Azərbaycan İŞİD-ə qarşı müharibəyə başlaya bilərmi?- TƏHLİL
Bizi izləyin

Nida.az

Azərbaycan İŞİD-ə qarşı müharibəyə başlaya bilərmi?- TƏHLİL

Artıq Kobanini ələ keçirən İŞİD-in Türkiyə sərhədi üçün təhlükəsi artıb. Türk silahlı qüvvələri sərhədlərin toxunulmazlığını qorumaq üçün hərəkətə keçib. Kobani ilə sərhəddə üç məhəllə və suriyalı qaçqınların yaşadığı çadır şəhərciyi boşaldılıb.


Sərhədlərə hər an İŞİD hücumu ola bilər. Azərbaycanın qardaş ölkəsi və strateji müttəfiqi Türkiyənin ərazi bütövlüyü üçün təhlükə yaranıb. Belə olan təqdirdə, Azərbaycan hansı addımı atacaq? Son günlər sual olunan məsələlərdən biri də budur. Bakı İŞİD-ə qarşı müharibəyə qoşulacaqmı?


Publika.az-ın apardığı təhlillər bu ehtimalın güclü olduğunu təsdiqləyir.

Bakı və Ankara arasındakı hərbi müqavilə nə deyir?


Belə ki, Azərbaycan və Türkiyə arasındakı hərbi müqavilələrə görə, rəsmi Bakı Ankaraya İŞİD təhlükəsinə qarşı hərbi yardım verə bilər.


2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin keçmiş prezidenti Abdulla Gülün imzaladığı “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin “Hərbi-siyasi və təhlükəsizlik məsələləri” bölməsinin birinci maddəsində deyilir: “Tərəflər qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəklər. Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar”.


Yenə həmin müqavilənin ikinci maddəsində isə qarşılıqlı hərbi yardım daha da konkretləşdirilir.


“Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan tərəflər arasında razılaşdırılacaqdır”, -deyə qeyd edilir.

Daha sonra müqavilədə terrorçuluq və bu qəbildən digər hallara qarşı da birgə mübarizə önə çəkilir.


Bu müqavilədən çıxış edərək Azərbaycanın İŞİD-ə qarşı müharibədə Türkiyənin yanında olacağı fikrini irəli sürmək mümkündür.


Türkiyəyə dəstək istisna edilmir


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında Türkiyəyə dəstəyi istisna etməyib.


“İŞİD Türkiyə ərazisində təhlükə yaradacaqsa, Azərbaycan strateji müttəfiq kimi Türkiyəni hərtərəfli şəkildə dəstəkləyəcək”, - deyə komitə üzvü bildirib.


Lakin S. Novruzov qeyd edib ki, Türkiyə hələ ki İŞİD-ə qarşı müharibəyə başlamayıb: “Baş nazirin koalisiya qüvvələri qarşısında şərti var ki, Türkiyə İŞİD-ə qarşı o zaman quru əməliyyatlarına başlayacaq ki, bu əməliyyatlar sonradan Suriyada davam edəcək. Hələlik nə NATO, nə də koalisiya qüvvələri ilə razılığa gəlməyiblər”.


Faktiki olaraq Türkiyə sərhədləri türk ordusu tərəfindən qorunur və ölkənin ərazi bütövlüyünə müdaxilənin olmaması Azərbaycanın da İŞİD-ə qarşı müharibəyə başlamasını arxa plana keçirir.


Süleyman türbəsi: eksklava hücum Ankaranı hərəkətə keçirəcək


Burda diqqətçəkən bir detal da var. Söhbət, zaman-zaman Ankara ilə Dəməşq arasında böhrana səbəb olan Süleyman türbəsindən gedir. Bu türbə Suriyanın Hələb şəhəri yaxınlığında yerləşir və eksklav ərazi olaraq Türkiyə torpaqları hesab olunur. Bu türbə Türkiyə xüsusi təyinatlıları tərəfindən qorunsa da, Suriyada möhkəmlənən İŞİD üçün əsas hədəfdir.

Yəni Türkiyə ərazi bütövlüyü hər an pozula bilər ki, bu da müqaviləyə əsasən Azərbaycanın dəstək verməsini aktuallaşdırır. Təbii ki, Ankara bunu Bakıdan istəsə.


Hələ ki Abkara bunu istəmir. Milli Məclisin Beynəlxalq münasibət və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov buna ehtiyac görmür.

“Bizdən dəstək istəməyiblər və düşünürəm ki, öz problemlərimiz özümüzə bəs edər”, - deyə komitə üzvü bildirib.


Kəşfiyyatçılar İŞİD-ə qarşı birləşə bilərlər


Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı da Publika.az-a açıqlamasında Azərbaycanın İŞİD-ə qarşı müharibədə Türkiyənin yanında olmağına ehtiyac görmür.

İŞİD terrorunun Türkiyə sərhədinə dayanması bu ölkənin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. ABŞ-ın İŞİD-ə qarşı koalisiyasında iştirak etməkdə o qədər də həvəsli olmayan Türkiyə keçdiyimiz günlərdə Məclisdən ordusunun ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlar aparmasına icazə verən qanun qəbul etdi. Üfüqdə Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaması ehtimalı yüksəkdir. Türkiyə ordusunun müasir vəziyyəti bu terror təşkilatına qarşı hər sahədə əməliyyat keçirməyə imkan verir. Bu barədə ciddi problemlərlə qarşılaşacağını zənn etmirəm. Azərbaycanın İŞİD-a qarşı hərbi əməliyyatlarda Türkiyə ilə ortaq hərəkət etməsi məsələsinə gəlincə, hələlik buna ehtiyac olmadığını düşünürəm. Azərbaycan və Türkiyənin İŞİD-ə qarşı əməkdaşlığı daha çox xüsusi xidmət orqanları arasında mümkündür. Azərbaycanın texnika və canlı qüvvə ilə bu əməliyyatlarda iştirak etməsi real deyil. Amma Türkiyə İŞİD-a qarşı hərbi əməliyyatlar zamanı hər hansı çətinliklə qarşılaşsa və Azərbaycandan yardım istəsə, əlbəttə, Azərbaycan buna müsbət cavab verə bilər”, - deyə mərkəzin sədri vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm