayəndə heyəti gəlib. Bunların hamısı Azərbaycanın Rusiya üçün böyük əhəmiyyətə malik olduğunun göstəricisidir. Həm də Rusiyanın Azərbaycana isti yanaşmasının təzahürüdür. Fikrimcə, əməkdaşlıq yeni mərhələyə keçir. Biz buna ancaq sevinə bilərik.

- Azərbaycan-Rusiya münasibətlərinin yaxınlaşması Ermənistan-Rusiya münasibətlərinə təsir edirmi?
- Ermənistan-Rusiya münasibəti deyilən bir şey yoxdur. Çünki Ermənistan müstəqil bir dövlət deyil və bu ölkənin müstəqil siyasəti yoxdur, üstəlik də, Rusiyadan asılı dövlətdir. Bizim münasibətlərimizin bir qədər də yaxınlaşması Qarabağ probleminə müsbət təsiri ola bilər. Biz açıq-aydın deyirik ki, Qarabağ konfliktinin açarı Rusiyanın cibindədir. İndi bu açarı götürüb qıfılı açmaq üçün, hesab edirəm, xoş münasibətin qurulması lazımdır. Ancaq Ermənistan müvəqqəti dövlətdir və bu ölkəyə çox önəm verməli də deyilik. Qarabağ konflikti həll olunandan, Rusiyanın Qafqazda mövqeyi tam bəlli olandan sonra Ermənistan heç kəsə lazım olmayacaq. Hətta Qarabağ probleminin həlli uzansa belə, yenə də Ermənistanın axırı yoxdur. Çünki əhali ildən-ilə Ermənistanı tərk edir, demoqrafik böhran yaşanır, iqtisadiyyat çökür. Bir dövlət ki diasporanın verdiyi ianə ilə yaşaya, bu dövlətin hansı gələcəyi və perspektivi ola bilər? Biz, əsasən, böyük gücləri göz önünə gətirməli, super güclərin konfliktlərindən özümüzü qorumalı və çalışmalıyıq ki, belə konfliktlərdən bizə ziyan gəlməsin. Bir məqama toxunum. Bu yaxınlarda Amerika prezidenti Obama Azərbaycanın adını mənfi aspektdə çəkib. Bu, təsadüfi bir hal deyil və həm də Azərbaycanla bağlı məsələ deyil. Obamanın dərdi, problemi ayrıdır. Azərbaycan müəyyən məsələlərdə Obama siyasətinə alət olmadığından, özünün müstəqil siyasətini yeritdiyi səbəbindən bu adam Azərbaycanı tənqid edib. Biz böyük güclərlə son dərəcə ehtiyatlı olmalıyıq. İndi dünyada beynəlxalq vəziyyət elə də rahat deyil, əksinə, gərgindir. Ərəb dünyasında, Ukraynada, Suriyada vəziyyət göz önündədir, Rusiya-Amerika münasibətlərində baş verənləri müşahidə edirik. Bizim prezidentin apardığı tarazlaşdırılmış beynəlxalq siyasət hələlik bizi ağır kataklizmlərdən qoruyur və bundan sonra da qoruyacaq. Odur ki, Jirinovski və ya başqa birinin gəlməsindən həyəcan keçirməyə, gərginlik yaratmağa və ya kimlərinsə Jirinovskini daşlamağına qəti ehtiyac yoxdur. Biz belə hallara soyuqqanlı baxmalıyıq. Suriyada heç nədən minlərlə adam qırılır. Türkiyənin özünün problemləri var, üstəlik, konfliktlərə cəlb edilir, kürd məsələsi həll edilmir. İraqda ciddi problemlər var. Ukraynada proseslərin sonunun necə olacağı bilinmir. Ona görə də Qarabağ kimi problemi olan ölkənin indiyə qədər stabilliyini qoruyub saxlaması və indiyə qədər beynəlxalq aləmdə imic qazanması, böyük layihələrə imza atması, əlbəttə, Prezidentin qüdrətindən, dövlətimizin gücündən xəbər verir. Hesab edirəm ki, xalqımız bunu qiymətləndirməlidir.

- Müsavat Partiyasının qurultayı keçiriləcək. Hakim partiyanın nümayəndəsi olaraq Müsavatın qurultayından nə gözləyirsiniz?
- Mən Müsavatdan heç nə gözləmirəm. Müsavatın qurultayı, yəqin ki, müsavatçıların özləri üçün maraqlı olar, Azərbaycan ictimaiyyəti üçün bu elə də maraqlı bir şey deyil. Qurultay keçirərlər, başqanlarını seçərlər. Ondan sonra tutacaqları kursa baxarıq. Ancaq hakim partiya istənilən partiya ilə əməkdaşlıq etməyə, fikir mübadiləsi aparmağa hər zaman hazırdır. Bu şərtlə ki, onlar Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar. Bizim heç kəslə problemimiz yoxdur. Biz iqtidar partiyasıyıq, ölkənin ən nüfuzlu təşkilatıyıq. İstənilən partiya ilə müzakirələrə daima hazırıq. Bizim partiyanın sədri də dəfələrlə bu fikirləri söyləyib. Amma kim ki radikal və antimilli mövqe tutacaq, biz onun yanında deyil, qarşısında olacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm