Azərbaycan liderinin Minsk səfəri: Bakının gedişi, Sərkisyanın əndişəsi
Bizi izləyin

Nida.az

Azərbaycan liderinin Minsk səfəri: Bakının gedişi, Sərkisyanın əndişəsi

Azərbaycan Prezidenti İlham Əliyev Minskdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir.

Buna paralel olaraq, Avrasiya İttifaqının Minsk sammiti baş tutacaq və bu sammitin gedişi Ermənistanın üzvlüyü baxımından diqqət çəkir.

Azərbaycan liderinin Minsk səfəri MDB-nin iclasında iştirak baxımından sıradan bir səfərdir. Lakin son geosiyasi dəyişikliklər, Kremlin Bakının Avrasiya İttifaqına doğru çəkmək cəhdləri, Bakının dirənişi, həmçinin, Ermənistanın ittifaqa üzvlüyü məsələsində Azərbaycanın irəli sürdüyü tələb Minsk görüşlərinə diqqəti artırır.


Azərbaycan Prezidentinin Minsk səfəri bu fonda iki xüsusi məqamla seçilir.


Bakı Moskvaya üz tutur?


Birincisi: Rusiya mediası iddia edir ki, İlham Əliyevin Minsk səfəri Bakının Moskvaya yaxınlaşmasıdır. Belə ki, Rusiyaya qarşı sanksiyalara qarşı Bakının Moskva ilə müttəfiqliyi, həmçinin, Qərbin Azərbaycan hökumətinə qarşı “səlib yürüşü” İlham Əliyev hökumətinin öz oriyentasiyasında Şimala doğru dəyişiklikləri ehtiva edir.

Bunu Rusiya mediası iddia edir, lakin ikinci xüsusi məqam başqa tərəfləri ilə cəlbedicidir.

İlham Əliyevin Minskdə səfəri Sərkisyanın əl-qolunu bağlayır


İkincisi: Minsk görüşü Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün müzakirə ediləcəyi və bu istiqamətdə müqavilənin bağlanacağı məkandır, hansı ki Avropaya arxa çevirən Yerevan üçün geriyə yol yoxdur.

Azərbaycan liderinin Minskdə olması erməni prezident Sərkisyan üçün heç də arzuolunan deyil. Sərkisyan Astana sammiti və onun üçün zərbə olan məktubu, yəqin ki, unutmayıb. Bu üzdən də, İlham Əliyevin Minskdə səfəri Sərkisyanın əl-qolunu bağlayır. Həmçinin Azərbaycan arxasınca asıb-kəsən erməni prezidenti bu dəfə daha korrektəli danışmalıdır. Onun çıxışında artıq bu sezilir.

“Azərbaycan Rusiyaya meydan oxuyub MDB-dən çıxa bilməz”

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında birinci məqamın doğru olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti həmişə olduğu kimi bu dəfə də MDB-nin iclasında iştirak etmək üçün Minskdədir: “Lakin o da məlumdur ki, MDB tamamilə işləməyən bir orqandır. Üstəlik MDB-ni Gürcüstan və Ukrayna tərk edib. Bu qurumun aqibəti məlumdur. Amma Azərbaycan üzvü kimi MDB iclaslarında iştirak edir və bu təbiidir. Mən də vaxtilə Heydər Əliyevlə MDB iclaslarında iştirak edirdim. Orada şahidi olmuşam ki, bu qurum həlledici qərar qəbul edən orqan deyil. Sadəcə olaraq, Moskvanın təbirincə, post-sovet məkanını bir arada saxlayır”.


V. Quluzadə əlavə edib ki, prezidentin səfərində Rusiya meyillilik görmür.


“Eyni zamanda, indi Azərbaycan Rusiyaya meydan oxuyub MDB-dən çıxa bilməz. Bunun da məlum səbəbləri var”, - deyə politoloq bildirib.


“İlham Əliyev Sərkisyanın cavabını layiqincə verəcək”


Sabiq dövlət müşaviri Serj Sərkisyanın əl-qolunun bağlanmasından da danışıb. Bildirib ki, hər şey onun özündən asılıdır: “Sərt çıxış edəcəksə, İlham Əliyev onun cavabını layiqincə verəcək, necə ki bundan əvvəl da bu baş verib. Əslində, Bakının məqsədi Yerevan üçün başağrısı olmaq deyil, biz sadəcə işğal olunmuş torpaqlarımızı istəyirik ki, buna da Rusiya imkan vermir. Ona görə də manevr etmək imkanlarımızı dövriyyəyə buraxırıq”.

“MDB iclasında iştirak edib-etməmək hansısa asılılıqdan irəli gəlmir”

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov hesab edir ki, MDB-nin mütəmadi iclasının keçirilməsi müəyyən müzakirələrin aparılması ilə bağlıdır.

Publika.az-a açıqlamasında politoloq bildirib ki, dövlət başçısının Minsk səfəri bəzi aktual məsələləri birgə müzakirəsi məqsədi daşıyır: “Dəfələrlə rəsmi Bakı MDB məkanında baş verənlərə münasibət bildirib. Lakin bu qurumun iclasında iştirak edib, yaxud etməmək hansısa asılılıqdan irəli gəlmir. Azərbaycan kifayət qədər müstəqil siyasət aparır, nəinki MDB, eyni zamanda, beynəlxalq aləmdə baş verənlərə də öz müstəqil mövqeyini sərgiləyir. Nümunə üçün Ukraynanı göstərmək olar. Bu iclas isə daha çox müəyyən iqtisadi məsələlər, müxtəlif layihələr, miqrasiyası problemləri, sosial, humanitar məsələlər və digərlərinin müzakirə edilməsi müstəvisidir. Azərbaycanda daim belə iclaslarda müxtəlif səviyyələrlə iştirak edir. Bu, kiməsə söykənmək deyil”.

“Nə Rusiya, nə Qazaxıstan, nə də Belarus Ermənistanın mövqeyini dəstəkləməz”

Ermənistana gəlincə, F. Sadıqov hesab edir ki, nə Rusiya, nə Qazaxıstan, nə də Belarusiya Azərbaycanı kənara qoyub, Ermənistanın mövqeyini dəstəkləməz.


“Söhbət Ermənistanın ittifaqa üzvlüyündən getmir. Yerevan istədiyi siyasi oriyentasiyanı seçə bilər. Əsas məsələ bunun necə seçilməsidir. Bildiyimiz kimi, Ermənistan işğal etdiyi Qarabağla birgə ittifaqa girmək istəyirdi. Bu məsələ Astana sammitində dövlət başçısı tərəfindən qaldırıldı, Azərbaycan liderinin məktubunu oxuyan Nazarbayev buna etiraz etdi. Beləliklə, Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri ilə ittifaqa gedir, Qarabağı özü ilə aparma şansları tükənib. Sərkisyan çox istəyərdi ki, belə olmasın, amma bu baş verdi. İndi də Azərbaycanın mövqeyi qala-qala Ermənistanın yanlış mövqeyi dəstəklənə bilməz. Bunu Sərkisyan yaxşı bilir və buna görə öz çıxışlarında ehtiyatla danışır”, - deyə politoloq qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm