Sammit başlayır: kimin gəmisi Həştərxandan dolu qayıdacaq?
Bizi izləyin

Nida.az

Sammit başlayır: kimin gəmisi Həştərxandan dolu qayıdacaq?

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan dövlət başçıları bu gün Xəzər üçün bir araya gəlir.

Publika.az-ın verdiyi məlumata görə, bu gün Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə IV Xəzər sammiti keçiriləcək.

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanquli Berdimuhammedovun qatılacağı IV Xəzər sammitinin ən əhəmiyyətli müzakirə mövzusu Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsidir.

Daha əvvəllər keçmiş SSRİ və İran arasında bölünən Xəzər dənizinin SSRİ-nin dağılmasından sonra yenidən bölüşdürülməsi üçün beş ölkə arasında müzakirələr başlayıb. Lakin bu günə qədər yekun nəticə əldə etmək mümkün olmayıb.

Ölkələrin hərbi və geopolitik maraqları, Xəzərin zəngin neft və təbii qaz ehtiyatlarından daha çox pay almaq istəyi status məsələsinin bu günə qədər həll olunmamasını şərtləndirib. Xəzərdəki ekoloji vəziyyət, bitki və heyvan aləminin qorunması, onlardan istifadə olunması, fövqəladə hallarda əməkdaşlıq məsələlərində müəyyən razılaşma təmin edilsə də, Xəzərin “gölmü, yaxud dənizmi?” sualına cavab tapmaq mümkün olmayıb. Su dibi və səthində sərhədlərin müəyyənləşdirilməsi, neft və təbii qaz yataqlarının kimə məxsus olacağı, dəniz dibindən boru xətlərinin çəkilməsi kimi mövzular da həll olunmamış qalır.

Xəzərdə kim nə istəyir?

Xəzərə sahili olan ölkələrdən Rusiya, Azərbaycan və Qazaxıstanın dəniz dibinin bölünməsi ilə bağlı razılaşmaları var. Bu mövzuda İran və Türkmənistan ilə razılaşma təmin etmək mümkün olmayıb. Moskva dəniz səthinin milli bölgələrə bölünməsini təklifi ilə çıxış edir.

Rusiya Xəzərin sahildən 25 dəniz mili məsafədə milli zonalara bölünməsi, qalan sahənin isə beş ölkə tərəfindən ortaq istifadə edilməsini təklif edir. Moskva gəmilərinin sərbəst hərəkətinin məhdudlaşdırılacağı və İranla dəniz qonşusu olmaq xüsusiyyətini itirəcəyi üçün Xəzərin beş milli əraziyə bölünməsinə qarşı çıxır.

Xəzərin göl olaraq qəbul edilməsinə tərəfdar çıxan Rusiya hesab edir ki, buradan keçəcək boru xətləri üçün bütün ölkələrin razılığı alınmalıdır. Azərbaycan, Türkmənistan və Qazaxıstan isə bu təklifə müsbət baxmır. Rusiyanın boru xətləri ilə bağlı israrçı mövqeyi isə Türkmənistan qazını Avropa bazarlarına çıxmasının qarşısını almaq istəyi ilə bağlıdır. Rusiya türkmən qazının Avropa bazarında onun qazına rəqib olacağından ehtiyat edir.

İran Xəzərin 5 hissəyə bölünməsini istəyir

İran həm daha çox dəniz ərazisi əldə etmək, həm də yeni təbii qaz yataqlarına sahib olmaq üçün su dibi və səthinin beş bərabər hissəyə bölünməsini istəyir.

Sovetlər dövründəki sərhədindən daha çox əsazi istəyən İran hələ işlədilməyən “Alov” təbii qaz yatağı ilə bağlı da Azərbaycanla anlaşılmazlıq yaşayır. Xəzərdə bir başqa anlaşılmazlıq isə “Kəpər” (Türkmənistanda bu yataq “Sərdar” adlandır – Ö.D.) təbii qaz yatağına görə Azərbaycan və Türkmənistan arasındadır.

Türkmənistan da İran kimi Xəzərin bərabər hissələrə bölünməsini istəyir. Ancaq Türkmənistanın Rusiya, Azərbaycan və Qazaxıstanla bu mövzuda fikir ayrılığı var.

Qazaxıstan və Azərbaycan isə hər fürsətdə Xəzərin milli bölgələrə bölünməsinin tərəfdarı olduğunu açıqlayır. Xəzərin bağlı bir dəniz olduğunu bildirən Qazaxıstan burada BMT konvensiyaların tətbiq olunmasını istəyir. Astana dəniz dibinin beş bərabər hissəyə bölünməsini, dəniz səthinin isə birgə istifadə edilməsini tələb edir.

Azərbaycan Xəzərin “orta xətt qanunu” əsas alınaraq milli bölgələrə bölünməsini və ölkələrin bu bölgələrdə tam səlahiyyətli olmasını təklif edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm