Müsavat parçalanma ərəfəsində
Bizi izləyin

Nida.az

Müsavat parçalanma ərəfəsində

“Arif Hacılı, saxtakarlığı etiraf et və Müsavatın parçalanmaması üçün istefa ver!”.

Publika.az xəbər verir ki, bu çağırışı başqanlığa keçmiş namizəd Səxavət Əlisoy edib.

S. Əlisoy bildirib ki, Müsavat son 22 ildə ilk dəfə olaraq çox acınacaqlı duruma düşüb: “Bunu görməmək, sadəcə, siyasi koluqdur. Bu qurultaydakı saxtakarlığın miqyası VII qurultayda baş vermiş saxtakarlıqla müqayisəyə gəlməz. 2006-cı ildə saxtakarlığı ört-basdır etmək mümkün oldu. Nədən ki, saxtakarlar başqanın səsləri hesablanan zaman yox, Məclis üzvlərinin səsləri sayılarkən yaxalanmışdı. O vaxt prosesin böyüməməsi üçün bir komissiya yaradıldı, narazılar da komissiyanın ədalətinə inanıb qarşıdurmaya getmədi.

Ən acınacaqlısı odur ki, saxtakarlardan biri də Arif Hacılıya dəstək verən Zaqatala rayon müsavatçısı idi və o komissiyanın araşdırmalarının nəticələri bu günə kimi kimsəyə bəlli deyil”.

S. Əlisoy qeyd edib ki, VIII qurultayda səslərin sayılmasına qədər baş verən anormallıqlara rəğmən bu gün onlarla yox, yüzlərlə müsavatçı etiraz səsini qaldırır, sosial şəbəkələrdə, mətbuatda ikitirəlik gündən-günə şiddətlənir.

“Müsavatın reytinqinə, nüfuzuna çox ciddi zərbə dəyib, ən başlıcası bu partiyaya inanan insanların xəyallları alt-üst olub. “Dar gündə tutaq əl-ələ qardaşlarımızla” deyən müsavatçılar bu gün biri-birinə həvəslə düşmənçilik etməkdədir və görünən odur ki, bu proses davam edəcək...

Əslində, bu proses gözlənilən idi. İllərlə Müsavat funksionerləri arasında baş verən intriqaların qarşısını yalnız və yalnız İsa Qəmbər alırdı. Çünki tərəflər onun nüfuzu, reytinqi qarşısında susmaq məcburiyyətində idi. Bu qurultay yeni siyasi situasiya ortaya qoymalı idi və qoydu da. Klassik metodlarla fəaliyyət göstərən partiya mövcud siyasi duruma adekvat olaraq yenilənməyə cəhd etdi və təəssüflər ki, məlum dəstə min oyundan çıxıb buna imkan vermədi.

Qurultay populizmdən bezmiş cəmiyyətə yeni bir söz deyə bilmədi. Əvəzində qurultayda baş verən saxtakarlıqlara rəğmən partiyanın nüfuzuna ağır zərbə vuruldu.

Saysız-hesabsız saxtakarlıq faktlarını tirajlayan çox sayda müsavatçı Arif Hacılını başqan kimi tanımadığını bəyan edir. Legitimliyi şübhə altında olan bir kəsin partiya başqanı kimi fəaliyyətinə davam etməsi Müsavatdakı gərginliyi daha da artıracaq”, - deyə o bildirib.

Başqanlığa keçmiş namizəd çıxış yolunu yeni başqanın istefasında gördüyünü açıqlayıb: “Bu vəziyyətdən yeganə xilas yolunu Arif Hacılının istefasında görürəm. Onunla heç bir şəxsi qərəzçiliyim, ədavətim yoxdur, sadəcə, siyasi fikirlərimiz üst-üstə düşmür. Ortada Müsavatın taleyi dayanır, partiyanın monolitliyi naminə istefa qaçılmazdır, Arif Hacılı!
Əminəm ki, müsavatçılar toparlanıb tam demokratik, şəffaf yolla özlərinə yeni başqan (keçmiş namizədlər istisna olmaqla) seçə bilər. Və bununla da partiya “saxtakarlıq” damğasından xilas olar”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm