“Onlara qabaqcadan tapşırılmışdı ki, filankəsə səs verin” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Onlara qabaqcadan tapşırılmışdı ki, filankəsə səs verin” – MÜSAHİBƏ

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Publika.az-a müsahibəsi:

- Müsavatın sentyabrın 27-də keçirdiyi 8-ci qurultayı yekunlaşsa da, nəticələrlə bağlı narazılıqlar səngimək bilmir. Qarşılıqlı ittihamlarsa davam edir. Baş verənlərə münasibətiniz necədir?

- Biz əvvəlcədən də demişdik ki, Müsavat partiyasında ədalətli, şəffaf və doğru seçki keçirilməyəcək. Çünki bütün hallarda İsa Qəmbərin öz postunu tərk etmək fikri yox idi. Ona görə də müxtəlif bəhanələr gətirərək, qurultayın vaxtını dəyişərək uzadırdı və sairə. Qurultayın keçirilməsi üçün yerlə bağlı bəhanələr gətirirdi, gah Gürcüstanda, gah da başqa ölkələrdə keçiriləcəyi barədə fikirlər söyləyirdi. Nəticə etibarilə də tamamilə ədalətsiz və standartlara cavab verməyən qurultay keçirildi. İştirakçıların da əksəriyyəti Müsavatın qurultayından narazı qalıb. Ayı-ayrı qurumlara seçilən şəxslər də Müsavatın qurultayının bu formada keçirilməsinə etiraz edirlər. Hətta Müsavat partiyasının qurultayının təkrar keçirilməsi barədə çağırışlar var. Tələb olunur ki, qurultay 3 ay müddətinə təkrar çağırılsın.

Qurultay keçiriləndən sonra tam aydın oldu ki, indi də İsa Qəmbər özünə sərf edən şəxsləri qurultaya nümayəndə seçib. Çünki İsa Qəmbər qurultayda öz adamını keçirmək üçün bu addımı atıb. Əgər düzgün və ədalətli qurultay keçirilsəydi, o zaman nəinki Müsavatın başqanı, heç İsa Qəmbərin tərəfdarlarından bir nəfər belə olsun qurultaya nümayəndə seçilməyəcəkdi. İsa Qəmbər öz təsir vasitələrindən istifadə edərək, müstəqil şəxsləri deyil, bilavasitə partiyanın aparat rəhbəri olan Arif Hacılının tabeçiliyində çalışan adamların təsiri altında qurultay nümayəndələri seçildi. Onlara da qabaqcadan tapşırılımışdı ki, filankəsə səs verilsin. Bütün bunlar bizə öncədən məlum idi. Çünki regionlarda keçirilən nümayəndə seçkilərində Müsavat nümayəndələri bizə bu barədə kifayət qədər məlumat vermişdi. Ona görə də bu proses bizə qabaqcadan bəlli idi. Təbii ki, qurultay prosesində haqqı mənimsənilən tərəf ya Müsavatı tərk edəcək, ya da təkrar qurultayın keçirilməsini tələb edəcək.

- Vaqif Hacıbəyli ilə Vurğun Əyyub arasında yaranan qarşıdurma ilə bağlı da V.Əyyub etiraf edib ki, o, indiyədək heç YAP-çılar tərəfindən belə bu qədər təhqir olunmayıb. Ancaq Vaqif Hacıbəyli onu təhqir edir…

- Nəinki Arif Hacılın qardaşı Vurğun Əyyubu təhqir edir. Misal üçün, bu günlərdə Azadlıq radiosunda Gülağa Aslanlı ilə Qubad İbadoğlu arasında keçirilən debatda da bir-birinə qarşı təhqir, söyüş, kimin hara işləməsi və sairə fikirlərin səsləndirilməsi onu göstərir ki, Müsavatda uzun illərdən bəri təlim-tərbiyə və digər bu kimi işlərlə məşğul olan adam yoxdur.

- Oktyabrın 12-də Milli Şura aksiya keçirəcək. Bu aksiyanın nəticəsindən gözləntiləriniz nədir?

- Bu, bir dərnəyin təşkil etdiyi aksiyadır. Burada məqsəd isə ondan ibarətdir ki, son vaxtlar fikir versəniz görərsiniz ki, Avropanın bəzi sturukturları, o cümlədən erməni lobbisinin təhriki ilə çalışan qeyri-hökumət təşkilatları (QHT) Azərbaycan əleyhinə bəyanatlar səsləndirməyə başlayıblar.

Aksiya keçirən bu qüvvələr də həmin Avropa və erməni dairələrinin Azərbaycandakı əlaltılarıdır, onlardan vəsait alırlar və onlara işləyirlər. Yəni, bunlar erməni lobbisinə qulluq edən adamlardır və müxtəlif adlar – insan hüquqları və demokratiya adları altında kütləvi aksiyalar keçirmək istəyirlər.

Bilirsiniz ki, hələ Milli Şuranın ən güclü vaxtında, yəni 40-a yaxın təşkilatın burada birləşdiyi dövrdə keçirilən aksiyalara heç 300-400 nəfər adam toplana bilmirdi.

İndiki halda sıradan çıxmış bir partiya rəhbərinin çağırışı ilə planlaşdırılan aksiyaya heç bir Azərbaycan vətəndaşı qoşulmayacaq. Çünki Azərbaycan xalqı bu qüvvələrin məqsədini yaxşı bilirlər. Aksiyaya gələn adamlar da ancaq bunların vəsaiti hesabına tutduğu şəxslər olacaq. Hətta bu adamlar mitinqlər üçün ayrılmış o vəsaiti də aidiyyatı üzrə tam sərf etmirlər, onu da mənimsəyirlər. Aksiyaya gələcək şəxslər də törətdikləri qanun pozuntularına görə məsuliyyətə cəlb olunan şəxslərin yaxınları və qohumları olacaq.

- Bəs siz özünüz aksiyanı izləyəcəksiniz?

- Yox, mən dəyərli vaxtımı belə lazımsız işlərə sərf etmək istəmirəm.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm