“World Politics Review”: “Xəzər donanmasına görə Azərbaycan lovğalana bilər”
Bizi izləyin

Nida.az

“World Politics Review”: “Xəzər donanmasına görə Azərbaycan lovğalana bilər”

IV Xəzər sammitində sahil ölkələrin liderləri bir çox razılaşmaya imza atdı. Lakin diqqətçəkən əsas məqam Xəzərin silahlandırılmasına qarşı atılan addımlar idi. Hansı ki dövlətlər silahlanmada sabit balansı qorumağa çağırdı.


Publika.az xəbər verir ki, Amerikanın “World Politics Review” nəşrində başı redaktor, Hadson İnstitutunun (Hudson Institute) baş elmi əməkdaşı Riçard Vaysın Xəzərlə bağlı xüsusi məqaləsində yazır ki, liderlər nə qədər səmimi görünsə də, aralarında narazılığın, ziddiyyətin olduğu məlumdur. Bu narazılıq da suların bölünməsi ilə bağlıdır. Bu məsələdə hər bir dövlətin öz mövqeyi var.


Ən qısa sahil zolağına malik İran tələb edir ki, Xəzərin üstü və dibi bərabər şəkildə bölünməli və dənizin dibi ilə çəkiləcək boru kəmərləri hamının razılığı ilə reallaşmalıdır. Bu təklifi Moskva da dəstəkləyir. Çünki söhbət Avropaya enerjinin çatdırılmasından gedir.


Dənizin “orta xətt” prinsipi ilə bölünməsi nəticəsində Qazaxıstan 28,4 faiz, Azərbaycan 21 faiz, Rusiya 19, Türkmənistan 18, İran isə 13,6 faiz əraziyə nəzarət edə bilər. Mövqelər daha çox fərdi maraqlara görə əsaslandırılır, xüsusilə tranzit və enerji daşıyıcıları sahəsində. İran bir neçə yatağa nəzarətlə bağlı Azərbaycanla mübahisə edir. Qazaxıstanla Azərbaycan isə enerjini Avropaya çıxarmaq üçün dənizin dibi ilə boru kəmərləri tikmək istəyir.


Sahilyanı ölkələr hələ ki, problemləri diplomatiyanın köməyi ilə həll etməyə çalışır. Lakin bunun fonunda hər biri Xəzərdə hərbi qüvvələrini gücləndirirlər.

Hazırki hərbi qüvvə sahil mühafizəsi, enerji yataqlarının qorunması, balıqçılığın mühafizəsi və digər milli hüquqları qorumaq adı altında fəaliyyət göstərir. Digər tərəfdən, dənizdə terrorçuluğa qarşı mübarizə buna əsas yaradır. Lakin bəllidir ki, bu qüvvələr digər hərbi donanmalara qarşı müharibə aparmaq qabiliyyətinə malikdirlər.


1991-ci ildə SSRİ dağılandan sonra Rusiya sovet hərbi aktivlərinin daha çox hissəsinə yiyələndi, həmçinin, Xəzərdəki hərbi donanmanın. Yaxın keçmişə qədər Rusiya Müdafiə nazirliyi Xəzərdəki donanmasını zəif maliyyələşdirirdi. Lakin son vaxtlar Moskva bu istiqamətə diqqəti artırdı və daha güclü hərbi gəmilərə üstünlük verdi.


İran güc baxımından Xəzərdə ikinci donanmaya malikdir. Tehran hərbi gücündən daha çox enerji yataqlarına iddiaları üçün istifadə edir. 2001-ci ildə “Araz- Şərq- Alov” yatağına edilən kəşfiyyat əməliyyatları buna nümunədir.


2012-ci ilin sentyabrında İran donanması minaların quraşdırılması və digər hərbi əməliyyatların icrasını yoxlamaq məqsədilə təlimlər keçirdi. Beləliklə, İran Xəzərdə öz hərbi gücünü möhkəmləndirir. Lakin İrana qarşı Qərbin sanksiyaları tətbiq edilməyə başladığı vaxtda Tehran Xəzərdəki qonşuları ilə daha yumşaq münasibət saxlamağa çalışır.


Qazaxıstan və Türkmənistan da həmçinin müasir gəmilər alır. Lakin Xəzərdə donanmanın möhkəmləndirilməsi proqramına görə hər kəsdən çox Azərbaycan lovğalana bilər. Enerji resurslarından əldə olunan gəlirlər silahlı qüvvələrin müasirləşdirilməsinə yönəldilir. Həmçinin, İsraildən patrul gəmiləri alınır. Ümumi fonda bu Ermənistana qarşı yönəlib, lakin Bakı gələcək təhlükələrin başqa istiqamətlərini də gözdən qaçırmır.



Asif Nərimanlı




Oxumağa davam et
Reklam
Reklam

Gündəm