Müsavatda “şəxsi biznes” qalmaqalı: partiyadaxili şok qarşıdurma
Bizi izləyin

Nida.az

Müsavatda “şəxsi biznes” qalmaqalı: partiyadaxili şok qarşıdurma

Müsavat Partiyasında Qubad İbadoğlu ilə Gülağa Aslanlı arasında söz “atışması” yaşanıb.


Publika.az xəbər verir ki, hər iki şəxs “Azadlıq radiosu”nun efirində qarşılıqlı ittihamlar səsləndirib.


Gülağa Aslanlının “seçkinin legitimliyinin tanınmaması ürəyində Müsavat sevgisi olan şəxsə şübhə yaradır” ittihamına Q. İbadoğlu “Mən Müsavata gələndə Gülağa bəy biznesi ilə məşğul idi” deyə sərt reaksiya verib.

G. Aslanlı İbadoğluna canlı efirdə cavab verdikdən sonra “facebook” səhifəsində yenidən bu məsələyə qayıdır.


“Mən 1988-ci ildə Xalq hərəkatına qoşulmuşam, AXC üzvü olmuşam, 1992-ci ilin iyul ayından Müsavat Partiyasının üzvüyəm. Bakı Bərpa Bürosunun üzvü, Yasamal rayon təşkilatının təşkilatçılarından biri, təşkilatın ilk sədri olmuşam. 1992-ci ildə Prezident Ə. Elçibəyin Fərmanı ilə “Biyan İstehsalat birliyinə” Baş direktor təyin edilmişəm. 1993-cü il qiyamından sonra Müsavat Partiyası Məclisinin qərarı ilə mən də tutduğum vəzifədə qalmalı olmuşam. Bu birlik ləğv olunana qərar vəzifəmdə qalmışam. Bu müddət ərzində partiya ilə əlaqələrimi bir gün də olsa kəsməmişəm. Partiyanın bütün tədbirlərində və mitinqlərində öndə olmuşam. Daima partiyanin tapşırıqlarını layiqincə yerinə yetirmişəm. İşlədiyim müddətdə Müsavat Partiyasının üzvü olduğumu kimsədən gizlətməmişəm və partiyaya xələl gətirən hallara yol verməmişəm. 2002-ci ildən bu günə kimi bütün imkanlarımı və enerjimi Müsavat Partiyasının inkişafına sərf etmişəm bundan sonra da belə olacaq. Şəxsi biznesim heç zaman olmayıb. Bu yalanı uydurana efirdə cavabını vermişəm”, - deyə o bildirib.


G. Aslanlı İbadoğluna “mən sizdən fərqli olaraq başqa partiyadan Müsavata gəlməmişəm” deyib.


Q. İbadoğlu “danışığınıza fikir verin” deyə cavabında bildirib.

“Siz iqtidara xidmət etmisiniz. İqtidardan, Müsavatdan bəhrələnən gəlib burda mənə müsavatçılıq dərsi keçir”, -deyə o, ittihamları davam etdirir.


G. Aslanlı isə “siz və sizin qardaşınız bu iqtidara xidmət edir” deyə bildirib.

“Qubad bəy əsassız danışır, o artıq burda İsa Qəmbərə də böhtan atır. Dünən də bunu etdiniz, özünüz toplaşdınız, özünüz danışdınız. Məqsədiniz İsa bəyə, Arif bəyə, Müsavata böhtan atmaqdır”, - deyə bildirib.


Qeyd edək ki, G. Aslanlı yeni başqan Arif Hacılının əsas tərəfdarıdır.
Bir neçə gün əvvəl Publika.az-ın əldə etdiyi məlumata görə, G. Aslanlı partiyanın ikinci əsas postu olan Mərkəzi İcra Aparatına sədr gətiriləcək.

Məlumata görə, bu məsələ əvvəldən razılaşdırılıb. Belə ki, G. Aslanlı sərbəst Məclis üzvlüyünə namizədliyini geri götürərək qurultayda seçki komissiyasının üzvü oldu.
Arif Hacılının müavin təyinatı ilə bağlı verdiyi sərəncamda onun adı yox idi. Mənbə iddia edir ki, G. Aslanlı Arif Hacılının boş qalmış yerini dolduracaq.


“Gülağa Aslanlı əvvəldən Arif bəyi dəstəkləyirdi, onun seçki kampaniyasında əsas adam idi. Əvvəldən razılıq var idi ki, Arif Hacılı başqan olacaqsa, partiyada ikinci əsas vəzifə hesab olunan icra aparatının rəhbərliyinə o gətiriləcək. Yaxın günlərdə bununla bağlı sərəncam veriləcəyi gözlənilir”, - deyə mənbə vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm