Qərib Məmmədov beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir
Bizi izləyin

Nida.az

Qərib Məmmədov beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Avropada milli xəritəçəkmə və kadastr agentliklərinin assosiasiyası olan “EuroGeographics”-in Baş Assambleyasında işirak edir.

Bu barədə Publika.az-a komitənin mətbuat xidmətindən məlumat verilib. Təşkilatın növbəti Baş Assambleyası 28-30 sentyabr 2014-cü il tarixlərində Moldova Respublikasında keçirilir. Tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə tərkibinə komitənin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev, Abşeron rayon şöbəsinin müdiri Mübariz Vəliyev və Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru Elçin Məhərrəmov da daxildir.

Budəfəki Plenar iclasın gündəliyinə 46 Avropa ölkəsini təmsil edən, 61 təşkilatı özündə birləşdirən Eurogeographics assosiasiyası qurumun İdarəetmə Şurasının illik hesabatı, Şuraya yeni üzvlərin seçilməsi, 2015-ci il üçün fəaliyyət planı və büdcə kimi cari məsələlərlə yanaşı, bir sıra konseptual problemlərə də xüsusi yer ayırıb. Bunlardan kadastr məsələlərinin gələcəyinə cəmiyyətin təsiri, Avropa Məkan Platformasının milli xəritəçəkmə və kadastr təşkilatları üçün üstünlükləri kimi qlobal mövzuları xüsusilə qeyd etmək lazımdır. Dəyirmi masa ətrafında Avropa ölkələrinin müvafiq qurumlarının rəhbərləri milli xəritəçəkmə qurumlarının rolunun geoməkan informasiyasının brokeri olaraq təsbit edilməsi, böyük verilənlər inqilabı, yeni texnologiyaların milli xəritəçəkmə və kadastr təşkilatlarına təsiri və gələcəyin kadastrı mövzularında geniş müzakirələr aparırlar. Onların çatdırmaq istədikləri başlıca mesajlar aşağıdakılardır:

  • Cəmiyyətin gözləntiləri dəyişmişdir, xəritəçəkmə qurumları da onlara cavab olaraq dəyişməlidirlər;
  • Avropa Məkan Platforması milli geodeziya istinad məlumatlarına və xidmətlərinə vahid nöqtədən əlçatanlığın təmin olunması tələbinə assosiasiya üzvlərinin cavabıdır;
  • Maliyyə, texniki və təşkilatı dəyişikliklər milli xəritəçəkmə və kadastr təşkilatları üçün yeni imkanlar yaradır.

Birləşmiş Krallığın xəritəçəkmə xidmətinin keçmiş rəhbəri doktor Vanessa Lourensin “milli kadastr, torpaq reyestri və xəritəçəkmə fəaliyyətləri Avropanın gələcəyində” mövzusunda çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Qeyd edək ki, 3 dekabr 2013-cü ildə Avropa Parlamentində Avropa Məkan Platformasının təqdimatına həsr olunmuş “Gələcək üçün xəritələr” adlı tədbirdə iştirak edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Avropanın milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı qurumlarının fəaliyyəti mövzusunda sözügüdən parlamentin üzvləri ilə bir sıra müzakirələr aparıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm