Müsavatda gizli qrup ifşa oldu, istefalar başladı - son söz İsa Qəmbərindir
Bizi izləyin

Nida.az

Müsavatda gizli qrup ifşa oldu, istefalar başladı - son söz İsa Qəmbərindir

Müsavat Partiyasının gizli qrupu peyda olub.

Publika.az xəbər verir ki, sentyabrın 27-də keçirilən qurultayda başqan seçilər Arif Hacılının tərəfdarları ilə əleyhdarları arasında qızğın söz savaşı gedir. Bu günlərdə A. Hacılının tərəfdarlarının gizli qrupa sahib olduqları və onların bir sıra şəxsi yazışmaları “facebook”-da yayıldığı xəbəri ortaya çıxdı. Misal üçün, yayılan “screen-şotlar”ın birində Qubad İbadoğlunun görüşü müzakirəyə çıxarılır: “Dostlar, nə deyirsiniz? Qubad bəy görüşə gəlir, bunu dəyərləndirmək olar? Ortamı xeyrimizə çevirə bilsək, mətbuata nə çıxarda bilərik? Bəlkə, onu orda suallarla zərərsizləşdirək?”

Ardınca buna verilən cavablar da maraqlıdır.

Belə ki, A. Hacılının qardaşı Mustafa Hacıbəyli “partiyaya çamur atıb təkliflərin arxasında gizlənirlər” deyə bildirib.

Arif Hacılının əsas tərəfdarlarından olan Azər İsmayıl isə “təkliflərdə ciddi qüsur var, bu təklifləri təhlil edib təpələrinə vurmaq lazımdır” deyə yazıb.

Başqa bir “screen-şot”da isə “Bir dəstə Qubadist Müsavat Partiyasının axırına çıxmaq istəyir. Hər cür iftiralarla, şər-böhtanlarla üstümüzə gəlirlər. Bu saxtakar qrupun ağzından vuran olmayacaq” deyə bildirilir.

Təbii ki, bu yazışmaların nə dərəcədə orijinal olduğunu demək çətindir, amma bütün hallarda Müsavat daxilindəki gizli savaşın olduğunu ortaya çıxardır.

Qubad İbadoğlu Müsavatdakı gizli qrupa münasibət bildirib. Bundan təəssüf etdiyini deyən Q. İbadoğlu bunu səviyyə göstəricisi adlandırıb. Bildirib ki, bəzi adamlarda hələ də bolşevik təfəkkür qalır.

Yazışmalarda adı keçən müsavatçılarsa bu qrupun Arif Hacılıya məxsus olduğu iddiasını təkzib edir.

Bu arada gizli qrup Müsavatda istefalara səbəb olub. Belə ki, 11 gənc məhz bu qrupun mövcudluğu və təhqir edilmələri səbəbi ilə partiyadan istefa verib. İstefa verənlər İlham İlhamoğlu, Nəcmi Davudzadə, Rauf Məmmədli, Elçin Cərullayev, Rasim Əhməd, Elsevər Əhməd, Amanxan Amanxanlı, Firuz Oruclu, Daşqın Ağayevdir.


Onlardan yalnız biri Nəcmi Davudzadə istefa səbəbini belə açıqlayıb: “Bu andan mən də Müsavat Partiyasından istefa verirəm. Müsavata uğurlar arzu edirəm. O gün olsun Müsavatda da demokratiya olsun və diktatordan canı qurtarsın. Hamınıza uğurlar. Dəyərli vaxtınızı boş-boş siyasi oyunlara xərcləməyin. Mən xərclədim və peşman oldum”.

Publika.az-a fəal müsavatçıların birinin verdiyi məlumat isə olduqca maraqlıdır. Belə ki, partiya fəalı deyir ki, İsa Qəmbər sakit görünsə də, prosesləri izləyir və onun qərarı ilə hər şey həll olunacaq.

“Tərəflərin bir-birinə qarşı bu tipli hücumları, kompromatların hazırlanması, faktların ortaya çıxarılması da məhz İsa Qəmbərin qərarına təsir etməkdir”, - deyə mənbə vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm