“Müsavat parçalana bilər” – AXCP-nin sabiq sədr müavinindən ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Müsavat parçalana bilər” – AXCP-nin sabiq sədr müavinindən ŞOK AÇIQLAMA

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin üzvü İbrahim Vəliyev sentyabrın 27-də Arif Hacılının Müsavat partiyasına yeni başqan seçilməsi məsələsini şərh edib.

İ.Vəliyev Publika.az-a açıqlamasında deyib ki, Müsavat partiyasına yeni başqanın seçilməsi vacib və gözlənilən idi:

“Çünki İsa Qəmbər uzun illər idi ki, Müsavat partiyasının başqanı idi. Ona görə də yeni başqanın seçilməsi zərurətə çevrilmişdi”.

Müsavatın 8-ci qurultayında başqanlığa namizədlər arasında keçirilən seçkiləri də qiymətləndirən İ.Vəliyev deyib:

“Müsavatda seçkinin necə keçməsindən xəbərim yoxdur. Bilmirəm ki, bu seçki nə qədər demokratik, şəffaf, açıq və ədalətli keçirilib. Əgər bu seçki demokratik və ədalətli keçirilibsə, o zaman biz qurultay nümayəndələrinin iradəsinə hörmət etməliyik. Yox, əgər seçki zamanı saxtakarlığa yol verilibsə, bu xoşagələn hal deyil. Ancaq mən bu barədə dəqiq bir şey bilmədiyim üçün hər hansı fikir bildirməkdə çətinlik çəkirəm. Mən hüquqşünas olduğum üçün, əlimdə hər hansı fakt olmadan deyə bilmirəm ki, seçkidə saxtakarlıq olub və yaxud da yox”.

AXCP-nin sabiq sədr müavini qeyd edib ki, Müsavatda başqanlığa Qubad İbadoğlu layiqli namizəd idi:

“Mən Qubad İbadoğlunu 1988-ci ildən tanıyıram. İndiyədək onun hərəkətlərində hər hansı ciddi nöqsan görməmişəm. Amma nə üçün o seçilmədi, əvəzində isə Arif Hacılı seçildi, bu barədə də hər hansı fikir bildirə bilmirəm. Çünki əlimdə hər hansı fakt yoxdur. Şəxsən mən Müsavat partiyasına başqan olaraq Qubad İbadoğlunu layiq görürəm. Doğrudur, Arif Hacılı və Qubad İbadoğlu İsa Qəmbərə bağlı adamlardır. Amma Qubad İbadoğlu daha layiqli idi. Qurultayın səsverməsinin nəticələrinə görə də onların arasında çox az fərq olub. Bu isə o deməkdir ki, partiya üzvlərinin yarısı bir tərəfdədir, yarısı da digər tərəfdə. Yəni, Müsavatda ortaq fikir yoxdur. Mənim əlacım olsaydı, bu seçimlərdə cüzi səsvermə əvəzinə əksər səsvermənin nəticələrini əsas götürərdim. Bu isə o deməkdir ki, Müsavat partiyasının parçalanmaq təhlükəsi var. Çünki səsvermənin nəticələri, demək olar ki, yarı-yarıdır. Bu isə artıq ciddi narazılıq deməkdir. Əgər bu narazılıq davam edərsə, o zaman ciddi təhlükələr ortaya çıxa bilər. Yəni, partiyanın bölünməsi və parçalanması ola bilər. Çünki partiya üzvlərinin əksəriyyəti nə Arif Hacılını, nə də Qubad İbadoğlunu dəstəkləyir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm