Səfir Şuşa ilə fransız şəhərinin “qardaşlaşdırılması”ndan DANIŞDI - ÖZƏL
Bizi izləyin

Nida.az

Səfir Şuşa ilə fransız şəhərinin “qardaşlaşdırılması”ndan DANIŞDI - ÖZƏL

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə və işğal altındakı Şuşa şəhəri ilə Burq Le Valans arasında “dostluq haqqında bəyanat”ın imzalanmasına münasibət bildirib.

Səfir E.Əmirbəyov Publika.az-a eksklüziv açıqlamasında deyib ki, Fransanın dövlət qurumları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri ilə bağlı rəsmi mövqeylərini dəfələrlə bəyan ediblər:

“Dünyanın ayrı-ayrı yerlərində olan ermənilərin işğal altında olan Azərbaycanın müxtəlif şəhərləri ilə Avropanın bu kimi kiçik şəhərləri arasında yaxınlaşdırmaq cəhdləri heç kəsə sirr deyil. Çox təəssüf ki, Fransanın Burq Le Valans şəhərində də ermənilərin sayı çoxdur. Məhz buna görə də şəhər merinin erməni əhalisindən müəyyən asılılığı var. Ancaq bu qardaşlaşma deyil. Burada yalnız əməkdaşlıq barədə sənəd imzalanıb. Bu sənədin də heç bir hüquqi dəyəri və əhəmiyyəti yoxdur. Ümumiyyətlə, bu sənəd Fransa dövləti tərəfindən qəbul edilmir. Hətta Xarici İşlər Nazirliyi də dəfələrlə müxtəlif fransız qruplarını və şəxslərini məlumatlandırıb ki, bu ərazilərə Azərbaycanın icazəsi olmadan səfər etmək olmaz. Ona görə də bu hadisəni o qədər böyütməyə ehtiyac yoxdur. Fransanın Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı da onların mövqeyi bir daha nümayiş olunub. Bu məsələ ilə bağlı da Azərbaycan tərəfi öz narazılığını Fransa tərəfinə çatdırıb. Fransa tərəfinin də bizə cavabında bildirilir ki, Fransa dövləti bu cür hadisələri dəstəkləmir. Bu cür səfərlər Fransanın ayrı-ayrı şəhərlərində ola bilər, ancaq bu bütövlükdə dövlət tərəfindən dəstəklənmir. Çünki Fransada merlər yerli əhali tərəfindən seçilir. Əgər bir şəhərdə əhalinin 20-25 faizini ermənilər təşkil edirsə, o zaman həmin şəhərin meri seçilmək naminə onların istəklərini reallaşdırsın. Çox təəssüflər olsun ki, orada Azərbaycan diasporu çox da güclü deyil. Ancaq biz də başqa yollarla ermənilərə qarşı mübarizə aparırıq. Bu sənədin imzalanmasını da o qədər şişirtmək lazım deyil. Çünki bu sənəd heç bir nəticə verməyəcək”.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfəri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfərlər qeyri-qanunidir və merin bu əməli "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının qanununun pozulmasıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm