“Avropaya oyanmaq üçün 20 il vaxt lazımıydı?”
Bizi izləyin

Nida.az

“Avropaya oyanmaq üçün 20 il vaxt lazımıydı?”

“Azərbaycan, Gürcüstan və Moldova bundan sonra bütün beynəlxalq təşkilatlarda birgə hərəkət edəcək”.

Bu haqda Axar.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Tiflisdə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərə qanunsuz səfərlərlə bağlı beynəlxalq konfransının mahiyyəti barədə açıqlama verərkən deyib.

O, bu konfransın işğal olunmuş ölkə ərazilərinə qanunsuz səfərlərlə yanaşı, beynəlxalq hüquqi qanunvericiliyin pozulması və bu istiqamətdə mühüm addımların atılması baxımından da önəmli olduğunu bildirib:

“Bu konfransda iştirak edən Şərq Tərəfdaşlığı ölkələri (GUAM) ərazilərinin təqribən 20 faizini işğal nəticəsində itirib. Biz konfransda bir sıra ölkə nümayəndələrinin beynəlxalq hüquq normalarını pozduğunu, uzun müddətdir ki, münaqişələrin həll edilmədiyini, beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən Ermənistana qarşı təzyiqlərin hələ də müşahidə olunmadığını qeyd etdik. Ukrayna hadisələrində Rusiyaya qarşı sansksiyalar tətbiq olunsa da, beynəlxalq ölkələrin nümayəndələri Azərbaycanla bağlı məsələyə gəldikdə indi ayıldıqlarını bildirirlər. Maraqlıdır, Avropaya oyanmaq üçün 20 il vaxt lazımıydı? Azərbaycan ərazisində ciddi hərbi, mülki əhaliyə qarşı kütləvi surətdə cinayətlər törədilib, lakin beynəlxalq ictimaiyyət nədənsə bununla bağlı müvafiq qərarlar qəbul etmir. Təcavüzkara qarşı sanksiyalar tətbiq edilmir. Buna görə də bugünədək münaqişə həll olunmur. Bu da hüquqi nihilizmdən irəli gəlir. Bütün bunlarla yanaşı, biz qətiyyətlə BMT TŞ-nın dörd qətnaməsinin icra olunmasını bir daha önə sürdük. Bunun da təcavüzkara qarşı sanksiya və müvafiq mexanizmlərlə mümkünlüyünü dilə gətirdik. Həm ATƏT-də, həm də Avropa Parlamentində Avropa Şurası (AŞ) tərəfindən bunun sadəcə qınaq şəklində deyil, təzyiq mexanizmlərinin tətbiq olunması və təcavüzkarı sülhü məcbur etdirməyin yalnız bu yolla mümkünlüyünü bildirdik”.

Millət vəkili səslənən fikirlərin çox ciddi dəstək qazandığını vurğuladı:

“Moldova ombudsmanı beynəlxalq hüququn aliliyinin təmin olunmasını xüsusilə irəli sürdü. Hesab edirəm ki, çox uğurlu bir konfrans oldu. Ən əsas isə Azərbaycan Moldova və Gürcüstanın bundan sonra bütün beynəlxalq təşkilatlarda hüququn aliliyi istiqamətində birgə hərəkət etmək qərarı konfransın mahiyyəti baxımından böyük önəm daşıyır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm