Tural Abbaslı: “Arif Hacılı partiyaya yenilik gətirməyəcək” - Müsahibə
Bizi izləyin

Nida.az

Tural Abbaslı: “Arif Hacılı partiyaya yenilik gətirməyəcək” - Müsahibə

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Tural Abbaslının Publika.az-a müsahibəsi

- Tural bəy, qurultayda cəmi 19 səs topladınız. Bu gözlənilən idimi?

- Biz daha çox səs gözləyirdik, xüsusilə apardığımız təbliğat kampaniyasından çıxış edəndə. Lakin gözlədiyimizdən az oldu. Buna da bəzi nüanslar təsir etdi. Könül istərdi ki, daha çox olsun, amma görünən budur. Yəni hələ ki reallıq budur.

- Bundan sonra partiyada hansı vəzifədə təmsil olunmaq istəyirsiniz?

- Qurultayda bütün seçkili vəzifələr qüvvədən düşmüş sayılır. Yeni seçkilər olur və seçilən başqan öz müavinlərini, rayon təşkilat sədrlərini və digər vəzifəliləri təyin edir. Seçkili orqan Məclis və digər strukturlardır ki, onlara üzvlər seçildi. Biz də öz fəal fəaliyyətimizi davam etdirəcəyik. Hansısa vəzifəyə etimad göstərəcəklərsə, bacardığımız qədər öhdəsindən gələcəyik, yaxud sıravi müsavatçı kimi əvvəlkindən də artıq fəaliyyətimizi davam etdirəcəyik.

- Siz qurultayda çıxışınız zamanı bildirdiniz ki, Arif Hacılını seçiriksə, onda İsa Qəmbərin getməyinə ehtiyac yoxdur. Çünki bu, iki şəxsdən birinin adını çəkəndə o biri yada düşür. Amma nəticələrə görə, başqan Arif Hacılı oldu.

- Bizi təbliğat kampaniyasında əsas tezislərimizdən biri o idi ki, yeni sima, yeni nəfəs olsun. İnsanların daha az tanıdığı, siyasətə daha sonra gələn, cəmiyyətin bu günki liderlərə tutduğu iradın ona aidiyyəti olmayan bir lider olsun. Bu aspektdən yanaşırdıq. İsa bəylə Arif bəyin fəaliyyəti eynidir. Əgər yenilik olması üçün İsa bəyi dəyişiriksə, Arif bəyin başqan olması ilə yenilik olmayacaq. Yəni Arif Hacılı partiyaya yenilik gətirməyəcək. Bundan sonra da dünənə qədər olan proseslərin davamı olacaq. Amma əlahəzrət seçici bu gün belə istəyir və biz bu seçimlə hesablaşmağa məcburuq.


- Yəni partiya yeniliyə hazır deyil.

- Yenilik məsələsinə hər kəsin bir yanaşması var. Bizim aspektimizə görə, yenilik belə olmalı idi. Lakin ola bilsin ki, Arif Hacılıya səs verənlər yeniliyin bu olduğunu düşünürlər. Buna görə də ittiham etmək doğru olmaz. Adama deyərlər ki, özünü yeni hesab edirsənsə, bizim üçün də yenilik budur.

- Bəy, seçkidən iki gün keçib, bəzi narazılıqlar var və hətta partiyadan parçalanmaların, istefaların olacağı iddiaları gündəmə gəlir. Ümumi ab-hava necədir?

- Müsavat haqqında zaman-zaman iddialar irəli sürülür ki, filan bəy gedəcək, parçalanma olacaq, filan bəy istefa verəcək, kütləvi istefalar olacaq. Amma bəzi dövrlərdə həmin filan bəylər bu və ya digər səbəbdən partiyadan gediblər, onların ən qatı tərəfdarları isə Müsavatda müsavatçı olaraq qalıblar. Bu gün Müsavatda Arifçi, Turalçı, yaxud kimçi prinsipi yox, müsavatçı prinsipi var. İnanmıram ki, namizədlərdən kimsə getsin, amma əgər gedən olacaqsa, belə ciddi bir dəyişiklik görmürəm. Böyük partiyalarda gündəlik, cari istefalar olur, gələnlər də olur. Ona görə də bundan fərqli nəsə baş verəcəyini düşünmək yanlışdır.

Təbii ki, seçkinin nəticəsindən narazı olanlar, qəbul etməyənlər var. Amma narazılıqlarını partiyada qala-qala davam etdirə bilərlər. Buna görə də kütləvi istefaların olacağına inanmıram.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm