• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Hərbi doktrinaya hansı dəyişiklik təklif olunur?

  • Nida.az
  • 1 Oktyabr 2014 16:50
  • 434 Baxış
Hərbi doktrinaya hansı dəyişiklik təklif olunur?

Milli Məclisin dünən keçirilən plenar iclasında Azərbaycanın hərbi doktrinasının dəyişdirilməsi təklifi ilə çıxış edən parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc maraqlı təkliflər irəli sürüb.


Millət vəkili Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan heç bir hərbi bloklara qoşulmayan ölkə statusunu seçməlidir. Onun sözlərinə görə, regional və beynəlxalq şərait kəskin dəyişib: “Təhlükəsizlik konsepsiyaları isə çevik olaraq yeniləşməlidir. Mən uzun illər NATO-Azərbaycan dostluq qrupunun üzvü kimi Avroatlantik məkanın dəyərlərini bu cəmiyyətə təbliğ edənlərdən biri olmuşam. Lakin açıq deməliyəm, Gürcüstan və Ukraynanın bu quruma üzvlüyü Rusiya faktoru kontekstində böyük bir avantüradır və həmin ölkələrin torpaq bütünlüyünə başlıca təhlükədir. Ona görə də yaranmış yeni şəraitdə bizi öz hərbi-siyasi ittifaqlarında görmək istəklərinin hər birindən eyni məsafə uzaqlıqda dayanaraq, ikitərəfli formatda əlaqələrimizi inkişaf etdirməliyik. Gələcəkdə o statusun dəyişməsi isə dövlətin öz müstəsna qərarı olaraq qalır”.


Qeyd edək ki, bir müddət öncə Rusiyanın hərbi doktrinasında dəyişiklik gündəmə gəldi. Belə ki, Şimal qonşumuzun hərbi doktrinasındakı dəyişiklik yeni geosiyasi amillər, o cümlədən Ukraynadakı hakimiyyət dəyişikliyi və “Ərəb baharı”nın doğurduğu nəticələrlə bağlıdır.

Azərbaycanın hərbi doktrinası isə 2010-cu ildə qəbul edilib. 75 bənd, 7 əsas müddəadan ibarət olan doktrinada regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda, hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər sənəddə əksini tapıb.

Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı hərbi doktrina layihəsində istisnalar nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, lazımi şəraitlərdə Azərbaycan belə bir səlahiyyəti özündə saxlayır.
Layihədə Ermənistan təcavüzkar kimi göstərilib. Eyni zamanda, bu təcavüz nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizliyə çox böyük risklər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması layihədə göstərilib. Bundan başqa, maliyyə və iqtisadi böhranlar, enerji resursları uğrunda aparılan zorakı mübarizələr, separatizmin stimullaşdırılması və digər məsələlər hərbi doktrina layihəsində yer alıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR