Sofiya Moskvadan qurtuluşu Bakıda axtarır: bolqarların manevri
Bizi izləyin

Nida.az

Sofiya Moskvadan qurtuluşu Bakıda axtarır: bolqarların manevri

Bolqarıstan Azərbaycan qazını TAP istismara verilənə qədər indidən idxal etməyi planlaşdırır. Bu kiçik həcmli çatdırmaları Sofiya Türkiyənin mövcud olan qaz nəqliyyat sistemi vasitəsilə reallaşdırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, Bolqarıstanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada deyilir ki, Azərbaycan qazının idxalı 2016-cı ilin sonlarına planlaşdırılır.

“SOCAR və “Bulqarqaz” şirkəti qazın Türkiyə vasitəsilə çatdırılması variantı üzərində müzakirə aparacaq”, - deyə məlumatda qeyd edilir.

Sofiya energetika sahəsində əməkdaşlıq üçün çoxdandır ki, Bakı ilə danışıqlar aparır. Bolqar bürokratlar hesab edirlər ki, Bakı ölkənin enerji təhlükəsizliyini təmin edəcək. Təsadüfi deyil ki, bu yaxınlarda Bakıda səfərdə olmuş Bolqarıstan prezidenti Rosen Plevneliyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında enerji məsələsi müzakirə olundu.


SOCAR və Bolqarıstan tərəfi arasında Çirene şəhərində yeraltı qaz anbarının genişləndirilməsi imkanlarının öyrənilməsi haqqında memorandum imzalanıb, həmçinin Yunanıstan-Bolqarıstan arasında yanacağın müəyyən həcmlərinin çatdırılmasının texniki-iqtisadi əsasandırılması üzrə danışıqlar 2017-ci ildən başlaya bilər. Bu ən yaxın gələcəyə aid proqramdır.

Sofiya qarşıda “Şahdəniz-2” layihəsinə bel bağlayır. Hansı ki, bu, Rusiyadan yan keçərək Avropaya çıxacaq “Cənub qaz dəhlizi”nin reallaşmasındakı ən böyük ümidlərdir.

Qeyd edək ki, 2009-cu ildə Rusiya qazı ilə bağlı yaranmış böhrandan ən çox zərər çəkmiş ölkələrdən biri də Bolqarıstan idi. Həmin vaxt bolqar iqtisadiyyatı hər ay yüz milyonlarla avro itirdi.

Bu günlərdə “Əl-Qüds” qəzeti məlumat yaydı ki, Sofiya-Ankara arasında yeni enerji layihəsinin reallaşması üçün onun maliyyələşdirilməsi, ümumi dəyəri və texniki imkanlar müzakirə olundu. Güman edilir ki, qaz kəmərinin tikintisinin reallaşması istiqamətində ilk sıçrayış bu ilin sonlarında ola bilər. Tərəflər İstanbulda bu məsələni müzakirə edəcəklər.

Nəşr qeyd edir ki, Ukrayna-Rusiya münaqişəsi fonunda Bolqarıstan necə olursa-olsun, qaz mənbələrini şaxələndirməyə çalışır. Hansı ki, hazırda ölkənin 90 faiz qazını Rusiya mənbələri təmin edir.

Azərbaycan qazının alınması isə Sofiyaya bu yöndə yeni imkanlar açacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm