Qubad İbadoğlunun tərəfdarları istefa verir: “İkiüzlü insanları tanıdım”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlunun tərəfdarları istefa verir: “İkiüzlü insanları tanıdım”

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun daha bir tərəfdarı partiyadan istefa verib.


Publika.az xəbər verir ki, partiyanın Nəsimi Rayon Təşkilatının sədr müavini, MGT sədrliyinə keçmiş namizəd Rauf Məmmədli Müsavatdan istefa verdiyini açıqlayıb.

R. Məmmədli istefasını Müsavatda ikiüzlü insanların olması ilə əlaqələndirib.


“Mən Məmmədli Rauf Aydın oğlu partiyaya 2011-ci ildən qoşulmuşam. Üzv olduğum dövrdən partiyanın təşkil etdiyi bütün razılaşdırılmış və razılaşdırılmamış mitinqlərində iştirak etmişəm. İstər partiyaya gənc üzvlərin cəlb edilməsində, istərsə də partiya ideologiyasının təbliğində bacardığım qədər yaxından iştirak etmişəm. Düşünürəm ki, partiya mənə tapşırılan işlərin icra edilməsini də vaxtında həyata keçirmişəm. Hal-hazırda Nəsimi rayon təşkilatında təşkilatı məsələlər üzrə sədr müaviniyəm. Bundan öncə gənclər təşkilatında sədr müavini və gənclər təşkilatında keçirilən seçkilər zamanı sədrliyə namizəd olmuşam. Qeyd etmək istəyirəm ki, mən partiyaya şəxslərə görə gəlməmişəm. Mənim partiyaya üzv olmağımın başlıca səbəbi müsavatçılıq ideologiyasıdır. Mənim düşüncəmə əsasən biz bu ideologiyanı yaşatmalı və Rəsulzadə irsini qoruyub saxlamaqla gələcək nəsillərə ötürməliyik. Partiya üzvü olduğum illərdə mənə aydın oldu ki, müsavatçı olmaq partiyaya üzv olmaq demək deyildir. Burada üzv olduğum dönəmlərdə əqidəli əsl müsavatçılar da tanıdım, əqidəsi olmayan, özünü müsavatçı hesab edən ikiüzlü insanlar da. Bu gün mənim partiya sıralarından ayrılmama səbəb olan başlıca amil ikinci kateqoriyaya aid olan insanlardır. Bu vaxta qədər mənə etimad göstərən, dəstək olan dostlarıma öz təşəkkürümü bildirirəm və əqidəli müsavatçılara haqq yolunda uğurlar arzu edirəm”, - deyə o qeyd edib.


R. Məmmədli nizamnaməyə uyğun olaraq partiyanın özəyinə və rayon təşkilatının katibliyinə yazılı olaraq istefası ilə bağlı məlumat verəcəyini bildirib. İstefa verən gənc bundan sonra heç bir partiyaya üzv olmaq niyyətində olmadığını deyib.


Q. İbadoğlu Ramil Məmmədlinin istefasına münasibət bildirib: “Rauf Məmmədli müasir dünyagörüşlü, fədakar və dəyərli gəncdir. O, bütünlüklə Müsavat partiyasına və müsavatçılıq ideyalarna bağlı idi. Müsavatçı ailəsində böyümüşdü. Onun azad fikirli olması partiyada bir çoxlarını narahat edirdi, o, gənc olmasına baxmayaraq, həm partiyada və həm də cəmiyyətdə müsbət dəyişikliklər üçün uzun müddət idi ki,mübarizə aparırdı. İctimai tədbirlərdə fədəkarlıq edirdi, dəfələrlə təzyiqlərə məruz qalmışdı. Onun dəyəri həm də iqtisadçı kimi peşəkar olmasındadır. Onun istefasını partiya üçün əhəmiyyətli itki kimi dəyərləndirirəm. Ramin Məmmədlini qurultaydan sonra yaranmış mühit sıxıb. Qurultayda Məclisə namizədliyini verdi, keçməyə qoymadılar. Bu gün partiyada ən acınacaqlı durumda olan və bu mühitdə özünü daha çox narahat hiss edən Rauf bəy kimi istedadlı, müasir dünyagörüşlü və azad fikirli gənclərdir. Onlar, demək olar ki, bir küncə sıxılıblar”.


Qeyd edək ki, bundan əvvəl Q. İbadoğlunun tərəfdarı, hüquq müdafiəçisi Samir Kazımlı Müsavatdan istefa vermişdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm