“Hökumətə işləmək qəbahət deyil”- YAP-dan Müsavatdakı ittihamlara reaksiya
Bizi izləyin

Nida.az

“Hökumətə işləmək qəbahət deyil”- YAP-dan Müsavatdakı ittihamlara reaksiya

“Hökumətə işləmək, vətənə, xalqa, millətə işləmək deməkdir. Burda qəbahət heç nə yoxdur”.

Bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyası daxilində “hökumətə işləmək” ittihamlarına münasibət bildirərkən deyib.

S. Novruzov qeyd edib ki, əsas olan xarici düşmənlər, erməni lobbisi, Azərbaycanın ərazi bütövlüyünü gözü götürməyənlər, ölkəni parçalamaq və qarışıqlıq yaratmaq istəməyənlərə işləməyəsən: “Təəssüf olsun ki, Azərbaycanda siyasi partiyaların bir hissəsində məhz bu qüvvələrə işləyən adamlar toplaşıb. Xalqına, millətinə deyil, ayrı ayı qüvvələrə qulluq edir və bunu hökumət orqanlarına, vətənə, dövlətə qulluq etməkdən daha üstün tuturlar”.

YAP rəsmisi əlavə edib ki, düzgün yol tutanlar üçün iqtidarla əməkdaşlıq ön sırada olan məsələlərdən olmalıdır.

“Müxalifət partiyalarının funksiyası var və təbii ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda müxalifət olmalıdır. Lakin bu müxalifətlik dövlətə, millətə qarşı olmamalıdır. İqtidara müxalifət olmaq lazımdır. Yaxud bu səpkidə olan fikirlərə alternativ təkliflər, rəylər irəli sürülə bilər. Lakin təəssüflər olsun ki, xarici təsir dairələri xarici qüvvələrə işləmək imkan vermir ki, onlar iqtidar partiyası ilə əməkdaşlıq etsin”, -deyə YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, “Azadlıq radiosu”nun efirində Müsavat Partiyasının üzvləri Qubad İbadoğlu ilə Gülağa Aslanlı arasında söz “atışması” yaşanıb.

G. Aslanlı İbadoğluna “mən sizdən fərqli olaraq başqa partiyadan Müsavata gəlməmişəm” deyib.

Q. İbadoğlu “danışığınıza fikir verin” deyə cavabında bildirib.

“Siz iqtidara xidmət etmisiniz. İqtidardan, Müsavatdan bəhrələnən gəlib burda mənə müsavatçılıq dərsi keçirir”, -deyə o ittihamları davam etdirib.

G. Aslanlı isə “siz və sizin qardaşınız bu iqtidara xidmət edir” deyə bildirib.

“Qubad bəy əsassız danışır, o artıq burda İsa Qəmbərə də böhtan atır. Dünən də bunu etdiniz, özünüz toplaşdınız, özünüz danışdınız. Məqsədiniz İsa bəyə, Arif bəyə, Müsavata böhtan atmaqdır”, -deyə bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm