• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Arif Hacılı Müsavatı Milli Şuraya qaytarır - ilginc addım

  • Nida.az
  • 9 Oktyabr 2014 12:54
  • 359 Baxış
Arif Hacılı Müsavatı Milli Şuraya qaytarır - ilginc addım

Milli Şura oktyabrın 12-nə mitinq təyin edib. Meriya tərəfindən icazə verilən mitinq saat 15:00-da Yasamal rayonu, “Məhsul” stadionunda keçiriləcək.


Publika.az xəbər verir ki, mitinq iştirakçıları qurumun üzvləri olacaq. Siyasi partiyalar arasında apardığımız sorğu da göstərdi ki, müxalifət düşərgəsində mitinqə maraq zəifdir.


Lakin son anda ilginc dəyişiklik müşahidə olunur. Belə ki, Milli Şuradan ayrılmış və münasibətləri buz kəsən Müsavatın da mitinqdə iştirak təklifi irəli sürülüb. Ən maraqlısı isə, bu təklifin yeni başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli tərəfindən irəli sürülməsidir.


Yeni başqanın qardaşı “facebook” səhifəsində bildirib ki, mitinq təşəbbüskarları Müsavata da müraciət etməlidir: “Amma müraciət olmasa belə, mən Tofiq Yaqublunun şəkli ilə mitinqdə olacağam. Ümid edirəm ki, mitinq baş tutacaq və təşkilatçılar Müsavata müraciət edəcək”.

M. Hacıbəyli əlavə edib ki, mitinqlər intellektual mübarizənin tərkib hissəsidir: “Mitinqə getmək bizim işimizdir. Puştunlar heç vaxt mitinq etməzlər, amma Avropa xalqları bunu adi normaya çevirib”.


Əslində, M. Hacıbəylinin “mitinqlər intellektual mübarizənin tərkib hissəsidir” fikrini Müsavatın yeni başqanı Arif Hacılının başqanlıq seçkisində rəqibi Qubad İbadoğlunun mitinqlər barədə səsləndirdiyi fikirlərə cavab kimi qiymətləndirmək olar. Çünki Q. İbadoğlunun tərəfdarlarının intellektual kəsim olduğu deyilir və sabiq namizəd onu mitinqlərdə iştirak etməməkdə suçlayanlara belə cavab vermişdi: “Bəzi dostlarımız mənə irad tuturlar ki, mən mitinqlərdə iştirak etməmişəm. Mitinq adamı deyiləm. Onların düşüncəsi ilə mənim yanaşmam arasındakı fərq ondan ibarətdir ki, mən mitinqlərə, piketlərə, yürüşlərə mübarizəmizin hədəfi kimi deyil, mübarizədə bir vasitə kimi baxıram. Mən hesab edirəm ki, bu vasitələrdən siyasi şəraitdən asılı olaraq istifadə olunmalıdır. Ondan harada gəldi istifadə etmək və ya bütünlüklə imtina etmək olmaz. Lakin siyası mübarizədə mitinqi və bu kimi etiraz aksiyalarını son hədəf kimi qoymaq da düzgün yanaşma deyil”.


Bundan başqa Q. İbadoğlu öz tərəfdarlarına müraciət edərək söyləmişdi ki, qurultayda Məclis və digər seçkili orqanlardan kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmaq lazımdır: “Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır. Bu, sizi düşündürürmü? Düşünürsünüzmü Partiyanın İqtisadiyyat, Təhsil, Tibb, Təhlukəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək. Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Təəssüflər olsun ki, partiyanın intellektual potensialını arxa plana keçirdik və partiyanı güc müstəvisinə çəkdik”.

Diqqətçəkən məqam, bu təklifin Müsavat Milli Şuranı tərk edəndə AXCP-nin Müsavatla söz “savaşı”nda ən kəskin fikirlər yürüdən Hacıbəyli tərəfindən gəlməsidir.
Görünür, bu təklif mitinqdə iştirakdan çox qardaşı Arif Hacılının əsas rəqibi Qubad İbadoğluna qarşı revanşdır.
Burda ortaya çıxan ehtimallar, Müsavatın Arif Hacılının başqanlığı altında Milli Şuraya qayıdışı, ən azından isə AXCP ilə münasibəti normallaşdırmasıdır.


Başqan Arif Hacılı Publika.az-a müsahibəsində də bu barədə müsbət fikir bildirmişdi (http://publika.az/p/44693).

“Biz AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarıyıq. Müttəfiqlik münasibətlərinin qurulması ilə AXCP-yə verdiyimiz təklif qüvvədədir. Müsavat başqanı olaraq AXCP ilə müttəfiqlik və daha səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına bir daha cəhd göstərəcəm”, - deyə o, müsahibəsində qeyd etmişdi.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR