Arif Hacılını kimlər təbrik etmədi? – Sorğu
Bizi izləyin

Nida.az

Arif Hacılını kimlər təbrik etmədi? – Sorğu

Müsavatın VIII qurultayında Arif Hacılı yeni başqan seçildi. Artıq iki gündür Müsavat yeni başqanı ilə yoluna davam edir.

Maraqlıdır ki, yeni başqanı hansı partiyalar qalibiyyət münasibəti ilə təbrik edib.


Publika.az bununla bağlı partiyaların mövqelərini öyrənib.


Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Arif Hacılını sabah xüsusi olaraq təbrik edəcəyini bildirib.


“Dünən partiya adından qurultaya münasibətimizi açıqladıq, həmçinin uğurlar arzuladıq. Sabah partiyamızın iclası olacaq. Orda Arif bəyi şəxsən təbrik edəcəm”, - deyə ADP sədri qeyd edib.


Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə yeni başqanı təbrik etmək niyyətində deyil: “Bu, onların daxili məsələsidir. Digər tərəfdən, Arif Hacılı Azərbaycan siyasətində ciddi çəkiyə malik deyil. Əslində Müsavatda nə qədər onun kimi rəhbər olsa, bizə o qədər sərf edir”.

ASDP sədri hesab edir ki, İsa Qəmbər Arif Hacılını özü başqan seçib. Onun sözlərinə görə, İ. Qəmbər bununla başqanlıqdan üzdə getdi, arxada yenə də hər şeyə nəzarət edir.


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə Arif Hacılıya xüsusi təbrik göndərməyə ehtiyac olmadığını bildirib.


“Partiya adından xüsusi təbrikə ehtiyac görmürəm. Mən qurultayla bağlı xüsusi yazı ilə çıxış etdim, ordan təbrik elementləri də var”, - deyə VİP sədri qeyd edib.

Ən maraqlısı isə AXCP-nin Arif Hacılını təbrik etməkdən imtina etməsidir.


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yeni başqanın təbrik edilməsi məsələsinin partiyanın gündəmində olmadığını açıqlayıb: “Ümumiyyətlə, bu məsələ müzakirə olunmur. Müsavatla gələcək əməkdaşlıq da müzakirə mövzusu deyil”.


Qeyd edək ki, A. Hacılı yeni başqan kimi Publika.az-a müsahibəsində AXCP ilə əməkdaşlığın tərəfdarı olduğunu açıqlayıb. O, AXCP-yə müttəfiqlik təklifinin hələ də gündəmdə qaldığını, onun yeni başqan olaraq iki partiya arasındakı münasibətlərin inkişafına çalışacağını bildirib.


AXCP-nin kurasiyasına daxil olan Milli Şuranın sədri Cəmil Həsənli də yeni başqanı təbrik etməyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm