Prezident yeni layihələrdən danışdı
Bizi izləyin

Nida.az

Prezident yeni layihələrdən danışdı

"İlin sonunadək nəzərdə tutulmuş bütün məsələlər axıra qədər həllini tapmalıdır. Büdcədə kifayət qədər vəsait var. İnfrastruktur layihələri başa çatdırılmalıdır. Bir sözlə, 2014-cü ildə də biz qarşımıza qoyduğumuz bütün məsələləri həll etməliyik".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycn Prezidenti İlhm Əliyev oktyabrın 8-də Nazirlər Kabinetinin iclasındakı yekun nitqində deyib.

Prezident bildirib ki, ilin sonuna qədər böyük layihə - Şəmkirçay Su Anbarı istifadəyə verilməlidir. Bu, son illər ərzində icra edilən ən böyük layihələrdən biridir. Böyük investisiyalar qoyulub. Şəmkirçayda böyük su anbarı, elektrik stansiyası, kanallar tikilir. Bu, bizə imkan verəcək ki, əkin sahələrini genişləndirək və fermerlər üçün yeni imkanlar yaranacaq. İlin sonuna qədər açılışı nəzərdə tutulan bu böyük layihə demək olar ki, hazırdır, tamamlanma işləri aparılır. Yaxın vaxtlarda açılışını qeyd edəcəyik.

Gələn ilin büdcəsi demək olar ki, hazır olduğunu deyən dövlət başçısı müzakirələr başa çatdıqdan sonra Milli Məclisə təqdim ediləcəyini söyləyib. "Əsas prioritetlər bəllidir. Biz bu barədə dəfələrlə öz fikirlərimizi bildirmişik. Sosial layihələr tam icra edilməlidir. Əlbəttə ki, ölkəmizin inkişafını təmin edən böyük infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri nəzərdə tutulur. Məktəblərin tikintisi. Son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilib. Hələ ki, qəzalı, yararsız vəziyyətdə məktəblər vardır. Əlbəttə ki, sosial infrastruktur layihələri arasında bu məsələyə üstünlük veriləcək".

Prezident yeni səhiyyə ocaqlarının tikintisi barədə də planlarından danışıb: "Demək olar ki, bəzi istisnalarla, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları yaradılır. Ya tikilir, ya da ki, əvvəlki illərdə tikilmiş xəstəxanalar, rayon mərkəzi xəstəxanaları əsaslı şəkildə təmir edilir. Üç-dörd şəhər qalıb ki, orada, hələ xəstəxanalar lazımi səviyyədə deyil. Yəqin ki, gələn il və 2016-cı ildə bu sahədə də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaq".

Prezident sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd edib: "Bu sahədə son illərdə böyük irəliləyiş olub. Biz bir neçə il bundan əvvəl bu məsələ ilə ciddi məşğul olmağa başlayanda məlumat verildi ki, uşaq bağçaları ilə təminat Azərbaycanda cəmi 17 faizdir. Vaxtilə tikilmiş uşaq bağçaları ya yararsız vəziyyətə düşmüşdür, ya da əfsuslar olsun ki, özəlləşdirilmişdir və onların yerində başqa obyektlər tikilmişdir.

Uşaq bağçalarının bir hissəsində məcburi köçkünlər yerləşir. Bir sözlə, bu, çox ciddi problem idi, bu gün də hələ ki, ciddi problem olaraq qalır. Ancaq, deyə bilərəm ki, son iki-üç il ərzində uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə qalxıb. Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilmişdi ki, onların əraziləri kifayət qədər böyükdür. Ona görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq göstərişlər verilib.Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun.

Çünki Azərbaycanda sosial məsələlər uğurla icra edilir. Eyni zamanda, işsizlik kəskin şəkildə aşağı düşmüşdür. İndi bölgələrdə yeni açılan sənaye müəssisələrində, tikiş fabriklərində işləyənlərin demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Ona görə uşaq bağçalarının qıtlığı böyük problemlərə gətirib çıxarır. İşsizliklə bağlı əlavə addımlar atılacaqdır və biz çalışmalıyıq ki, ümumiyyətlə, Azərbaycanda işsizlik olmasın. Əlbəttə ki, hər bir ailədə valideynlərin hər ikisi işləyir. Belə olan halda uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Bir sözlə, biz bu sahəyə dövlət büdcəsində diqqət yetirməliyik. Yerlərdə də həm özəl sektor, həm də yerli icra orqanları bu işlərlə məşğuldurlar. Hesab edirəm ki, bu işi daha da sürətləndirmək lazımdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm