Prezident: Sərhədlərimizin yaxınlığında baş verənlər bizi narahat edir
Bizi izləyin

Nida.az

Prezident: Sərhədlərimizin yaxınlığında baş verənlər bizi narahat edir

"Bu fikrə mən də şərikəm ki, MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi məkanıdır. Əlbəttə, uzun illər boyu ünsiyyət saxlayan və mühüm məsələləri birlikdə həll edən həmkarlar kimi, bizi narahat edən bütün məsələləri bu cür açıq, səmimi şəraitdə müzakirə etməliyik".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçılarının sammitində çıxışında deyib.

İlham Əliyev deyb ki, Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq.

İqtisadi sahədə, investisiyalar sahəsində yaxşı təcrübəmiz var və bu gün biz, əlbəttə, narahatlıq doğuran məsələlərə, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də diqqət yetiririk. Əlbəttə, sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir. Yaxın Şərqdə, Avropanın bir hissəsində vəziyyət əlbəttə, adekvat qiymət verilməsini tələb edir. Yəqin ki, hər bir ölkə öz əməli fəaliyyəti ilə etimad tədbirlərinin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə çalışmalıdır.

Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə təsəvvür edirik. Hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəlib. Əlbəttə, siyasi iradə kimi, iqtisadi potensial da burada mühüm rol oynayır. Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu fəal əməkdaşlığı nəqliyyat sahəsində də müşahidə edirik. Bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti çərçivəsində biz Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik.

Zənnimcə, MDB məkanında çox yaxşı imkanlar var. Onların bir hissəsi artıq reallaşıb. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə bağlayır və əməkdaşlıq, habelə əlavə mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır.

Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və onun təşəbbüsü ilə başlanmış layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Bu sahədə investisiya layihələri, qüvvələrin bu istiqamətdə daha artıq əlaqələndirilməsi üçün yaxşı imkanlar var. Ona görə ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizliyi məsələləri ilə birbaşa bağlıdır. Əlbəttə, kifayət qədər enerji ehtiyatları olan ölkələrin üzərinə öz tərəfdaşlarının və qonşularının enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində daha böyük məsuliyyət düşür.

Biz humanitar əməkdaşlığa böyük əhəmiyyət veririk. Fikrimcə, bu, hər halda bizim təşkilatın həyat fəaliyyətinin əsasıdır. Bir neçə gün bundan əvvəl Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumu keçirildi. Həmin Forumda bizim ölkələrin nümayəndələri ilə yanaşı, 60-dan çox ölkənin təmsilçiləri iştirak edirdi. Dinlərarası dialoq, sivilizasiyaların dialoqu, multikulturalizm ilə bağlı humanitar əməkdaşlıq məsələləri çox aktualdır.

Zənnimcə, ölkələrimizin müsbət təcrübəsi göstərir ki, multikultural cəmiyyət inkişafın yeganə yoludur. Dünya ölkələrinin mütləq əksəriyyəti çoxkonfessiyalı, çoxlu millətlərin nümayəndələrinin yaşadığı ölkələrdir. Monoetnik ölkələr istisnadır. Odur ki, humanitar əməkdaşlıq, müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkə, hər bir ölkənin milli həmrəyliyi, habelə bizim əməkdaşlığımız üçün vacibdir. Çünki bizim təşkilat çərçivəsində tarixləri, mədəniyyətləri, dinləri müxtəlif olan ölkələr təmsil olunub və bizi ümumi maraqlar, ümumi əməkdaşlıq birləşdirir.

Digər tərəfdən MDB-nin bir təşkilat kimi topladığı müsbət təcrübə bütövlükdə mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı problemlərin həlli üçün də faydalı ola bilər. Başqa sözlə, demək istərdim ki, biz bundan sonra da MDB-nin işində fəal iştirakımızı davam etdirəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm