Rasmussenin “vikinqli” xələfi Bakı ilə necə davranacaq? - Şərh
Bizi izləyin

Nida.az

Rasmussenin “vikinqli” xələfi Bakı ilə necə davranacaq? - Şərh

NATO-da Rasmussen dönəmi arxada qaldı. Yeni baş katib skandinaviyalı Jens Stoltenbergdir. O, Norveçə 2013-cü ilə qədər 8 il baş nazirlik etdi, Şimal Alyansında Rasmussendən sonra sayca 13-cü baş katib seçildi.


Hazırda Ukrayna böhranı fonunda Qərb-Rusiya qarşıdurmasında hərbi güc olan NATO-da rəhbər dəyişikliyi diqqət çəkir və gələcəyə dair bəzi sualları ortaya çıxardır. Təbii ki, yeni baş katib ilk olaraq Rusiyanı Ukraynaya görə qınadı və Moskvaya xəbərdarlığını etdi.


Yeni baş katibin Azərbaycana münasibəti necə olacaq?


Azərbaycan üçünsə yeni baş katibin Cənubi Qafqaz regionuna və bu regionun əsas qüvvəsi olan Bakıya münasibətidir. Ukrayna bizim regionu təbii olaraq ikinci plana keçirir, lakin Rusiya sərhədlərinə yaxınlaşmaq istiqamətində atılan addımlar, hazırda Gürcüstanın israrla alyansa yaxınlaşması ümumi mənzərədə Azərbaycanı da böyük hərflərlə işarələyir.

20 ildən artıq tarixi olan NATO-Azərbaycan münasibətlərində Bakı həmişə ehtiyatlı mövqe tutur, Şimal qonşumuzu unutmur və dünya güclərinin qarşıdurmasında müstəvi olmaqdan yayınır. Buna əsas yaradacaq Gürcüstan, Ukrayna kimi kifayət qədər nümunə var.


Lakin bu o demək deyil ki, Bakı NATO-ya ümumiyyətlə üz çevirir. İkitərəfli əlaqələr, hərbi əməkdaşlıq, sülhməramlı qüvvələrdə təmsilçilik bunun belə olmadığını göstərir.


Hazırki baş katibin Bakıya yanaşması, Azərbaycanın alyansa üzvlüyü və bir sıra məqamların açıq suallar yaratdığı da məlumdur.


“Cənab Stoltenbergi qarşıda yorucu iş rejimi gözləyir”

NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov Publika.az-a açıqlamasında yeni baş katibin Azərbaycan siyasətinə aydınlıq gətirib. Oktyabrın 1-i yeni baş katib Jens Stoltenberg öz işinə başladı. Təbii ki, yeni baş katib üçün başlanğıc heç də asan olmadı. Çünki Rusiyanın Avropaya təhdidi, NATO ölkəsi olan Türkiyənin İŞİD təhlükəsinə qarşı koalisiyaya qoşulmaqda tərəddüd etməsi və digər problemlərin həlli yeni baş katibin üzərinə düşür. Cənab Stoltenberg çox ciddi və güclü diplomatiyası olan iradəli siyasətçidir. Hesab edirəm ki, qarşısında duran mühüm vəzifələrin öhdəsindən gələ biləcək. Onu qaşıda çox yorucu və məsuliyyəti bir iş rejimi gözləyir”, - deyə institut rəhbəri qeyd edib.


“Azərbaycana NATO-da hörmət göründüyündən daha yüksəkdir”



F. Məmmədov bildirib ki, NATO-nu şəxslər yox, sistem idarə edir. Onun sözlərinə görə, şəxslər sadəcə sistemə uyğun gələcək siyasəti müəyyənləşdirir.


İnstitut rəhbəri əlavə edib ki, yeni baş katib ilk öncə üzv ölkələri, ardınca da NATO ilə tərəfdaşlıq edən ölkələri bir-bir ziyarət edəcək və mümkün tərəfdaşlığın daha da sıx olmasına çalışacaq: “NATO-nun Azərbaycana qarşı münasibəti hər zaman yaxşı olub. İlk dəfə olaraq NATO Uels sammitində xalqların seçimi deyil, Azərbaycanın ərazi bütövlüyü məsələsini ortaya qoydu. Bu, onun göstəricisidir ki, Azərbaycana NATO-da hörmət göründüyündən daha yüksəkdir. Lakin NATO bu münasibəti Azərbaycandan da özləyir. Gərək münasibətlər qarşılıqlı və səmimilik üzərində qurulsun. Əks təqdirdə, bu səmimilik və dəstək itirilə bilər”.


“Vəziyyət kəskin dəyişərsə, Azərbaycan alyansa daha tez üzv ola bilər”


Azərbaycanın NATO üzvlüyünə qəbul edilməsi perspektivindən danışan F. Məmmədov deyib ki, alyansın hazırda Cənubi Qafqaz regionunda Gürcüstanla tərəfdaşlığı öndədir.

“Gürcüstan, demək olar ki, Uels sammitindən sonra NATO ilə əməkdaşlığı xüsusi plan üzərində qurub. Bu isə onu göstərir ki, biz NATO ailəsində region ölkəsindən Gürcüstanı görə biləcəyik. Lakin Cənubi Qafqazda siyasi vəziyyət bir neçə ilə kəskin dəyişərsə, onda Azərbaycan daha tez üzvlüyə qəbul oluna bilər”, - deyə institut rəhbəri vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm