• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qurbanovun böyük günahı: Bakı “sonuncu dayağını” necə itirdi?- Təhlil

  • Nida.az
  • 3 Oktyabr 2014 15:45
  • 1 309 Baxış
Qurbanovun böyük günahı: Bakı “sonuncu dayağını” necə itirdi?- Təhlil

Dərbənd Rayon İcra Hakimiyyətinin rəhbəri Qurban Qurbanov həbs edildi. Bu, əslində o qədər də gözlənilməz deyildi.

Publika.az Qurbanova qarşı başlanan kampaniyanın əvvəlindən bu istiqamətdə dəfələrlə araşdırma aparmışdı və nəticə olaraq barmaqlıqlar arasına aparan yol görünürdü.

Qurban Qurbanovun həbsinin arxasında Dağıstan rəsmilərinin dediyi iqtisadi cinayətlər dayanmır, bunu görmək üçün bir qədər geniş çərçivədə baxmaq lazımdır. Halbuki sentyabrın 16-da Qurbanova qarşı qaldırılan cinayət işində iddia olunur ki, azərbaycanlı icra başçısı 2009-2013-cü illər ərzində dövlətin balansında olan 58 hektar torpaq sahəsini qeyri-qanuni olaraq vətəndaşlara icarəyə verib.

Lakin bundan qabaq Dağıstan rəhbərliyinin istefa çağırışına qarşı çıxaraq vəzifəsindən getmək istəməyən Qurbanovun taleyi keçirdiyi sonuncu mətbuat konfransında artıq bəlli idi. O, barmaqlıqlar arasında düşəcəkdi, yəqin ki, özü də bunu bilirdi.

O da bəllidir ki, bu proseslər - Qurbanovun istefaya çağırılması, ona qarşı xüsusi əməliyyatların aparılması, qara piar kampaniyası, ardınca da həbsxana yolu heç də dövlət aparatında qarşıdurmalar qədər bəsit deyil.

Qurbanovun həbsinin müdhiş pərdəarxası

Ötən ilin mart ayı, Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov geri çağırıldı. Səbəb, yaxşı işləyə bilməməsi göstərilirdi. Belə ki, M. Qurbanov Dağıstanda nəşr olunan “Real zaman” qəzetinin baş redaktoru və “Nezavisimaya qazeta”nın şərhçisi Milard Fətullayevin Bakıda deportasiyasınını qarşısını ala bilməmişdi. Üzdə olan səbəb bu idi. Onun yerinə bu il kumık əsilli Marat İsgəndərov təyin olundu. Lakin arxa planda söhbət avar və ləzgi klanlarından, ümumi mənzərədə isə Dərbəndin etnik tərkibinin dəyişdirilməsi ssenarilərindən gedir.


Son bir neçə ildə Dağıstanda ləzgi və avar klanlarının Qurbanovlara qarşı hücumu başlamışdı. Etnik klanlar iddia edirdilər ki, Qurbanov Azərbaycanda ləzgilərin və avarların hüquqlarını kifayət qədər müdafiə etmir, daha artıq Azərbaycan hakimiyyətinin maraqlarına xidmət edir. Onun milliyyətcə azərbaycanlı olması, bununla yanaşı, qardaşı Qurban Qurbanovun Dərbənd rayonunun rəhbəri vəzifəsini daşıması da kölgədəki səbəbi üzə çıxarır. Nəzərə alsaq ki, Qurbanov qardaşları Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi, mərhum Səid Qurbanovun övladlarıdır və ailənin Bakı ilə münasibətləri hələ sovetlərin dönəmindən sıxlığı ilə seçilir, o zaman Dağıstandakı etnik klanın bu ailəni “vurmaq” üçün uzun müddətdir zaman gözlədiyini demək olar.

Səid Qurbanov: Səid Camal oğlu Qurbanov 1928-ci il dekabrın 21-də Dərbəndin Salik kəndində anadan olub. Uzun illər müxtəlif dövlət vəzifələrində çalışan Səid Qurbanov 1965-ci ildə Dərbənd rayon İcraiyyə Komitəsinin sədri, 1966-cı ildə isə Dərbənd rayon partiya komitəsinin birinci katibi seçilib.
1971-73-cü illərdə Dağıstanın kənd təsərrüfatı naziri olan soydaşımız Səid Qurbanov 1973-cü ildə yenidən Dərbənd rayonunun birinci katibi vəzifəsində çalışıb. O, 1991-1998-ci illərdə Dərbənd rayon Deputatlar Sovetinə sədrlik edib, 1998-ci ildən təqaüdə çıxana kimi isə Dağıstan prezidentinin müşaviri vəzifəsində çalışıb.

2005-ci ildə təqaüdə çıxan Səid Qurbanov Dağıstan prezidenti yanında Ağsaqqallar Şurasının üzvü, həmçinin Dağıstan Respublikası Dövlət Şurasının da üzvü olub.


2009-cu il martın 11-də ürək çatışmazlığı diaqnozu ilə Bakıya gətirilən S. Qurbanov xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və S. Qurbanov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.


2008-ci ilin dekabrında prezident İlham Əliyevin sərəncamı ilə Səid Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.


Səid Qurbanov Dağıstanın Azərbaycan icmasının lideri hesab olunurdu. O, azərbaycanlıların marağını və Dərbəndin Azərbaycan şəhəri olmasını həmişə müdafiə edirdi. Azərbaycan prezidenti tərəfindən dövlətin ən yüksək orden ilə təltif edilməsi də rəsmi Bakı ilə sıx münasibətlərinə dəlalət edir.


Qurbanovların yolu və Dağıstan rəhbərliyinin ssenarisi: B variantına keçid


Səid Qurbanovdan sonra onun oğulları Qurban və Maqomed Qurbanov atalarının yolunu davam etdirdilər. Onlar Bakı ilə münasibətlərini yüksək səviyyədə saxlayır, Azərbaycanın dövlət maraqlarını müdafiə etməkdən heç vaxt çəkinmirdilər. Bu isə dediyimiz kimi, Dağıstandakı etnik klanların heç də xoşuna gəlmirdi. Nəticədə Maqomed Qurbanov “vuruldu”, eyni tale Qurban Qurbanovu da gözləyirdi. Lakin Dağıstanın yeni rəhbərliyi ona qarşı eyni addımı atmaq səlahiyyətində deyildi. Çünki onun vəzifəsi seçkili orqandır və səlahiyyət müddəti 2015-ci ildə başa çatır.

Bu ilin sentyabrın 23-da Dağıstan rəhbəri Ramazan Abdulatipov tərəfindən istefaya çağırılması zamanı da Qurbanovun cavabı “məni bu vəzifəyə xalq seçib, o da göndərə bilər” formasında oldu.

Dağıstan rəhbərliyinin planları isə başqa cür idi. Belə ki, Qurbanov keçmiş ədliyyə naziri milliyətcə tabarasanlı olan Azadi Rəhimovu özünə müavin təyin etməli, ardınca “səhhətindəki problemlərə” görə istefa verməli və gələn ilki seçkilərə qədər onun vəzifəsini Rəhimov icra etməli idi. Lakin Qurbanov buna qarşı çıxdı və sonuncu mətbuat konfransında “mənə qarşı aparılan kampaniya qardaşımın (Maqomed Qurbanov) vəzifədən çıxarılması prosesinin davamıdır” deyərək öz mesajını verdi.

Dərhal B variantı işə düşdü. Avqustun 8-də Dağıstanın Baş prokurorluğu yanında iqtisadi cinayətkarlığa qarşı idarənin əməkdaşları Dərbənd rayon icra hakimiyyəti binasında əməliyyat-axtarış tədbirləri həyata keçirdi, 7 illik arxiv müsadirə edildi. Ardınca cinayət işi və həbsxana. Onun ən böyük günahı azərbaycanlı olması və Bakıya yaxınlığı idi.


Onlara qarşı kimlər birləşmişdi?


Publika.az Qurbanova qarşı kampaniyada yer almış şəxsləri diqqətinizə çatdırır:

Avanesov Aleksandr Ambarçumoviç: Ermənidir, Dərbənd şəhər icra hakimiyyəti başçısı aparatının rəhbəri vəzifəsini daşıyır.
Şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyev bütün işləri onunla razılaşdırılmış şəkildə həyata keçirdir. Kremldə dayaqlara malikdir. Yerevanla sıx təmaslarda olur.

İmam Yarəliyev: Dərbənd şəhər icra hakimiyyətinin başçısıdır. Vaxtilə Dağıstanın baş prokuroru olub. Fəaliyyəti dövründə Azərbaycana qarşı açıq çıxışları ilə seçilib. Qurbanovları heç vaxt qəbul edə bilməyib. Onun məqsədi Qurban Qurbanovun yerinə keçməkdir.


Mübariz Mursalov: Miliyyətcə ləzgidir, Dərbənd şəhərində yaşayır. Məlumatlara görə, vaxtilə əks-kəşfiyyatçı kimi də fəaliyyət göstərib. Sovetlərin dövründə hərbi jurnalist kimi işləyən Mursalov ittifaq dağılandan sonra Moskvada “Lezginskiy vesti” qəzetini buraxaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib.


Sergey Melikov: Rusiya prezidentinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsidir. O da milliyətcə ləzgidir. Rütbəsi general-polkovnikdir.


Göründüyü kimi, Qurbanovların, dolayısı ilə Azərbaycanın “sonuncu dayağı” səlahiyyətlərini itirdi.

Dərbəndin 2 minillik yubileyi ərəfəsində dəyişən ssenari?


Burda diqqət çəkən xüsusi bir məqam var: Qurbanovun istefaya çağırılması, ona qarşı kampaniya və həbs edilməsi nə üçün indi baş verdi?
Ümumi fonda etnik klanların hücumu aydın idi, ötən il Maqomed Qurbanov “vurulmuşdu” və tək qalan Qurbanovun səlahiyyət müddətinin bitməsini gözləmək olardı. Bu bəlkə də daha təbii görünərdi. Lakin Dağıstan rəhbərliyini tələsik addımları suallar doğurur. Bu sualların cavabını 2015-ci ildə keçiriləcək beynəlxalq tədbirdə axtarmaq olar. Hansı ki, gələn il Dərbənd şəhərinin 2 min illik yubileyi keçiriləcək. Söhbət demoqrafik mənzərənin kifayət qədər dəyişdirilməsinə rəğmən tarixi Azərbaycan şəhəri Dərbəndin 2 minilliyindən gedir. Burdan göründüyü kimi, məqsəd Dərbəndin Azərbaycan şəhəri olması haqqında fikirlərin daha az səslənməsi, mümkünsə ümumiyyətlə bu haqda danışmamaqdır. Güman ki, Qurbanov o vaxta qədər vəzifədə qalsaydı, Dərbəndin rəhbəri olaraq yubileyin əsas iştirakçısı olacaqdı və “Azərbaycan torpağı” ifadəsi dəfələrlə gündəmə gələcəkdi. Maraqlıdır ki, bu məsələdə Kremldən çox Dağıstanın avar və ləzgi klanları maraqlıdır. Çünki faktiki olaraq Avarıstan, Ləzgistan kimi populist iddialar var və bu iddiaların əsas hədəfi Dərbənddir. Göründüyü kimi, onlar öz məqsədlərinə çatmaq istiqamətində səylə addımlayır.

300 ilin etnomənzərəsi


Dərbəndin dəyişdirilən etnoqrafik mənzərəsi də bu kontekstdə çox şey deyir.

Belə ki, Sankt-Peterburq İmperator Akademiyasının akademiki S.Q.Qmelin 1770-ci ildə Dərbənddə etnoqrafiyası ilə bağlı hazırladığı hesabatda deyilir ki, Dərbənd şəhərində 11 min 060 nəfər əhali yaşayır. Onlardan 10 min 777 min nəfər türk-azərbaycanlı (5407 nəfər kişi, 4970 nəfər qadın), 444 nəfər yəhudi, 239 nəfər isə ticarət məqsədilə buraya müvəqqəti olaraq yaşamaq üçün gələnlərdir.


100 il sonra, 1873-cü ildə Çar Rusiyasının qərarı ilə ölkədə bütün regionlar üzrə əhalinin siyahıya alınması zamanı V.Sabrovun rəhbərliyi ilə aparılan araşdırmalar zamanı Dərbənd əhalisi 11 min 278 nəfər olub. Onlardan 9 min 572 nəfər türk idi.


Üstündən daha 100 il ötür. 1989-cu ildə Dərbəndin 100 min nəfər şəhər əhalisinin 21 min 600 nəfəri azərbaycanlı olaraq sənədlərə keçib.
Bu günün rəsmi statistikasına görə, şəhərin 101 min 031 nəfər əhalisinin (47 kəndin əhalisini buraya daxil etmirik) 32 min 064 nəfəri azərbaycanlı, 32 min 955 nəfər isə ləzgilərdir.

Bu demoqrafik dəyişkənliyin fonunda son 300 ilə yaxın tarixdə Dərbənd əhalisinin çoxluğunu təşkil edən azərbaycanlıların mərhələ-mərhələ öz yerini digər xalqlara verdiyini görmək mümkündür.


Azərbaycan öz şəhərində nələri itirdi?


Qurbanovların “vurulması” həm də o vaxta təsadüf edir ki, Bakının Dağıstanda mövqeləri zəiflədi. Hazırki rəhbər avar əsilli Ramazan Abdulatipov Bakı ilə münasibətləri nə qədər isti saxlamağa çalışsa da, ötən il bu şəxsin Azərbaycana qarşı hansı ssenarilərdə yer aldığı məlumdur.
Qurbanovun həbsi ilə də Azərbaycan tarixi Dərbənd şəhərində sonuncu dayağını itirmiş oldu. Bu avar və ləzgi klanlarına daha geniş meydan tanıyacaq və onların “təmizləmə siyasətinə” stimul vermiş olacaq. Bu baxımdan, gələn il 2 minillik yubileydə Dərbəndin tarixi təhrif olunsa və qarşıdakı dönəmdə Dərbənd başqa xalqa məxsus şəhər olaraq təqdim olunsa təəccübləməməliyik.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR