• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müsavatda “tərbiyəsiz” qalmaqalı: qalib və məğlubların sərt qarşıdurması

  • Nida.az
  • 3 Oktyabr 2014 13:31
  • 672 Baxış
Müsavatda “tərbiyəsiz” qalmaqalı: qalib və məğlubların sərt qarşıdurması

Müsavat Partiyasında yeni başqanlıq seçkiləri qalmaqalları yadda qaldı. Hazırda partiyada yeni başqan Arif Hacılı və seçkidə məğlub olan Qubad İbadoğlu-Səxavət Əlisoy cütlüyü arasında qarşılıqlı ittihamlar baş verir. Bu prosesdə əsas iştirakçılar namizədlərdən çox onların tərəfdarları və yaxınlarıdır.


Yeni qarşıdurma Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli ilə, hansı ki onun Müsavata heç bir bağlılığı yoxdur, Q. İbadoğlunun qatı tərəfdarı Vurğun Əyyub arasında davam edir.



Publika.az xəbər verir ki, yeni başqanın qardaşı Vurğun Əyyubun onun haqqında dediklərinə sərt cavab verib: “Müsavat Partiyasının yeni və köhnə başqanları məndən xahiş etmişdilər ki, Müsavatın qurultayından sonra meydana çıxan diskussiyalarla bağlı mövzularda polemikaya son verim, mən də onlarla razılaşmışdım. Amma biri məni tərbiyəsiz adlandırır, başqa birisi şəxsiyyət olmadığımı deyir, partiya rəhbərliyindən heç kəs də bunlara cavab vermir, onda pardon, mən niyə bunlara cavab verməməliyəm? Vurğun Əyyubun mənə qarşı olan iddialarına aydınlıq gətirmək üçün bildirirəm ki, 2003-cü il oktyabrın 19 və 20-də mən həbsdə olmuşam. Oktyabrın 22-də həbsdən buraxılandan sonra bütün məhbuslar həbsdən azad olunana kimi il yarım ərzində demək olar ki, hər gün heç bir təmənnasız daim Müsavat Partiyasında qara fəhlə kimi çalışmışam. Vurğun Əyyub gözəl bilir ki, qərargahla bağlı, Müsavata qarşı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən bir milyonluq mülki iddia ilə bağlı məhkəmələrdə onun imzaladığı etibarnamə əsasında Müsavat Partiyasını təmsil etmişəm və mənə heç bir təlimat verilmədiyi halda bütün məsuliyyəti öz üzərimə götürərək Müsavatı AMİP və AXCP kimi qərargahsız qalmaq aqibətindən xilas etmişəm, mülki iddianın isə baxılmadan saxlanmasına nail olmuşam. “Azadlıq” qəzeti redaksiyasında keçirilən tədbirin təşkilatçılığını və aparılmasını həyata keçirmişəm, orada təqdim etdiyim 15 səhifəlik geniş məruzədə hadisələrə siyasi qiymət vermişəm və həmin məruzənin mətnini xarici dillərə çevirib bütün dünyaya yaymışam. Nəticədə 15 oktyabr məhbuslarının əksəriyyətini vicdan məhbusları kimi tanındılar. Həmin məhbusların müdafiəsi ilə bağlı yaranan Repressiyalara Qarşı Müdafıə Komitəsinin üzvləri, yumşaq desək, meydandan çəkildikləri üçün Müsavat Partiyası öz yeni qərargahında 15 oktyabr məhbuslarının müdafiə komitəsini yaratdı və mən həmin komitənin sədri seçildim. Vurğun Əyyub gözəl bilir ki, həmin komitədə məndən başqa heç kəs yox idi. Heç kəs adını ora yazdırmaq istəmədi. Çünki qorxdular. O dövr elə bir dövr idi. İşçi qaydada mənə Səftər Nəhmətli, bir də fədakar makinaçı Nəzakət xanım kömək edib. Həmin dövrlərdə onun gün ərzində çap etdiklərinin 80 faizini mən yazmışam. Heç vaxt borcundan çıxa bilməyəcəyimiz Osman bəy, Yavər bəy, Namizəd bəy kimi vəkillərin səyləri, bir də İsa bəyin ağsaqqallığı ilə bu prosesləri sonadək apardıq”.


V. Hacıbəyli qeyd edib ki, Müsavat Partiyası üçün həmin çətin günlərdə Vurğun Əyyub ortada olmayıb: “Olubsa da, statist rolunda olub, heç bir məsələnin məsuliyyətini öz üzərinə götürməyib. Qubad İbadoğlu isə heç statist kimi də ortada olmayıb”.

Arif Hacılının qardaşı V. Əyyubun onu xəstə adlandırmasına da münasibət bildirib.


“Bəli, mənim səhhətimdə müəyyən problemlər var, ağır formada şəkərli diabetdən əziyyət çəkirəm, gündə üç dəfə insulin vururam. Bir il əvvəl ürəyimdə aorta koranar şuntlama əməliyyatı olub. Hal hazırda da, aorta damarının daralması diaqnozu ilə ölkədən xaricdə müalicədəyəm. Amma həyatım üçün heç bir təhlükə yoxdur. Bunu narahat ola biləcək dostlar üçün deyirəm. Həmin o şəkər xəstəliyini də 2004- cü ildə, aylarla davam edən məhkəmələrdə keçirdiyim stresslə bağlı tapdım, Vurğun bəy. Çünki nə sən, nə Qubad İbadoğlu epizodik hallar istisna olmaqla oralarda ümumiyyətlə gözə dəymədiniz. İndi də keçək tərbiyədəki qüsurlar məsələsinə. Tərbiyəsizlik hərəkatda olan yoldaşların barədə istintaqa yalan ifadə verməkdi, onlar barəsində şər- şəbədə danışmaqdı. Tərbiyəsizlik nümunəvi keçən bir qurultaydan sonra səsvermənin nəticələrinə kölgə salıb, qurultayın qəbul etdiyi qərarları legitim saymıram bəyanatını verməklə partiyanın nüfuzuna sağalmaz zərbə vurmaq hikkəsini nümayiş etdirməkdir. Qubad İbadoğlunu müdafiə etmək sənin hüququndu və seçkiqabağı kampaniyadakı fəaliyyətinlə bağlı mən heç bir mənfi fikir söyləməmişəm. Mənim etirazım qurultaydan sonrakı qeyri-sağlam mövqelərlə, həm də Qubad İbadoğlunun “mən Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzdum” mülahizəsi ilə bağlı olub. Mən bildirmişəm ki, bu mülahizə həqiqətə uyğun deyil. Öz mülahizəmi isə faktlarla sübut etmişəm. Qubad İbadoğlunu dəstəkləyən və rəhbərlikdə təmsil olunan 36 nəfərin siyahısını mətbuatda çap edən mən deyildim ki? Mən bu olaya münasibət bildirmişəm. Mənim mülahizələrimdə razı olmadığınız məqamlar varsa, ortaya arqument qoyun. Buna görə məni tərbiyəsiz, mənəvi haqqı olmayan və sair adlandırmağın özü sizin hansı tərbiyənin və hansı mənəviyyatın sahibi olduğunuzu çox bariz nümayiş etdirir. Məncə, əlavə şərhə ehtiyac yoxdur”.


Qeyd edək ki, Vurğun Əyyub Arif Hacılının qardaşını xəstə adlandırıb.

“Vaqif Hacıbəyli xəstə adamdır. Tərbiyəsində ciddi problemləri var. Xəstə olduğundan dediyi yalanları bağışlayıram. 2003-cü ili xatırlasa yəqin ki, doğru cavab verər. Səhv etmirəmsə, oktyabrın ya 19, ya da 20-də müsavatçılarla birlikdə “Azadlıq” qəzetinin redaksiyasında idi. Onunla şəxsi münasibətimizdə heç bir problem olmayıb. Əgər başqanlıqda Arif Hacılını dəstəkləsəydim, indi Vaqif Hacıbəylinin dilindən tamam başqa sözlər eşidərdiniz”, -deyə o bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR