“Min nəfər adam çıxarsalar, “evrika” olacaq”- Milli Şuranın mitinq məqsədi
Bizi izləyin

Nida.az

“Min nəfər adam çıxarsalar, “evrika” olacaq”- Milli Şuranın mitinq məqsədi

Milli Şura oktyabrın 12-nə təyin etdiyi mitinqə 10 min nəfər insan çıxarmaq niyyətindədir.

Bununla bağlı mitinqin təşkilatçılardan olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, hazırda iş aparılır. AXCP-nin bütün ağırlığı öz çiyinlərinə götürdüyünü deyən Əli Kərimlini müavini qeyd edib ki, 10 min insanın iştirak edəcəyi mitinq keçirməyi düşünürlər.

Qeyd edək ki, ötən il prezident seçkiləri ərəfəsində narazı partiyaların əksəriyyətini özündə birləşdirən Milli Şuranın keçirdiyi mitinqlərin ən yaxşı halda 5 min iştirakçısı olurdu. Hazırda demək olar ki, təkcə AXCP-dən ibarət olan qurumun “10 minlik iddiası” sual doğurur.


Publika.az bununla bağlı Milli Məclisdə təmsil olunan müxalifətin fikirlərini öyrənib.

“Milli Şura mitinqə min nəfər adam çıxara bilsə, bu, “evrika” olacaq”

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı hesab edir ki, Milli Şura mitinqə çox yox, min nəfər adam çıxara bilsə, bu, “evrika” olacaq.

“Əgər min nəfər iştirakçı olsa, “evrika” olacaq. Hətta prezident seçkiləri vaxtı bütün narazı qüvvələrin toplaşdığı vaxt Milli Şura min nəfərdən artıq mitinq keçirdə bilmirdi. O da öz qohumlarından ibarət idi.

İndi Azərbaycanda prezident seçkiləri qədər siyasi qabarmalar yoxdur. Ölkə əhalinin mütləq çoxluğu birmənalı olaraq dövlət başçısının siyasətini dəstəkləyir, bu siyasəti müdafiə edir. Onlar hansı şüarla mitinq etsələr də ətrafındakı 5-10 nəfər və öz qohumlarından başqa heç kim mitinqə gəlməyəcək. Bunun şahidi olacağıq. Ona görə də 10 min nəfərə iddia etmək absurd bir şeydir”, - deyə AVP sədri bildirib.


“Bir yerdə olanda 10 min deyib 5 min iştirakçı çıxardırdılar, onun da yarısı jurnalistlər olurdu”


Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib ki, mitinqlərdə say əsas deyil. Onun sözlərinə görə, cəmiyyət saya deyil, səslənən fikirlərə diqqət edir: “Müasir siyasi texnologiya baxımında təsdiq olunmuş təcrübədir ki, mitinqə nə qədər adam çıxarırsansa çıxart, yenə də əsas olan qaldırılan problem və deyilən fikirlərdir. Hətta 10 nəfərlə də mitinq keçirə bilərsən, amma sənin fikirlərin cəmiyyətin alt qatında kütləvi dəstəklənə bilər. Ona görə də adam sayı ilə nəsə dəyişdirməyə iddia etmək yanlışdır”.

F. Mustafa qeyd edib ki, Milli Şura iddia etdiyi kimi 10 min iştirakçısı olan mitinq keçirə bilməz. Onun fikrincə, bu cəmiyyətə hesablanmış populist çıxışdır.


“Əslində saya deyil, qaldırdıqları problemlə diqqət etsələr daha yaxşı olar. Çünki cəmiyyət üçün bu gün önəmli olan özünə aid ümumi problemlərdir, 5-6 nəfərin müdafiəsi yox. Digər tərəfdən, vaxtilə keçirdikləri mitinqlərdə onların gücü bəlli oldu. O vaxt hamısı bir yerdə olanda 10 min deyib 5 min iştirakçı çıxardırdılar, onun da yarısı mülki polislər, jurnalistlər olurdu. Amma onlar hamısı öz elektoratları kimi təqdim edirdilər”, - deyə BQP bildirib.

“Məqsəd Avropa Parlamentinin müvafiq sənədlərindən sonra Qərbdən maliyyə dəstəyi almaqdır”


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli isə bu mitinqi daha çox maliyyə qazancına hesablanmış addım kimi qiymətləndirib. Onun sözlərinə görə, Milli Şura bütöv olanda 500-600 nəfərlik mitinqlərinin şahidi olurduq: “İştirakçıların əksəriyyəti də elektoratdan çox özlərinə yaxın olan insanlar idi. 12 oktyabr mitinqində də eyni proseslər təkrarlanacaq. Çünki cəmiyyətin onları qəbul etmədiyi bəllidir. Uzun illər siyasi fəaliyyətlə məşğul olan bu insanlar ictimai rəyi anlaya bilməyiblərsə, xalqın nə istədiyini başa düşməyiblərsə, onların siyasətlə məşğul olmaları sadəcə qəbahətdir. Onlar meydanda sadəcə oyunla məşğuldurlar”.

BAXCP rəsmisi əlavə edib ki, vaxtilə Milli Şura adı altında seçkilərə gedən bu qüvvələrə maraq ovçuları da dəstək verirdi: “Onların məqsədi hansısa yolla hakimiyyətə yiyələnmək və öz maraqlarının təmin etməkdən ibarət idi. Lakin məsələ işə gəlincə, heç bir nəticə yox idi. Hazırda da ölkədə mitinq üçün əlverişli şərait yoxdur, nə də cəmiyyət tərəfindən belə bir sifariş də yoxdur. Bunu mitinqi keçirənlər də yaxşı bilir, amma yenə də keçirməkdə israrlıdırlar. Sadəcə olaraq, məqsəd Avropa Parlamentinin müvafiq sənədlərindən sonra Qərbdən maliyyə dəstəyi almaqdır. Bu qüvvələr xarici güclərin himayəsinə sığınmağa həmişə hazırdırlar və onları Azərbaycan xalqının dəstəyi yox, bu və ya digər ölkənin dəstəyi maraqlandırır”.

E. Mirzəbəyli qeyd edib ki, məhz buna görə növbəti mitinq də fiaskoya uğrayacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm